TÜRKİYƏ-RUSİYA BİRGƏ MONİTORİNQ MƏRKƏZİ BÖLGƏDƏ SÜLHÜN TƏMİN OLUNMASINA XİDMƏT EDİR
Digər xəbərlər

TÜRKİYƏ-RUSİYA BİRGƏ MONİTORİNQ MƏRKƏZİ BÖLGƏDƏ SÜLHÜN TƏMİN OLUNMASINA XİDMƏT EDİR

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə ötən il sentyabrın 27-də əks-hücum əməliyyatıyla zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal altında qalan torpaqlarımız azad olundu. Beləliklə, 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Ən əsası Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Bununla da Azərbaycan 30 il düşmən tapdağında olan doğma torpaqlarına qovuşdu.

Dövlətimizin və Ordumuzun bu qələbəsi Azərbaycana dost münasibəti bəsləyən bütün xalqları da məmnun etdi. Xüsusilə qardaş Türkiyə və türk cəmiyyəti əks-hücum əməliyyatları başlayan ilk gündən Azərbaycana dəstəyini bildirdi, həm siyasi, həm mənəvi birlik nümayiş etdirdi. Təbii ki, bütün bunlar tarixi qardaşlıq, dostluq, qarşılıqlı etimad, səmimi, yüksək səviyyəli münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmliyinin təzahürüdür.

Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə bağlılıqlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni mərhələyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Belə töhfələrdən ən əsası isə bu il yanvarın 30-da Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılmasıdır. Bu, bir daha təsdiq etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır, iki ölkə arasında hərbi əməkdaşlıq, dostluq münasibətləri üzərində qurulub və bu əməkdaşlıq inkişaf edərək daha da möhkəmlənəcək. İnanırıq ki, Türkiyənin Azərbaycanla strateji əməkdaşlığı artaraq səmərəli fəaliyyət göstərəcək, əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsində böyük rol oynayacaq. Eyni zamanda inanırıq ki, Mərkəzdə türkiyəli və rusiyalı həmkarlar arasında dost və işçi münasibətləri yaranacaqdır. Mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin imzaladığı üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Mərkəzin açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin müdafiə nazirinin müavini Yunis Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak ediblər.

Qeyd edək ki, 2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri bu mərkəzin yaradılması barədə memorandum imzalamışdılar. Məlumat üçün deyək ki, Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Orada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, məişət xidməti obyektləri də var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub. Mərkəzin mühafizəsini Azərbaycan Ordusunun hərbi qulluqçuları həyata keçirirlər.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qərargahı paritet əsasda qurulub, hər tərəfdən bərabər sayda nümayəndə təmsil olunur. Türkiyə hərbçilərinə general-mayor Abdullah Qatırçı, ruslara isə general-mayor Viktor Fedorenko komandanlıq edir. Mərkəz atəşkəs rejiminə necə riayət olunması barədə məlumatları toplayır, yoxlayır və ümumiləşdirir. Nəzarət pilotsuz uçuş aparatları və digər texniki vasitələrdən istifadə olunmaqla həyata keçirilir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.