Uğrunda döyüşənlərlə ucalır Vətən
Region

Uğrunda döyüşənlərlə ucalır Vətən

Uzun illər ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistanın azğın hərəkətlərinin, pafos dolu bəyanatlarının, düşmənin silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq,  mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi. Döyüş əməliyyatlarının ilk günündə silahlı qüvvələrimizin şəxsi heyət və tank, həmçinin  raket-artilleriya qoşunlarının bölmələri,  cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan ordusunun ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi,  hərbi obyektləri,  döyüş texnikasını aşkar edərək məhv etdilər.  

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçdı. Düşmənə sarsıdıcı zərbələr endirən igid oğullarımızın cərgəsində Vüqar Zamanov da var idi.  Vüqar Zamanov 1995-ci il martın 10-da Horadizdə anadan olub. Valideynlərinin və həmyerlilərinin məcburi köçkün həyatı Vüqarın qəlbində düşmənə qarşı nifrət yaradıb. 2012-ci ildə Horadiz şəhər 2 nömrəli tam orta məktəbi bitirib.  Vüqar 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Təlimlərdə və hərbi dərslərdə fəallıq göstərən Vüqar nümunəvi xidməti ilə seçilib. Ordudan tərxis olunduqdan sonra bir müddət mülki işlərdə çalışıb.

2016-cı ilin Aprel döyüşlərindən sonra Vüqar müddətdən artıq hərbi xidmət keçmək üçün müraciət edib. Döyüş təlimlərində öz bacarığı ilə komandirlərinin təşəkkürünə layiq görülüb. Vətən müharibəsi başlayanda Vüqarın xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri ön cəbhədə döyüşlərə başlayıb, Füzulidən Şuşaya qədər döyüş yolu keçib, dəfələrlə düşmənin canlı qüvvəsini məhv edib, ön cəbhədə igidlik göstərib. Qəhrəman döyüşçü Vüqar Zamanov 2020-ci il noyabrın 5-də Daşaltı uğrunda gedən savaşda həlak olub.

Prezident  İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə milli ordumuzun hərbi qulluqçusu  Vüqar Zamanov ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü",  "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" və  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu günlərdə Vətən müharibəsi şəhidi Vüqar Zamanovun xatirəsi anılıb, şəhidin məzarı başında ruhuna dualar oxunub. Anım mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri,  qazilər, döyüş yoldaşları,  məktəblilər  və Horadiz şəhər sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər Vüqarın şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan ətraflı söz açıb, şəhidlərin adlarının tarixə yazıldığını bildiriblər.  Məktəblilər Vətənə və qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.  

Şəhidlər ölmür, onlar ruh dünyasında, xalqımızın yaddaşında və tarixin səhifələrində əbədi yaşayırlar. Şəhidin ailəsi dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub.  Nə qədər qürurludur, uğrunda döyüşənlərlə ucalır Vətən!

                                                 Salman ALIOĞLU,

                                                   “Respublika”.