Türkiyənin Gəncədəki baş konsulu: Qardaşlıq münasibətlərimiz birlik və həmrəyliyimizin bariz göstəricisidir
Türk dünyası

Türkiyənin Gəncədəki baş konsulu: Qardaşlıq münasibətlərimiz birlik və həmrəyliyimizin bariz göstəricisidir

Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Türkiyənin Gəncədəki baş konsulluğunda mətbuat konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bu gün iki qardaş ölkə arasında münasibətləri yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran ilk dövlət olub.

"Biz Azərbaycanla eyni dildə danışan, eyni əqidəyə mənsub, sözdə deyil, ortaq tarixi keçmişi paylaşan iki qardaş xalqıq. Bu baxımdan xalqlarımızın ortaq tarixi, milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Prezidentlərimiz, nazirlərimiz, yüksəkvəzifəli rəhbərlərimiz ilk xarici səfərlərinə Azərbaycandan başlayırlar. Bu ənənəyə uyğun olaraq Qarabağa ilk səfər edən dövlət başçısı da bizim Prezidentimiz olub", - deyə baş konsul bildirib.

Diplomat qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentlərinin 2021-ci il iyunun 15-də Şuşa görüşündə imzaladıqları Şuşa Bəyannaməsi ilə əlaqələrin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sahələrində maksimum səviyyəyə çatdırılması hədəflənib. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələr müəyyən edilmiş hədəflərə uyğun olaraq gündən-günə genişlənir, yeni məzmunlarla zənginləşir.

AZƏRTAC