Türkiyənin Baş ombudsmanı Qarabağda ermənilərtərəfindən dağıdılmış tarixi abidələrin və məkanlarınvəziyyətini araşdıracaq
MÜSAHİBƏLƏR

Türkiyənin Baş ombudsmanı Qarabağda ermənilərtərəfindən dağıdılmış tarixi abidələrin və məkanlarınvəziyyətini araşdıracaq

Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistanın işğalı altında olarkən minalanmış Azərbaycan əraziləri və bu ərazilərdə məhv edilən mədəni-tarixi abidələrlə bağlı hesabat hazırlamaq üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasına müraciət edib. Türkiyənin Baş ombudsmanı və İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri kimi mən Assosiasiyanın pakistanlı baş katibi Müştaq Əhməd Suxera  və digər nümayəndələrimiz ilə birgə bu məsələləri hüquqi baxımdan araşdırmaq üçün  sentyabrın 14-19-da Azərbaycanda olacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Baş ombudsmanı Şərəf Malkoç söyləyib.

Keçən il oktyabrın  21-23-də Azərbaycanda səfərdə olduğunu xatırladan Ş. Malkoç həmin səfər zamanı hazırlanan hesabatın dünya birliyində yüksək effekt doğurduğunu vurğulayıb. O növbəti  səfəri zamanı da hazırlanacaq hesabatın əhəmiyyətli təsiri olacağına ümid etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və bu işğalın BMT-nin müvafiq qərarlarına rəğmən, 30 ilə yaxın davam etdiyini diqqətə çatdırıb. “Bir milyona yaxın insan yurd-yuvasından didərgin düşdü. Bu, ürək ağrıdan və beynəlxalq hüquqa zidd hərəkət idi. Sevindirici haldır ki, ötən il 44 günlük döyüşlərdən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ötən il müharibə vaxtı Ermənistan tərəfindən uzaqmənzilli raketlərlə hədəfə alınan Azərbaycan rayon və şəhərlərində olduq. Qısa zamanda topladığımız sənədlər, dəlillər əsasında hesabat hazırlayaraq ingilis dilinə tərcümə edib başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla, dünyadakı bütün insan haqları qurumlarına göndərdik.  Bunun həm beynəlxalq aləmdə, həm Türkiyədə, həm də Azərbaycanda çox böyük faydası oldu. Birinci hesabatımızın təqdirlə qarşılanması bizə həm əlavə stimul verdi, həm də işimizi intensivləşdirdi.  ümid edirəm ki, hazırlanacaq yeni hesabat da əhəmiyyətli olacaq”, - deyə Ş.Malkoç əlavə edib.

Dünyadakı bütün ombudsmanlıq təşkilatlarının insan haqlarının pozulmasına qarşı mübarizə aparmağa məsul olduqlarını vurğulayan Türkiyənin Baş ombudsmanı deyib: “Dünya ombudsmanlıq təşkilatları öz ölkələrində insan haqlarının qorunmasına, idarə və qurumlarla insanlar arasında hüquqi baxımdan vasitəçi  olmaqla yanaşı, eyni zamanda, bütün dünya insanlarının hüquqlarını qorumaq səlahiyyətinə malikdir. Mən də Ermənistanın minaladığı Azərbaycan ərazilərində  insanların ölüm faktları, mina xəritələrinin verilməməsi üzündən insanların həyatının təhlükədə olması ilə bağlı araşdırma aparacağam. Minalanmış ərazilərin xəritəsinin verilməməsi cinayətdir. Eyni zamanda, yüz illər, min illərlə yaşı olan və zərərçəkmiş tarixi abidələrin, əsərlərin, tarixi məkanları indiki vəziyyətini  obyektiv araşdırılacaq. Bu abidələrin bərpası, tariximizə, mədəniyyətimizə yenidən qaytarılmasının mümkün olub-olmaması da tərəfimizdən öyrəniləcək. Məqsədimiz insanlığa xidmət etmək və bəşəriyyətə qarşı edilən haqsızlığı aradan qaldırmaqdır”.

Hazırlanan ikinci hesabatın Ermənistana da göndəriləcəyini ifadə edən Ş.Malkoç deyib ki, İƏT Ombudsmanlar Assosiasiyası olaraq Azərbaycanın minalanmış ərazilərinin xəritəsi hesabat vasitəsilə Ermənistandan istəniləcək. ümid  edirik ki, insanlıq naminə bu fəaliyyətimiz faydalı olacaq.

Türkiyənin Baş ombudsmanı vurğulayıb ki, Azərbaycanın Qarabağ naminə mübarizəsi təkcə bu ölkə üçün deyil, həm də Qafqazda sülhün və sabitliyin bərpası üçündür. Qafqazda sülh isə həm regionun, həm də insanlığın sülhə nail olunması deməkdir.

Qeyd edək ki, Türkiyənin Baş ombudsmanının Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməklə yanaşı, Şuşa və Ağdama da gedəcəyi gözlənilir.

AZƏRTAC