Türkiyə: Ürəyimiz Qərbi Azərbaycanla döyünür
Digər xəbərlər

Türkiyə: Ürəyimiz Qərbi Azərbaycanla döyünür

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr və ən əsası bizim tariximiz təsdiqləyir. Zamanın axarında heç bir tarixi həqiqət itməmişdir. Elə bu səbəbdən də ermənilərin həmin istiqamətdə apardıqları siyasət uğursuz olmuşdur. Çünki tarixi həqiqəti sübut edəcək mənbələrimiz - sənədlər və xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritələr bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir. Biz tarixi mənbələrə əsaslanaraq deyə bilərik ki, indiki Ermənistan ərazisində tarix boyu azərbaycanlılar yaşayıb. Ancaq tarixin müxtəlif vaxtlarında vətəndaşlarımız öz doğma torpaqlarında yaşamaqdan məhrum edilmiş, bu yerlərdən zorla qovulmuşlar.

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, 1920-ci illərdə sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız olan Qərbi Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir.

Qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunması çox faciəli, dəhşətli hadisələrlə müşahidə olunan bir proses olub. Təxminən yüz il ərzində müxtəlif vaxtlarda azərbaycanlıların qədim torpağı olan Qərbi Azərbaycandan köçürülməsi, qovulması üçün ermənilər müxtəlif faciələrə, soyqırımlarına, qırğınlara, zorakılıqlara əl atıblar. Zaman-zaman burada onları himayə edən güclər vasitəsilə ermənilər tərəfindən törədilən hadisələr soydaşlarımızın tarixən yaşadıqları, onlara məxsus olan ərazilərdən qaçqın düşməsi, məcburən köçməsi ilə nəticələnib.

Qərbi Azərbaycana qayıdış hər şeydən əvvəl, tarixi ədalətin bərpası baxımından vacibdir. Çünki bu torpaqlar tarixən Azərbaycan ərazisinin bir hissəsi olub. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra çar Rusiyası dünyanın müxtəlif ölkələrindən minlərlə erməni ailəsini bu əraziyə köçürüb, ermənilər hesabına özünə sosial baza yaratmaq, onlardan Türkiyə və Azərbaycana qarşı istifadə etmək məqsədi güdüb. Nəticədə azərbaycanlılar öz doğma torpaqlarından sıxışdırılıb, onların bir çoxu üzləşdikləri təzyiqlər və zorakılıqlar səbəbindən digər bölgələrə köç etmək məcburiyyətində qalıblar.

Çar Rusiyasının təzyiqlərinə davam gətirə bilməyən ailələrdən biri də əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan Şıktaşlar ailəsi olub. Şıktaşlar ailəsi 1890-cı illərdə doğma vətənlərindən zorla qovularaq Gəncədə məskunlaşıblar. Uzun zaman Gəncədə yaşadıqdan sonra Iğdıra köçüblər. Bəziləri Karakoyunlu, bəziləri isə Göykçeli adlı kəndə yerləşiblər.

"5-6 yaşım vardı. O zamanlar babam bütün nəvələrini başına toplayıb ermənilərin onların başlarına gətirdiyi zülmlərdən danışardı. Deyərdi ki, böyüdüyünüz zaman övladlarınıza ermənilərin bizim torpaqlarımıza necə sahib çıxdıqlarını, bizim öz dədə-baba yurdumuzdan zülm ilə qovulduğumuzu, ən əsası, erməninin Türk düşməni olduğunu və onların bizlərə yaşatdıqları işgəncələri söyləyərsiniz. Bizim qisasımızı alarsınız, oğlum deyərək ağlayardı". Bu xatirələri bizimlə Iğdırın Karakoyunlu vilayətində yaşayan, ''Yeşil Iğdır'' qəzetinin müxbiri, 1500-dən çox şeir və 3 kitabın müəllifi, şair Emir Şıktaş bölüşüb. E.Şıktaş həm də bir Azərbaycan sevdalısıdı. Kitablarındakı şeirlərinin çoxu Azərbaycana, Qarabağa, Gəncəyə, İrəvana, Şuşaya və Xocalı soyqırımına həsr olunub.

Garabağdan uçan turnam,

Soruş, elim ne haldedi?

Kelbecerden geçen turnam,

Göyce gölüm ne haldedi?

 

İrevan, Zengezur yurdum,

Bağrıma taş basıp durdum,

Gelene, geçene sordum,

Doğan uğrum ne haldedi?

E.Şıktaş deyir ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldakı torpaqlarını azad etməklə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz haqqını qorumağı bacarır.

Prezident İlham Əliyevin qətiyyəti, əzmi onu göstərir ki, Azərbaycan gec-tez bu istəyinə də nail olacaq və Qərbi Azərbaycana qayıdış reallaşacaq. Mən buna inanıram və əminəm ki, hər keçən gün bizləri o günlərə bir addım daha da yaxınlaşdırır. Bax, o zaman nənə və babalarımızın ruhları şad, bizim arzularımız isə çin olacaq.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.