Türkiyə: Tarixin çətin dövrlərində özünü büruzə verən qardaşlıq
Türk dünyası

Türkiyə: Tarixin çətin dövrlərində özünü büruzə verən qardaşlıq

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Bu gün  Azərbaycan müstəqilliyinin bərpasının  30 yaşını qalib xalq kimi qeyd edir. Çünki 44 günlük müqəddəs Vətən müharibəsində  xalqımız dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə vurdu və 30 illik işğala son qoyaraq Qarabağ münaqişəsini tarixə qovuşdurdu.

Müstəqilliyimizin  bərpasının 30-cu ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər təşkil olunur, konfranslar keçirilir və Azərbaycana təbrik mesajları ünvanlanır. Qardaş Türkiyədən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu da  müstəqilliymizin  bərpasının 30-cu ildönümü münasibətilə xalqımızı  təbrik edib. Müstəqilliyimizin bərpası uğrunda mübarizədən danışan  S.Karakoyunlu deyib: “Azərbaycan xalqı öz müstəqilliyi uğrunda mübarizədə daha da gücləndi, xalqın milli birliyi və həmrəyliyi ən üst səviyyəyə çıxdı. Bu birlik tarixi Vətən müharibəsində də özünü ən gözəl şəkildə göstərdi. Azərbaycan oğulları bir daha öz güclərini bütün dünyaya nümayiş etdirdilər”.

Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkənin məhz qardaş Türkiyə olduğunu vurğulayan dərnək rəhbəri, Türkiyə-Azərbaycan birliyinin əsrlərə dayandığını qeyd edib: “Bu qardaşlıq 1915-ci ildə Çanaqqala müharibəsində Azərbaycan oğullarının Türkiyə uğrunda canlarından keçməsi, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını və ətraf bölgələri işğaldan azad etməsi, tam bir il əvvəl isə Azərbaycanın Vətən müharibəsi kimi tarixin müxtəlif dövrlərində özünü ən gözəl şəkildə büruzə verib. Azərbaycan Qafqazın, eləcə də bölgənin parlayan ulduzudur. Ölkənin inam və sabitliklə inkişafı hər gün bir az daha heyranlıq və təqdirlə izlənilir ki, bu da qardaş Türkiyə üçün qürurvericidir. Bir daha can Azərbaycanı təbrik edir, müstəqilliyin əbədi olsun deyirəm”.

Esmira Yazkan ASLANOVA,

 “Respublika” qəzetinin Türkiyə üzrə müxbiri.