Türkiyə  universitetləri   ilə  əməkdaşlıq  gücləndirilir
Digər xəbərlər

Türkiyə  universitetləri   ilə  əməkdaşlıq  gücləndirilir

Azərbaycan Texniki Universiteti (AzTU) beynəlxalq   əlaqələrini   ildən- ilə   genişləndirir. Universitetin  mətbuat  katibliyi  bildirir  ki,  bu günlərdə rektor Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul, Qebze və Çorum şəhərlərinə səfər edib. Səfər çərçivəsində AzTU-nun nümayəndə heyəti Boğaziçi, İstanbul Texniki, Hitit universitetlərində, həmçinin TÜBİTAK BİLGEM, Bilişim Vadisi və SAHA İstanbulda (SAHA İstanbul Müdafiə Aerokosmik Klasteri) bir sıra görüşlər keçirib.

Boğaziçi Universitetində rektor Mehmet Naci İnci və universitetin nümayəndə heyəti ilə görüş zamanı birgə beynəlxalq konfransların təşkili, informasiya texnologiyaları və iqtisadi sahələrdə tədqiqatların həyata keçirilməsi müzakirə olunub.

İstanbul Texniki Universitetinin (İTÜ) rektoru İsmayıl Koyuncu və universitetin nümayəndə heyəti ilə görüşdə enerji, logistika, qabaqcıl nəqliyyat texnologiyaları, elmi nəşrlər və birgə tədris mövzularında, həmçinin AzTU müəllimlərinin İTÜ-yə təcrübəyə göndərilməsi ilə bağlı müzakirələr aparılıb.

TÜBİTAK BİLGEM-də görüş zamanı BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədris təcrübəsinin öyrənilməsi, bu istiqamətdə AzTU-da oxşar laboratoriyanın yaradılması ilə bağlı  təkliflər irəli sürülüb.

Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu ilə görüşdə isə AzTU-da texnopark qismində “Bilişim Vadisi Bakı Mərkəzi”nin yaradılması, həmçinin Bilişim Vadisinin keçirdiyi startap müsabiqələrində AzTU tələbələrinin iştirak imkanları müzakirə olunub.

SAHA İstanbulun baş direktoru İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə təlimlərin və elmi-tədqiqat işlərinin həyata keçirilməsi, SAHA İstanbulun SAHA Akademiyasının MBA proqramının Azərbaycanda tətbiqi imkanlarından söhbət açılıb. 

Hitit Universitetinin rektoru Ali Osman Öztürk və universitetin nümayəndə heyəti ilə görüşdə mühəndislik və qida texnologiyaları sahələrində birgə tədris və tədqiqat fəaliyyətinin həyata keçirilməsindən danışılıb.

Nəriman   CAVADOV,

“Respublika”.