TÜRKPA-nın iclasında Azərbaycanın qlobal və regional əməkdaşlığın inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs olunub
Türk dünyası

TÜRKPA-nın iclasında Azərbaycanın qlobal və regional əməkdaşlığın inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs olunub

Martın 9-da ilk dəfə olaraq TÜRKPA ölkələri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin onlayn iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil edib.

"Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu" mövzusuna həsr edilən iclasa Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç moderatorluq edib. İclasın açılışında TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Erol Kaya (Türkiyə) və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər giriş nitqləri söyləyiblər.

Tədbir TÜRKPA ölkələri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin mövzu ilə bağlı çıxışları ilə davam edib.

Mövzu ilə bağlı ilk söz Səməd Seyidova verilib. TÜRKPA ölkələri arasında xarici siyasət əməkdaşlığında parlamentlərin rolundan söz açan deputat çıxışında qlobal və regional miqyasda sülhün qorunması üçün birgə fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Beynəlxalq münasibətlərdə hüquqa, hüquq bərabərliyinə əsaslanmağın vacibliyinə diqqət çəkən S.Seyidov TÜRKPA ölkələri arasında xarici siyasət əməkdaşlığının dünyada sülhün möhkəmləndirilməsinə verəcəyi töhfələrlə bağlı fikirlərini səsləndirib. O, Azərbaycanın qlobal və regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü təşəbbüslərdən və atdığı addımlardan danışıb.

Sonra Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, Qırğızıstan Joqorku Keneşinin Beynəlxalq münasibətlər, müdafiə, təhlükəsizlik və miqrasiya məsələləri komitəsinin sədri Çingiz Aydarbekov, Macarıstan Milli Məclisinin Xarici işlər komitəsinin sədri Jolt Nemet, Özbəkistan Respublikası Ali Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Dilorom Fayziyeva çıxış ediblər. Komitə sədrləri TÜRKPA ölkələrinin qarşılaşdıqları təhlükəsizlik məsələlərini, sülhə qarşı təhdidləri dəyərləndiriblər, beynəlxalq sülhün gücləndirilməsi, dövlətlərarası dialoqun genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildiriblər.

Sonda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri Erol Kaya və TBMM-in Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç tədbirə yekun vurublar və iştirakçıların səsləndirdikləri fikirlərin münaqişələrin dinc yolla həlli üçün parlament əməkdaşlığının genişləndirilməsinə töhfə verəcəyinə inamlarını bildiriblər.

AZƏRTAC