Türkiyə Səyyahlar Klubunun heyəti Şuşaya səfər edib
Türk dünyası

Türkiyə Səyyahlar Klubunun heyəti Şuşaya səfər edib

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə gəliblər. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gələn qonaqlara heykəllər barədə məlumat verilib. Qeyd olunub ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Səyyahlar sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Xarici səyahətçilər sonda Cıdır düzündə olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Qonaqlar daha sonra Ağdama yola düşüblər.

Beynəlxalq səyahətçilərin 3 günlük səfəri işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasında müstəsna əhəmiyyət daşıyır. Vətən müharibəsinin ikinci ildönümü günlərində mütləq əksəriyyəti beynəlxalq səyahətçilər klublarının üzvləri olan Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyətinin 29 Oktyabr - Türkiyənin Cümhuriyyət Bayramını (99 illik) məhz Şuşada bayram etməsi rəmzi xarakter daşıyır.

Ötən il dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

AZƏRTAC