Türkiyəni texnologiya mərkəzinə çevirən “TEKNOFEST
Türk dünyası

Türkiyəni texnologiya mərkəzinə çevirən “TEKNOFEST"

Miqyasına görə dünyanın ən əhəmiyyətli texnologiya, aviasiya və kosmik sənaye festivalı olan "TEKNOFEST-2023 Türkiyə" öz işinə davam edir. İstanbulun Atatürk Hava Limanında rəsmi açılışı olan tədbirə 102 kateqoriya üzrə 1 milyondan çox iştirakçı qatılıb. Onlar raket kompleksi prototiplərinin hazırlanması, robortların dizayn edilməsi, sənayedə rəqəmsal texnologiyaların tətbiqi və pilotsuz uçuş aparatlarının, eləcə də hərbi təyinatlı dronların işlənib hazırlanması ilə yanaşı, minlərlə müxtəlif texnoloji istiqamətlərdə rəqabət aparırlar. Mayın 1-nə kimi davam edəcək festivalda texnologiya yarışları, aviasiya-uçuş, simulyasiya şouları göstəriləcək. "TEKNOFEST-2023 Türkiyə" çərçivəsində Türkiyənin "Bayraktar Kızılelma", "Bayraktar Akıncı" və ilk dəfə olaraq "Bayraktar-TB3" pilotsuz uçuş aparatları da ziyarətçilərə təqdim olunacaq.

Türkiyənin milli texnologiya inqilabı sayılan festival, texnologiya, hərbi təyinatlı aviasiya və kosmik sənaye sahələrində öz xəyallarını reallaşdırmaq istəyən gənclərə böyük imkanlar verir. Belə ki, bu il keçirilən "TEKNOFEST-2023 Türkiyə" festivalında ayrı-ayrı kateqoriyalar üzrə qalib gələn hər bir komandaya 13 milyon lirə mükafat və yarış üçün lazımi ləvazimatların təmin olunması məqsədilə 30 milyon lirəlik maddi dəstək veriləcək. "TEKNOFEST" aerokosmik və texnologiya festivalında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələyə yer verib: "Bildiyiniz kimi, 2018-ci ildə 4 333 müraciətlə bu hadisəyə bismillah dedik. Bu il 81 vilayət və 96 ölkədən 333 min komandaya, 1 milyon rəqib müraciətinə çatdıq. İştirakın artması ilə mükafat və təşviqlərimizin məbləği də artıb. Cəmi 4 milyon TL mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon TL-yə çatıb. İnanıram ki, rekordlar və ilklər festivalı olan "TEKNOFEST"in uğurları artacaq. Artıq birincisini 2018-ci ildə təşkil etdiyimiz "TEKNOFEST" öz sahəsində brendə çevrilib".

Azərbaycan da beynəlxalq tədbirdə öz stendi ilə təmsil olunur. Burada pilotsuz uçuş aparatları, o cümlədən oktyabrın 2-6-da Bakıda "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" mövzusunda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi haqqında məlumat təqdim olunur.

Ümumiyyətlə, "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı tək millət, iki dövlət olan Azərbaycan və Türkiyənin birliyi, həmrəyliyi və qarşılıqlı əməkdaşlığının zirvəsi hesab olunmalıdır. Festival illərdən bəri siyasət, iqtisadiyyat, hərbi sənaye, sahibkarlıq sahələrində davamlı əməkdaşlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin elm, təhsil və texnologiya sahəsində də işbirliyində yeni perspektivlər açır. 2022-ci il mayın 26-29-da "TEKNOFEST"in ilk dəfə Türkiyədən kənarda - Azərbaycanda keçirilməsi də bu əməkdaşlığın yüksək səviyyədə olduğuna işarə edir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın İstanbulda "TEKNOFEST" festivalında iştirakı da bunu sübut edir. İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın qardaş ölkənin texnoloji inkişafının daha bir göstəricisi olan "Togg" avtomobili ilə festivalın keçirildiyi məkana gəlməsi də bu mənada xüsusi əhəmiyyət kəsb edir.

İstanbulda keçirilən "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir: "Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə "TEKNOFEST" Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz "TEKNOFEST"də iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır. Türkiyə böyük Türk dünyasının birləşməsi üçün də çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin Zirvə toplantısında da bütün Türk dövlətləri əziz qardaşıma öz dəstəyini, hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir".

Cənab İlham Əliyev onu da vurğulayıb ki, bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır. Bu ölkənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Türkiyənin güclü sənayesi isə həm özünü, həm də müttəfiqlərini gücləndirir. Yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzinin yaradılacağının açıqlanması da bunun sübutudur. Dövlətimizin başçısı çıxışında bildirib ki, Səlcuq Bayraktar aprelin 3-də Azərbaycanda olarkən "Bayraktar" mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşma əldə olunub, artıq işlərin başladılmasına start veriləcək. İlham Əliyev Səlcuq Bayraktarın Bakıda olarkən ona "Kızılelma"nın bir maketini hədiyyə etdiyini də deyib və qeyd edib ki, yaxın gələcəkdə "Kızılelma"nın Azərbaycan səmasında olacağına ümid edir.

Yekunda onu qeyd etmək lazımdır ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi "TEKNOFEST" - Azərbaycan və Türkiyə birliyinin müasir inkişafdakı yerini və geniş imkanlarını nümayiş etdirən möhtəşəm hadisədir.

Jalə QASIMZADƏ,

"Respublika".