Türkiyə: Zəfər Günü böyük coşqu ilə qeyd olunub
Diaspora

Türkiyə: Zəfər Günü böyük coşqu ilə qeyd olunub

İstanbul

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü ilə İstanbul Dəniz Muzeyində "Qarabağ Azərbaycandır!" mövzusunda beynəlxalq uşaq rəsm sərgisi təşkil olunub. Sərgidə azərbaycanlı və türkiyəli uşaqların 1992-ci ildən günümüzə kimi Birinci Qarabağ müharibəsinə, Xocalı soyqırımına, 20 Yanvar hadisələrinə, eyni zamanda, Zəfər Gününə həsr olunan yüzdən artıq əsəri nümayiş etdirilib.

Tədbirdə çıxış edən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, 8 Noyabr - Zəfər Gününün ölkəmizin tarixində ən parlaq və unudulmaz günlərdən biri olduğunu qeyd edib. Bildirib ki, iki il bundan əvvəl noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Şuşa şəhərini işğaldan azad edib və 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə işğalçılar tərəfindən törədilmiş kütləvi dağıntılardan sonra - "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyası əsasında hazırda ərazilərin bərpası istiqamətində genişmiqyaslı fəaliyyətə başlanıldığını və artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atıldığını qeyd edib. Baş konsul həmçinin, 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə dəstəyi haqqında ətraflı məlumat verib.

Mərasimdə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov şanlı Zəfərimizə həsr olunmuş uşaq rəsm sərgisinin açılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğal altında olan torpaqlarımız işğaldan azad olunub. Azərbaycan xalqının əzmi və iradəsi, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin edib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşmən tapdağında olan şəhər və kəndlərimizi daşnak tör-töküntülərindən təmizləyib, qəhrəman əsgər və zabitlərimiz addım-addım irəliləyərək düşməni diz çökdürüb, işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib. Bunun ardınca Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycana qaytarılıb, beləliklə də, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Beşyaşlı Nərgiz Bağırovanın "Mən Zəfərin qızıyam" mövzusunda əsəri Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna hədiyyə edilib.

Tədbirdə Milli Məclisin deputatları Ağalar Vəliyev, Anar Məmmədov, muzeyin rəhbəri polkovnik Eren Günay və digərləri iştirak ediblər.

***

İstanbulun Kadıköy rayonunda da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bayram tədbiri İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. Tədbir Qarabağda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, İstiqlal Marşı və Azərbaycan Himninin oxunması ilə başlayıb.

Tədbirdə çıxış edən İSTAD sədri Səfər Karakoyunlu bildirib ki, bütün türk dünyası çox xoşbəxt günü qeyd edir: "30 ilə yaxın biz Azərbaycanın dərdlərindən kədərləndik, Türk Dünyasının dərdi ilə üzüldük. Amma bu günə şükürlər olsun ki, Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti sayəsində biz bu xoşbəxtliyi burada paylaşırıq". Azərbaycan torpaqlarının 20 faizinin dünyanın gözü qarşısında işğal olunduğunu və bu fakt qarşısında dünya ictimaiyyətinin bir qisminin biganə qaldığını xatırladan dərnək sədri Azərbaycanın Qarabağ bölgəsinin böyük qəhrəmanlıqlar və Türkiyənin mənəvi dəstəyi nəticəsində azadlığa qovuşduğunu bildirib.

Tədbirdə Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağasoy, TDSP sədri Serdar Şahin, Kartal Bələdiyyəsinin sədri Vəkili Gülcemal Fidan, Ardahan İl Dərnəyinin Fəxri sədri Əhməd Demirbaş, İSTAD Qadın təşkilatının sədri Nebahat Ayrım Kirman çıxış edərək Zəfər Gününün məna və əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, tədbirdə ictimai-siyasi təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Onu da qeyd edək ki, şanlı Zəfərin ikinci ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən 15 İyul - Şəhidlər körpüsü, eləcə də tarixi Qalata Qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb. Tədbir ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin aidiyyəti qurumlarının dəstəyi ilə baş tutub.

Ankara

44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyi, Qazi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə "Şuşa bizimdir", "Qarabağ bizimdir", "Qarabağ Azərbaycandır" adlı tədbir keçirilib. Qazi Universitetində təşkil olunan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız, təcavüzkar Ermənistan tərəfindən otuz il işğal altında saxlanılan torpaqlarımızda hər şeyin dağıdılaraq məhv edilməsindən danışıb. Rektor bildirib ki, möhtəşəm Zəfərin qazanılması sayəsində bu torpaqlarda böyük quruculuq işlərinə başlanılıb. O, Azərbaycan və Türkiyənin bu tarixi prosesdə hər zaman çiyin-çiyinə çalışdığını vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsində qazanılmış parlaq Qələbənin mənəvi mahiyyətinə toxunaraq bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu Zəfərlə qürur duyur. Rəşad Məmmədov mədəniyyət paytaxtımız olan Şuşanın Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan və Türkiyə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldıran "Şuşa Bəyannaməsi''nin məhz bu şəhərdə imzalanmasnın önəmini vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov, Qarabağ Zəfərinin qazanılmasında Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli mənəvi-siyasi dəstəkdən bəhs edərək əminliklə diqqətə çatdırıb ki, iki qardaş ölkənin müttəfiqlik münasibətləri əbədiyyətə qədər qorunacaq.

Ankara Universitetinin rektoru Necdət Ünüvar çıxışında Türkiyə-Azərbaycan tarixi münasibətlərinə geniş yer ayıraraq vurğulayıb ki, Türkiyə cəmiyyətində Azərbaycana olan sevgi tükənməzdir. Türkiyə və Azərbaycan bundan sonra da bərabər olacaqlar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Eldar Aslanov "Vətən müharibəsi və nəticələri" mövzusunda məruzə edib və münaqişənin həlli üçün göstərilən səylərdən danışıb. O vurğulayıb ki, Azərbaycana qarşı yönəldilən qərəzli ittihamlara baxmayaraq, ölkəmiz öz gücü sayəsində 30 illik amansız işğala son qoyub.

Çıxışlardan sonra təltiflər təqdim edilib.

Qazi Universitetinin nəzdindəki Türk Dünyası Təcrübə və Tədqiqat Mərkəzinin müdiri Alev Çakmakoğlu Kuru Şuşada Ermənistan tərəfindən türk-müsəlman izlərinin silinməsi istiqamətində aparılan sistematik vandalizm aktlarından danışıb.

Zəfər tədbiri Xocalı soyqırımı və Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş lövhənin Qazi Universitetində yerləşdirilməsi ilə başa çatıb.

***

Ankarada Zəfər Gününə həsr olunmuş digər tədbir "Qarabağ Zəfəri Konfransı: Azadlığa qovuşan əzəli Vətən" başlığı altında keçirilib. Konfrans çərçivəsində Azərbaycanın 44 günlük müharibədə qələbəsi haqqında çıxışlar edilib.

Açılış nitqi ilə çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fahrettin Altun, Türkiyənin Azərbaycanı haqlı mübarizəsində heç bir zaman tək buraxmadığını bildirib: "Qarabağ Zəfəri Azərbaycan və Türkiyə başda olmaqla bütün türk dünyasının dostluq və qardaşlığının nişanəsi olub. Bu gün görürük ki, bəzi dairələr zəfərimizə kölgə salmağa çalışırlar. Biz erməni lobbisinin təbliğatına qarşı mübarizə apararaq həqiqəti dünyaya çatdırdıq və bunun nəticəsini gördük. İnformasiya cəbhəsində mübarizəmiz hələ də davam edir. Azərbaycan və Türk milləti ermənilərin Qarabağda törətdiklərini heç bir zaman unutmayacaq".

Ermənistan-Azərbaycan münaqişəsinin aspektləri konfransın fərqli panellərində də müzakirə olunub.

Avrasiya Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Ortadoğu Texniki Universitetinin tarix kafedrasının əməkdaşı Maksim Gauin XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışaraq, bu faktlara Qərb mediası tərəfindən göz yumulduğuna diqqət çəkib. O əlavə edib ki, ermənilər XIX əsrdə Qafqazda azlıq təşkil edirdilər, Rusiya imperiyasının siyasəti nəticəsində bu ərazilərdə yerləşdiriliblər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin fikrincə isə Azərbaycan və Türkiyənin Ermənistan tərəfi və onun təxribatlarını dəstəkləyən bəzi Qərb ölkələri ilə mübarizəsi hələ də davam edir: "Güman edirəm ki, bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər, lakin ermənilərin Qarabağı Azərbaycandan ayırmaq planları hələ də qalmaqdadır. Türkiyəyə gəldikdə, onun Cənubi Qafqazda çox önəmli və stabilləşdirici rolu var. Bəziləri buna qısqanclıqla, bəziləri də heyrətlə baxır".

İştirakçılar, həmçinin, Ermənistanın Azərbaycan ərazilərində törətdiyi qətliam və dağıntıların məsuliyyətindən boyun qaçırmağa çalışdığını, Azərbaycan və Türkiyənin bu istiqamətdə atacaq hüquqi addımların vacibliyini də vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində Birinci Qarabağ və Vətən müharibəsinə dair videoçarx nümayiş olunub.

Bursa

Böyük coşqu ilə qeyd edilən tədbir Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi, Gənc Azərbaycanlılar Dərnəyi və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı, Uludağ Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Birliyinin tələbələrinin dəstəyi ilə baş tutub.

Əvvəl şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin sədri Lətifə Nağdəliyeva Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində 44 günlük Vətən müharibəsinin erməni işğalına son qoyduğunu, torpaqlarımızın azad edildiyini, noyabrın 8-nin Azərbaycan tarixinə Zəfər Günü kimi həkk olunduğunu bildirib. O qeyd edib ki, Ermənistanın hərbi təxribatları və davamlı təcavüzü qarşısında Azərbaycan əks-hücum əməliyyatına başlamalı olub. Azərbaycanın iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi, eləcə də xalqımızın əzmi və iradəsi sayəsində bu əməliyyat ölkəmizin qələbəsi ilə başa çatdı. Lətifə Nağdəliyeva bu tarixi hadisə nəticəsində liderlərimiz tərəfindən imzalanan Şuşa Bəyannaməsini Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb.

Tədbirdə Bursa Bələdiyyəsinin sədrinin müavini Süleyman Çelik, Bursada müalicəsi davam etdirilən Vətən müharibəsi qaziləri, QHT-lərin nümayəndələri, yerli sakinlər iştirak ediblər. Türkiyəli müəllim Nagihan Keresteci iştirakçılara Xarıbülbülün hekayəsini danışıb.

Tədbir Azərbaycan milli musiqilərindən ibarət bədii hissə ilə davam etdirilib. Sonda Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyi adından sənətçilərə plaketlər, proqramın təşkilati işlərində könüllü olaraq dəstək göstərən tələbələrə isə təşəkkürnamələr təqdim olunub.

Onu da qeyd edək ki, Türkiyənin İzmir, Ərzurum, Manisa və bir çox şəhərlərində 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin ikinci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.