Türkiyədə baş verən zəlzələ bütün türk dünyasının faciəsidir
Türk dünyası

Türkiyədə baş verən zəlzələ bütün türk dünyasının faciəsidir

Azərbaycan-Türkiyə qardaşlığı illərin sınağından çıxmış, sarsılmazlığını, dönməzliyini ən mürəkkəb vəziyyətlərdə, ən çətin zamanlarda isbat etmişdir. Bu gün tarix bu qardaşlığı bir daha sınadı. Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycanda da xalqın sonsuz kədər və sarsıntısına səbəb oldu.

Zəlzələnin baş verdiyi gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı verdi, yaralananların tezliklə şəfa tapmasını dilədi. Həmin gün FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başladılar. Bunun ardınca daha iki təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı yola salınıb. Ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunmuş hospitalda FHN-in peşəkar tibbi heyəti xidmət aparır. Ümumilikdə indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.

Əlbəttə ki, türk qardaşlarımıza yardım kampaniyasının ən fəal iştitakçılarından biri də Heydər Əliyev Fondudur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Fond tərəfindən qardaş ölkəyə dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək, digər tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərilib. Həmçinin, Türkiyənin ölkəmizdəki səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Bakı şəhərində yardım kampanyasına start verib. Qeyd edək ki, paytaxt Bakı ilə yanaşı, respublikamızın  bütün regionlarında qardaş Türkiyəyə dəstək aksiyaları keçirilir. Azərbaycan xalqı Türkiyədə baş vermiş güclü zəlzələdən zərər çəkən qardaşlarına kömək üçün sözün əsl mənasında səfərbər olub. Bu məqsədlə, yardım toplama məntəqələrinə axın edən insan izdihamı həqiqi qardaşlığın ən möhtəşəm nümunəsidir.

Türkiyədə baş vermiş zəlzələ təkcə qardaş ölkənin deyil, həm də Azərbaycanın, bütün türk dünyasının faciəsidir. Azərbaycan-Türkiyə qardaşlığı bu ağır sınaqdan da birlikdə və ləyaqətlə çıxacaq. Allah zəlzələ nəticəsində dünyasını dəyişmiş bütün bacı və qardaşlarımıza rəhmət eləsin, yaralılara tezliklə şəfa versin.

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı.