Türkiyədə Azərbaycanın şanlı Zəfərinin ikinci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Diaspora

Türkiyədə Azərbaycanın şanlı Zəfərinin ikinci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

İstanbul

Azərbaycanın şanlı Zəfərinin ikinci ildönümü münasibətilə keçirilən bayram tədbiri ölkəmizin İstanbuldakı Baş Konsulluğu və İstanbulun Tuzla Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

İlk öncə iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bayram tədbirində Türkiyənin, eləcə də ölkəmizin Türkiyədə fəaliyyət göstərən diplomatik və konsulluq nümayəndəliklərinin əməkdaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva 30 ilə yaxın erməni işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin tarixi, işğal dövrü ərzində bu ərazilərdə törədilən vandalizm aktları, əsrlər boyu ermənilərin azərbaycanlılara, o cümlədən türklərə qarşı törətdikləri soyqırımı aktları haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı Zəfərdən danışıb. Baş konsul 8 Noyabr - Zəfər Gününün xalqımızın ən önəmli tarixlərindən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana mənəvi dəstək göstərməsindən, ciddi diplomatik addımların atılmasından danışıb. O, informasiya dəstəyi baxımından media ilə yanaşı, vətəndaş cəmiyyətinin də fəallığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Tuzla Bələdiyyəsinin sədri Şadi Yazıcı Azərbaycanın qazandığı Qələbənin 30 illik həsrətə son qoyduğunu və böyük Zəfərin türk dünyası üçün müstəsna əhəmiyyətini vurğulayıb. Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi müdrikliyi, Azərbaycan Ordusunun gücü nəticəsində əldə edilən Qələbəni bütün türk dünyasının Zəfəri adlandıran Ş.Yazıcı Azərbaycanın tarixi ədaləti bərpa edərək qazandığı şanlı Zəfərin bütün türk dünyasının qürur qaynağına çevrildiyini bildirib.

 Şuşa Bəyannaməsi haqqında danışan natiqlər bu tarixi sənədin gələcək nəsillərə yol göstərdiyini, hər iki qardaş ölkənin tarixin bütün dövrlərində bir-birinə dəstək olduğunu, dünyada analoqu olmayan bu qardaşlığın "bir millət, iki dövlət" prinsipi əsasında qurulduğunu qeyd ediblər.

Mərasim əsnasında Azərbaycanın şanlı Qarabağ Zəfərinə gedən yolu, Azərbaycan və Türkiyə qardaşlığını özündə əks etdirən "Bir millət, Bir Zəfər" adlı fotosərgi açılıb.

Tədbir "Zəfər" konsert proqramı ilə davam etdirilib.

 

BURSA

Türkiyənin Bursa vilayətində Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə "Şuşa günləri" keçirilib. Tədbir Türkiyədə fəaliyyət göstərən "Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı" və "Azərbaycan deyincə" (GİM AZDER) dərnəklərinin təşəbbüsü və təşkilatçılığı, Bursa Osmanqazi Bələdiyyəsi və bir sıra digər qurumların dəstəyi ilə baş tutub.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra iki ölkə arasındakı qardaşlığı əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən dərnəklərin sədri Hüseyn Vəliyev, Bursanın Keles Bələdiyyəsinin sədri Mehmet Keskin Qələbəyə gedən yol və Türkiyə-Azərbaycan qardaşlığından bəhs ediblər.

Qeyd olunub ki, bu tarixi Qələbəyə gedən yolda qardaş Türkiyə böyük siyasi və mənəvi dəstəyi ilə daim Azərbaycanın yanında oldu. Şuşa Bəyannaməsi isə iki qardaş ölkə arasındakı tarixi əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltdi.

Natiqlər işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin apardığı bərpa-yenidənqurma işlərini xüsusi vurğulayıblar. Tədbir çərçivəsində Türkiyənin bir sıra ictimaiyyət nümayəndələrinə "Türkiyə-Azərbaycan arasındakı dostluq və qardaşlığa verdiyi töhfələrə görə təşəkkür" plaketləri təqdim edilib.

Tədbirdə Azərbaycan və Türkiyənin milli musiqilərindən nümunələr səsləndirilib, şeirlər oxunub.

Esmira Yazkan ASLANOVA,

 ''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.