Türkiyənin qlobal enerji bazarında önəmini artıran layihə
İQTİSADİYYAT

Türkiyənin qlobal enerji bazarında önəmini artıran layihə

Qardaş Türkiyə enerji təhlükəsizliyinin təmin edilməsində daha bir mühüm nailiyyətə imza atıb. Belə ki, aprelin 27-də Türkiyənin ilk "Akkuyu" AES-ə nüvə yanacağı yüklənib. Bununla da "Akkuyu" AES atom elektrik enerjisi obyekti statusu alıb. 1200 meqavatlıq dörd moduldan ibarət, ümumilikdə 4800 meqavat gücə malik atom elektrik stansiyası Türkiyənin elektrik enerjisi istehsalının təxminən 10 faizini qarşılayacaq.

Layihənin enerji istehsalı prinsipi adi istilik-elektrik stansiyasına bənzəyir, uranın parçalanmasından alınan enerjidən istifadə edən nüvə reaktoru dövrədəki suyu qızdırır, nəticədə əldə edilən buxar generatordan turbinə daxil olur və elektrik enerjisi istehsal edilir, elektrik xətləri vasitəsilə istehlakçılara çatdırılır.

Bu tip elektrik enerjisinin istehsalı, həmçinin ekoloji təhlükəsizliyi ilə də seçilir. Belə ki, "Akkuyu" AES ətraf ərazilərin su mühitinə, flora və faunaya təhlükə yaratmayacaq. Bu səbəbdən də stansiya yaxınlığında turistik istirahət zonaları və çimərliklər yerləşdirmək mümkündür, çünki burada insan sağlamlığı üçün heç bir risk yoxdur. Bu tip stansiyaya nümunə olaraq İspaniyada ətrafında müxtəlif turistik məkanlar fəaliyyət göstərən "Vandelos 2" AES-i göstərmək olar.

Türkiyənin iqtisadi inkişafında da bu layihənin özünəməxsus rolu olacaq. Stansiyanın istifadəyə verilməsindən sonra AES-də, həmçinin onun digər müəssisələrində xeyli sayda iş yerləri açılacaq. Nüvə texnologiyasının inkişafı elmi tədqiqatların, istehsal həcminin və yüksək texnologiyalı məhsulların ixracının artmasına kömək edir.

2010-cu ildə Rusiya və Türkiyə Mersin vilayətində, Aralıq dənizi sahilində "Akkuyu" AES-in tikilməsinə dair birgə qərar qəbul ediblər. Bu barədə saziş Rusiya ilə Türkiyə arasında 12 may tarixində imzalanıb. 2017-ci ildə isə Türkiyənin Atom Enerjisi İdarəsi "Akkuyu" AES-in layihə parametrlərini təsdiqləyib. Həmin ildə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu tərəfindən "Akkuyu Nuclear" şirkətinə elektrik enerjisi istehsalı üçün 49 illik lisenziya verilib. Bunun davamı olaraq, "Akkuyu Nuclear" şirkəti məhdud tikinti icazəsi alıb və bu da öz növbəsində AES tikintisi üçün mühüm hadisədir. 2019-cu ilin sonunda isə "Akkuyu" AES-in Türkiyənin enerji sisteminə qoşulması haqqında saziş imzalanıb. Layihənin icrası 2020-ci ildə sürətlə davam edib. "Akkuyu" AES-in 1-ci enerji blokunda reaktorun mühafizəsi quraşdırılıb və 8 apreldə stansiyanın 2-ci blokunun tikintisinə rəsmən start verilib. Eyni zamanda, həmin ildə AES-in 3-cü blokunun tikintisi üçün lisenziya verilməsi barədə qərar qəbul edilib. 2021-ci il 10 martda isə "Akkuyu" AES-in üçüncü blokunun tikintisinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə iştirak ediblər. Həmin dövrdə liderlər bu möhtəşəm tikinti layihəsinin Rusiya ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin, siyasi və iqtisadi əlaqələrin daha da yüksək səviyyəyə çatdırılmasına xidmət edəcəyinə əminliklərini bildiriblər.

Eyni ritorikanı dövlət başçıları aprelin 27-də videokonfrans rejimində "Akkuyu" AES-in birinci enerji blokuna nüvə yanacağının yüklənməsi mərasimində iştirak edərkən də təkrarlayıblar. Rəcəb Tayyib Ərdoğan mərasimdəki çıxışında bildirib ki, Türkiyə atom elektrik enerjisi istehsal edən ölkələr sırasına qoşulmaqdan sevinc və qürur hissi keçirir. Onun sözlərinə görə, AES-ə nüvə yanacağı dəniz və hava yolu ilə çatdırılıb: "Aİ ölkələrində istehlak edilən elektrik enerjisinin 25 faizi atom elektrik stansiyaları tərəfindən istehsal olunur. Avropa Komissiyası nüvə enerjisini "Yaşıl energetika" elan etməklə bütün şübhələri aradan qaldırıb. Biz isə "Akkuyu" AES-i bu prosesin bir hissəsinə çevirdik". O, həmçinin xatırladıb ki, bu, Türkiyə və Rusiyanın ən böyük investisiya layihəsidir və onun tikintisinə 20 milyard dollar vəsait qoyulub. Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, AES-in bütün enerji blokları 2028-ci ildə işə salınacaq və bu obyekt ölkənin elektrik enerjisinə olan ehtiyacının 10 faizini təmin edəcək. Eyni zamanda, AES-in istifadəyə verilməsi qaz idxalına sərf edilən 1,5 milyard dollara qənaət etməyə imkan verəcək.

Vladimir Putin isə öz növbəsində bildirib ki, "Akkuyu" AES iki ölkə arasında iqtisadi maraqları təmin edən layihə olmaqla yanaşı, Rusiya ilə Türkiyə arasında mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan tərəfdaşlıq əlaqələrini də möhkəmləndirir: "Türkiyənin artıq nüvə sahəsinə malik olan inkişaf etmiş sənaye və texnologiya dövlətləri klubuna daxil olması çox simvolikdir. Bu, həm də respublikanın əsasının qoyulmasının 100 illik yubileyi zamanı baş verir".

Dünya Nüvə Assosiasiyasının baş direktoru Sama Bilbao-y-Leon isə AES-in Türkiyənin xalis sıfır emissiya hədəflərinə çatmasında və ölkədə enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacağına diqqət çəkib. Onun sözlərinə görə, "Akkuyu" Atom Elektrik Stansiyasına nüvə yanacağı çatdırıldıqdan sonra Türkiyə rəsmi olaraq qlobal nüvə ailəsinin üzvü olub. Bu tarixi anın əhəmiyyəti isə Türkiyənin sərhədlərini aşır.

Hesablamalar göstərir ki, təxminən 70 ildir 30-dan çox ölkə nüvə enerjisindən istifadə edir və 440 aktiv reaktor qlobal elektrik enerjisinə olan tələbatın təxminən 10 faizini ödəyir. Dünyada 54 reaktorun tikilməkdə olması nəzərə alınarsa, yaxın gələcəkdə daha çox sayda ölkə nüvə enerjisindən istifadə edəcək. Onların sırasına artıq Türkiyə də qatılır. Xüsusilə pandemiyadan sonra artan enerji tələbatının qarşılanması və qlobal emissiyaların azaldılması baxımından nüvənin əhəmiyyətinin artması qardaş ölkənin də qlobal enerji təhlükəsizliyindəki rolunu artıracaq.

Jalə QASIMZADƏ,

"Respublika".