TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ GƏNCƏDƏ  
Digər xəbərlər

TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ GƏNCƏDƏ  

Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Gəncədə səfərdədir. Qonaq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb. Səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Niyazi Bayramov səfiri salamlayıb, qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verib. Şəhər rəhbəri 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olan qardaş Türkiyə xalqı və hökumətinə minnətdarlığını bildirib. Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkün həmin hadisələrdə Gəncə əhalisinin yanında olduğunu xüsusi vurğulayıb. Baş konsulun şəhərin raket atəşinə tutulduğu zamanlarda dərhal hadisə yerlərinə baş çəkdiyini, şəhid dəfnlərində iştirak etdiyini, şəhər əhalisinin də bu nəcib davranışı yüksək qiymətləndirdiyini qeyd edib.

Səmimi qəbula görə şəhər rəhbərinə təşəkkürünü bildirən səfir Cahit Bağçı, elm və mədəniyyət mərkəzi Gəncədə olmaqdan böyük məmnunluq duyduğunu bildirib. O qeyd edib ki, həm siyasi, həm də mənəvi baxımdan Azərbaycanın yanında olan Türkiyə öz qardaşlıq vəzifəsini yerinə yetirib. “Burada istifadə olunan çox gözəl bir ifadə var: biz bir gözümüzlə ağlasaq da, digər gözümüzlə gülürük. Azərbaycan 44 günlük Vətən müharibəsində  şəhidlər versə də, qələbə qazandı, öz ərazi bütövlüyünü bərpa etdi, zəfər sevincini yaşadı. Mən artıq 4 dəfə Qarabağ bölgəsində olmuşam və hər səfər zamanı ayrı bir qürur və sevinc duyuram. Biz Ağdam, Füzuli və digər rayonların dağıdılmağına, yerlə yeksan edilməyinə kədərlənirik. Bilirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti o əraziləri bərpa edəcək, yenidən canlandıracaqdır”, -- deyə səfir qeyd edib.

Rəsmi görüşdən sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncənin Şəhidlər Xiyabanını ziyarət edib, əbədi məşəl abidəsi önünə əklil qoyub. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edərək, onların xatirəsini ehtiramla yad edib. Rəsmi qonaq Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə də baş çəkib. Erməni hərbi cinayətlərinin izləri ilə yerində tanış olan Cahit Bağçı mətbuata açıqlama ilə çıxış edib.

Zabit XƏLİLOV,

“Respublika”.