TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə brifinq keçirilib
Mədəniyyət

TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə brifinq keçirilib

Martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində fövqəladə iclasından sonra brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, brifinqdən əvvəl yekun sənəd imzalanıb. Yekun sənədində TÜRKSOY-un yeni Baş katibinin seçilməsi, Şimali Kipr Cümhuriyyətinin TÜRKSOY-un üzvlüyünə namizədliyi və Şuşanın 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinov, Azərbaycan mədəniyyət naziri Anar Kərimov, Qırğızıstan mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstan mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikasının Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu iştirak ediblər.

Türkiyənin mədəniyyət və turizm naziri tədbirin uğurla başa çatdığını qeyd edib. Pandemiya bitdikdən sonra fəaliyyət dairəsinin daha da genişlənəcəyini söyləyən nazir deyib: "Şuşada görüşmək üzrə sizdən ayrılırıq".

Brifinqdən sonra üzv dövlətlərin mədəniyyət nazirləri TÜRKSOY-un sabiq Baş katibi Düsen Kaseinova hörmət və ehtiram əlaməti olaraq qiymətli hədiyyələr və mükafatlar təqdim ediblər.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabiq Baş katibi fəxri fərmanla təltif edib.

AZƏRTAC