Ucalıq
Region

Ucalıq

Bir ana tanıyıram, dümağ saçları, alnının qırışları, gözlərinin işığı, əllərinin hərarəti ilk baxışdan səssiz-səmirsiz pıçıldayır ki, qarşındakı insanın ömür yolu heç də asan olmayıb, danışmasa da, dinməsə də onun bütün varlığı dastanlara sığmayan canlı bir abidədir. Həyat onu çox sınaqlardan keçirib, lap uşaq yaşlarından zəhmətə qatlaşmalı, zərif çiyinləri ilə ağır bir yükü çəkməli olub, ancaq heç zaman büdrəməyib, çətinliklər onu qorxuda bilməyib, sözün əsl mənasında zəhməti ilə ucalıb, şan-şöhrət qazanıb. Şərqiyyə Vəliyeva ailəsi, övladları, nəvələri üçün necə əzizdirsə, mübaliğəsiz demək olar ki, bütün Laçın camaatı tərəfindən də çox böyük hörmət və ehtirama layiq görülüb. Rayonda keçirilən bütün tədbirlərdə başda oturur, el-obanın xeyir-şər məclislərində iştirak edir, məsləhətini əsirgəmir, dara düşənin hayına çatır, gənclərə öyüd-nəsihət verir, bir sözlə, Laçın əhalisi, eləcə də məcburi köçkün kimi məskunlaşdığı Bərdə rayonundakı Zümürxan kəndinin sakinləri tərəfindən böyük hörmətlə qarşılanır.

Onun həyat hekayəsində ən kədərli və unudulmayan məqamlardan həyəcansız danışmaq mümkün deyil. Şərqiyyə ananın dörd övladı Qarabağ müharibəsində iştirak edib, oğlanlarını qürurla Vətənin müdafiəsinə yola salıb, hər birinə də tapşırıb ki, sinəniz olan yerdə kürəyinizi düşmənə çevirməyin, ata-babalarınızın qəhrəmanlığına kölgə salmayın. Dörd oğlu cəbhədə döyüşən Şərqiyyə ana sonralar iki övladının itkisinə də mətanətlə sinə gərib, tənhalığa çəkilərək ağlayıb, ürəyini boşaltmaq istəyib. Öz-özünə pıçıldayıb ki, dözə bilmirəm, mənim heç yaşamağıma da dəyməz. Sonra özündə güc taparaq toxdayıb, kimsəyə bəlli etmədən için-için ağlayıb.

Şərqiyyə Vəliyeva 1936-cı il iyul ayının 1-də Laçın rayonunun Piçəniş kəndində anadan olub. Şərqiyyənin beş yaşı olanda atası Əkbəri Böyük Vətən müharibəsinə aparıblar. Başsız qalan ailə rayonun Nağdalı kəndinə köçüb. Buradakı sovxozda sağıcı işləyən anasına kömək edən Şərqiyyənin gələcək həyat yolunun başlanğıcı həmin andan başlayıb. Yeniyetmə çağında anası ilə çiyin-çiyinə sağıcı işləyən Şərqiyyənin qoçaqlığı, hünəri dillərdə dolaşır, həmin maldarlıq təsərrüfatına şöhrət gətirib. Sonra həmkəndlisi Sabirlə ailə həyatı qurub. 1966-cı ildə Şərqiyyə yüksək əmək göstəricilərinə görə keçmiş sovet dönəmində ən yüksək fəxri ada -Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Sinəsini Qızıl Ulduz bəzəyən Şərqiyyə Vəliyeva sonralar müxtəlif illərdə 2 dəfə "Lenin", "Şərəf nişanı", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Xalqlar Dostluğu" ordenləri və keçmiş SSRİ-nin bir çox digər orden və medalları ilə təltif olunub. Onun həyat yoldaşı da əmək qəhrəmanı olub, o dövrün orden və medallarına layiq görülüb. Dörd oğul, bir qız böyüdən ailə firavan yaşayıb, halallıq ailəyə ruzi-bərəkət gətirib, heç nədən korluq çəkməyiblər.

Şərqiyyə Vəliyeva ömründə baş vermiş ən əlamətdar günü heç zaman unutmadığını deyir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Laçın rayonuna o vaxtkı səfərini xatırlayan Şərqiyyə ana deyir: "Ömrümdə bu qədər sadə, mehriban insan görməmişdim, kəndimizə gələn hörmətli qonaq hamı ilə əl tutub görüşdü, yaşayış ilə, güzəranımızla maraqlandı, xüsusilə sağıcı qadınların əməyinə çox yüksək qiymət verdi. Ulu Öndərin diqqəti sayəsində həmin dövrün ən yüksək ordenlərinə layiq görüldüm, həyatıma, ailəmə şan-şöhrət gəldi, hörmət-izzətlə qarşılaşdıq. 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev laçınlı məcburi köçkünlərlə görüşəndə əllərimdən tutaraq həyat şəraitimlə maraqlandı, hal-əhval tutdu, ona görə də bu dahi insanın qayğısını heç zaman unutmayacağam. 2002-ci ildən mənə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Prezident təqaüdü verilir.

1992-ci il may ayının 18-də Laçından çıxmağa məcbur olduq, topların, mərmilərin səsindən, güllələrin vıyıltısından qulaq tutulurdu, erməni vəhşilər dinc insanları hədəf almışdılar, yüzlərlə qadın, uşaq, qoca və xəstə insan qətlə yetirildi, ömürlük şikəst oldu, göz yaşları içində, dilimizdə də ağı, nalə pərən-pərən düşdük. Bərdə rayonunun Zümürxan kəndinə pənah gətirdik. Kənd camaatı çox sağ olsun, bizi öz doğmaları kimi qarşıladı, dərdimizə şərik oldu. 30 ildir ki, bu kənddə yaşayırıq. Necə deyərlər, qaynayıb qarışmışıq, doğmalaşmışıq, kədərimiz də, sevincimiz də birdir. Təzədən ev-eşik qurmuşuq. Sizə asan gəlməsin, birinin bir qaşığı itəndə üç-dörd gün özünə gələ bilmir, ha ola, dolu ev itirəsən, yurd itirəsən, vallah çox ağır idi. Fələk qapımızı çox pis döydü. Əzilsək də, yaralansaq da, sınsaq da, qəddimiz əyilsə də, ilahinin məsləhətinə şükür, inamımızı itirmədik. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra elə bil üstümüzə günəş doğdu, hamı bir-birinə göz aydınlığı verdi. Laçın camaatının böyük əksəriyyəti Ağcabədi rayonundakı Taxtakörpünün ərazisində məskunlaşmışdı.

Vətən müharibəsi başlayanda qollarımın, qıçlarımın taqəti elə bil geri qayıtdı, evimizin yanından Murovdağı ovuc içi kimi görünür. Şuşanın, Laçının azad edildiyini eşidəndən sonra ömrüm elə bil uzanıb, gözlərimin nuru geri qayıdıb, dizlərimə taqət gəlib. Laçına, doğma kəndimə qayıtmağı səbirsizliklə gözləyirəm, artıq bar-barxanamı toplamışam, doğma yurd yerlərinə səfər üstəyəm. İnanın ki, bu hissləri yaşamaq çox gözəldir".

Hər səhər sübh tezdən ayağa qalxan Şərqiyyə ana mütləq dağlara sarı boylanır, təmiz dağ havasını udur, çay içəndən sonra yır-yığış etdiyi şeylərə bir də baxır, nəyisə unutmadığını aydınlaşdırır. Axı, bir müddətdən sonra başlayacaq Böyük Qayıdışa Şərqiyyə ana xüsusi hazırlaşıb. Mənəviyyat ucalığına yüksələn, xətir-hörməti ilə ad-san qazanan 86 yaşlı Şərqiyyə Vəliyeva doğma kəndlərindəki dağların ucalığına doğru, beşiyə, cənnətə, doğma yurd yerinə tərəf gedən yola çıxacaq... Nəvə-nəticələri ilə birlikdə...

Salman ALIOĞLU,

"Respublika".