Tütünçülüyün inkişafına güclü dəstək
Region

Tütünçülüyün inkişafına güclü dəstək

Bəli, tütünçülük Şəki-Zaqatala iqtisadi rayonlarına daxil olan bölgənin iqtisadiyyatının əsasını təşkil edən sahələrdən biri olub. Artıq beynəlxalq aləmdə sosial-iqtisadi inkişafı, siyasi nüfuzu ilə öz sözünü demək gücünə malik olan respublikamızda aqrar sahənin bütün istiqamətlərində böyük əhəmiyyətli islahatlar aparılır, yeni inkişaf və uğur pillələri fəth edilir. Bu sahədə atılan uğurlu addımlardan biri dünyanın inkişaf etməkdə olan ölkələrinin güclü investorlarının respublikamızın aqrar sahəsinin daha da yüksəlişinə cəlb olunması və onların dəstəyi ilə ən yüksək iqtisadi potensialın əldə olunmasını təmin etməkdir. Keçmiş şöhrətini qaytarmaq üçün bütün qüvvələrin, daxili imkanların səfərbər olunduğu tütünçülük də bu diqqət və qayğının önündə durur.

Tütünçülük üçün çox əlverişli şərait və imkana malik Zaqatala rayonunda son illərdə görülən tədbirlər yaxşı səmərə verir, tütünçülük keçmişdəki kimi yenə yavaş-yavaş zaqatalalı əməkçilərin ailə iqtisadiyyatlarının əsasına qovuşur. 2021-ci ilin başlanğıcında inşaasına başlanıb, iyun ayında tikintisi başa çatan yuxarıda adını çəkdiyimiz məhdud məsuliyyətli cəmiyyətin fabrikinin bu regionda fəaliyyətə başlaması da qeyd etdiklərimizin əsas qollarındandır. Bu işə dəstək olub inkişaf etdirməyi qərarlaşdıran investor TET Beynəlxalq İnkişaf MMC-dir.

Bu günlərdə fabrikdə olduq. İşə yüksək məsuliyyətlə yanaşmağın, hamının öz iş borcunun məsuliyyətli icrasının şahidi olduq. Həmsöhbətimizin mühasib Ülvi Hacızadə olacağını bildirdilər. Gənc mütəxəssis ixtisasca mühasib olsa da, öz işindən başqa fabrikin fəaliyyəti barədə də tam məlumatlıydı. Verdiyi məlumatlarla biz də sanki fabriki başdan-başa qiyabi gəzdik, istehsal, məhsul qəbuletmə proseslərilə yaxından tanış olduq. Öncə qeyd edək ki, çox məqsədyönlü, perspektivli və inkişafa sanballı təkanlardan soraq verən biznes planı tərtib olunub. Bu il Zaqatalada 300, Qaxda 365 hektar, cəmi 665 hektar ton tütün əkilməsi nəzərdə tutulub və bu icra olunub. Əkin sahələrinin 90 faizinə cc-55, 10 faizinə isə cc-55 botanik növ tütün əkilib. Bu Vercinya növ tütündür. Məhsulun qurudulması üçün 120 ədəd tütün qurutmaxana kameraları istehsal olunub və onlar fabrikin müqavilələrinə daxil olan bölgələrin bəzilərində quraşdırılıb.

İstehsal olunub satışa çıxarılan məhsul daxili və xarici bazarlarda müəyyənləşib. Başqa sözlə, məhsulun 30 faizi daxili bazar üçün nəzərdə tutulub. 70 faiz məhsul isə Rusiyaya, Ukraynaya, Belarus və digər Avropa ölkələrinə ixrac olunacaqdır.

Məlumat verdilər ki, fabrik bölgədə 53 fermerlə əməkdaşlıq edir və həmin fermerlərin sahələrində 700 nəfər çalışır. 61 nəfər işçinin çalışdığı fabrikdə mövsüm ərzində daha 150 nəfər də əlavə işçi qəbul olunur.

Fabrikin bugünkü fəaliyyəti, ən başlıcası da onun bölgədə bu sahənin inkişafı üçün ilkin olaraq atdığı uğurlu addımlar gələcəkdə də perspektivli planlardan, bu sahə üzrə iqtisadiyyatın daha da möhkəmləndirilməsindən soraq verir. Mühasib Ülvi Hacızadə gələcək 3 illik plan haqqında danışarkən aşağıdakıları dedi:

- Fabrik istehsal gücünü 2022-dən 2024-ə qədər daha da artırmağı planlaşdırır. Tütün əkin sahələrinin 1000 hektara çatdırılması, yaş tütün istehsalının 17 min tona, quru tütün istehsalının 2800 tona çatdırılması nəzərdə tutulur. Eyni zamanda tütün əkini sahələri üçün suvarma suyu avadanlığına da investisiyalar ayrılması planlaşdırılır. Ümumiyyətlə, 2022-2024-cü illər arasında təxminən 5 milyon ABŞ dolları həcmində investisiya planı proqnozlaşdırılır.

İndiyə kimi görülən işlər, bugünkü ürəkaçan vəziyyət və perspektiv planlar sözügedən bölgədə tütünçülüyün əvvəlki şöhrətinin bu günün tələbləri baxımından daha da artırılacağını vəd edir. Bu isə hər şeydən öncə əhalinin rifahının daha da yaxşılaşması, ölkəmizin iqtisadi cəhətdən daha da möhkəmləndirilməsi deməkdir. 

Rasim AMANOV,

“Respublika”.