UĞUR DÜSTURU: QALİB LİDER, YENİLMƏZ XALQ, QÜDRƏTLİ DÖVLƏT
SİYASƏT

UĞUR DÜSTURU: QALİB LİDER, YENİLMƏZ XALQ, QÜDRƏTLİ DÖVLƏT

İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işləri ən qısa müddətdə və yüksək keyfiyyətlə yerinə yetiriləcək

Bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsi işğal olunmuş ərazilərimizin azad edilməsi ilə nəticələnməklə yanaşı, mənfur erməni işğalçılarının həyata keçirdiyi dağıntıları da tam olaraq üzə çıxardı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam etmiş işğal müddətində erməni vandalları zəbt etdikləri Azərbaycan torpaqlarında mövcud infrastrukturu demək olar ki, tamamən məhv etmiş, hətta özləri üçün belə heç bir infrastruktur formalaşdırmamışlar. Biz bunu həm Şuşa, Ağdam, Füzuli, həm də digər şəhər, qəsəbə və kəndlərimizin nümunəsində şahidi olduq.

İşğal nəticəsində bütün istiqamətlər üzrə Azərbaycana dəymiş zərəri hesablasaq o zaman bunun daha böyük olduğunu görərik. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına əsasən işğal nəticəsində Azərbaycanın ekologiyasına və təbii sərvətlərinə ümumilikdə 265 milyard dollar ziyan dəyib. Hərbi Prokurorluq tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə isə bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 819 milyard dollar təşkil edir. Dağıntıların hərtərəfli və miqyasının böyük olması isə azad edilmiş ərazilərin bərpasını mürəkkəb və zaman alan prosesə çevirir. Ona görə də bərpa prosesinin müxtəlif iqtisadi və sosial istiqamətlər üzrə həyata keçirilməsinə ehtiyac yaranır. Bunları nəzərə alaraq, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar verildi və “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başlandı. Bərpa prosesinin həyata keçirilməsi üçün 2021-ci ilin büdcəsindən ilkin olaraq 2.2 milyard dollar vəsait ayrıldı.

Ümumiyyətlə, azad edilmiş ərazilərin əsaslı şəkildə bərpa edilməsi və orada müasir infrastrukturun yaradılması Qarabağın inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bərpa prosesi həyata keçirilmədən həmin ərazilərin sosial-iqtisadi inkişafını təmin etmək mümkün deyildir. Yenidənqurma və bərpa prosesinin həyata keçirilməsi Azərbaycanda ümumi iqtisadi inkişafa təkan verəcək, yeni iş yerlərinin yaranmasına şərait yaradacaqdır. Azad edilmiş ərazilərdə infrastruktur tamamilə məhv edildiyindən və həmin ərazilər sıfırdan bərpa olunduğundan orada texnoloji yeniliklərin tətbiqi daha asandır. Ona görə də Qarabağın bərpası prosesində texnoloji yeniliklərin tətbiqi və müasir standartlara cavab verən infrastrukturun yaradılması əsas məqsədlərdəndir. Daha sonra həmin ərazilərin bərpası nəticəsində əldə edilən təcrübə digər rayonlarda da tətbiq edilə bilər. Ümumilikdə, bərpa prosesi ilə bağlı müəyyən edilmiş əsas məqsədləri bərpa prosesinin keyfiyyətli və qənaətli şəkildə həyata keçirilməsi, müasir standartlara cavab verən inkişaf modelinin yaradılması, azad edilmiş ərazilərin texnologiya baxımından yüksək inkişaf etmiş əraziyə çevrilməsi, qabaqcıl texnoloji şirkətlərin bərpa prosesinə cəlb edilməsi, azad edilmiş ərazilərin “Yaşıl Enerji” zonasına çevrilməsi, bərpa prosesinin səmərəli və mərkəzləşmiş şəkildə təşkil edilməsi kimi istiqamətlərə bölmək lazımdır. Bütün bunlara çatmaq üçün Azərbaycan dövləti zəruri tədbirlər görmüşdür. Və artıq bu gün biz Qarabağın işğaldan azad olunmuş torpaqlarında nəinki böyük bərpa-quruculuq işlərinin getdiyini, həmçinin bu işlərin qürurverici nəticələrini də görə bilirik.

İşlərin planlı və mütəşəkkil surətdə aparılması məqsədilə müharibədən dərhal sonra 2020-ci ilin noyabrında Əlaqələndirmə Qərargahı və onun tərkibində İdarələrarası Mərkəz yaradılmışdır. Bu mərkəzin nəzdində isə müxtəlif məsələlər üzrə 17 işçi qrupu yaradılmış, işçi qruplarının bütün istiqamətlər üzrə planlı və kompleks şəkildə fəaliyyətinin həyata keçirilməsi üçün isə Strateji Fəaliyyət Planı hazırlanmışdır.      

Nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi ilə həm Qarabağ  regionunun, həm də ümumilikdə Cənubi Qafqazın iqtisadi potensialından səmərəli istifadə etmək imkanı yaranacaq. Ona görə də deyə bilərik ki, azad edilmiş ərazilərin bərpası təkcə Qarabağ regionunun və bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından deyil, həmçinin respublikamızın yerləşdiyi bölgənin özü üçün də böyük əhəmiyyət daşıyır.

Qarabağda aparılan yenidənqurma işləri arasında yeni yolların salınması və mövcud olanların əsaslı surətdə təmir edilməsi xüsusi yer tutur. Böyük əhəmiyyətə malik olan avtomobil yollarından biri Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yoludur. Yolun ümumi uzunluğu 101.5 km, eni isə 37.7 metr olacaq və ən gec 2022-ci ildə hazır olacağı gözlənilir. Bu yolu Füzulidə inşa edilmiş yeni hava limanı ilə əlaqələndirmək məqsədi ilə onun 27-ci kilometrliyində yol qovşağının və hava limanına giriş yolunun inşası böyük əhəmiyyətə malikdir. Sözügedən yolun simvolik məna daşıyan hissəsi Füzuli-Şuşa avtomobil yoludur. Bu yol Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə çəkilir. Bu yoldan İsa bulağına da yol olacaq və onun dördzolaqlı, bəzi yerlərdə altızolaqlı olacağı gözlənilir. Füzuli-Şuşa yolu əsgərlərimizin Qarabağın mərkəzinə, xüsusilə də Şuşaya doğru irəlilədikləri yoldur. Ona görə də ölkə başçısı bu yolu “Zəfər yolu” adlandırmışdır.

Həyata keçirilmiş ilk hava limanı layihəsi Beynəlxalq Füzuli Hava Limanının layihəsi olmuşdur. Yeni hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz edilmişdir. Limanın uçuş-enmə zolağının uzunluğu təqribən 3000, eni isə 60 metrdir. Yeni hava limanının əsas məqsədi xarici qonaqların və turistlərin azad edilmiş ərazilərə, xüsusilə də Şuşaya gəlişini təmin etməkdir. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində tikintisi həyata keçirilən Füzuli-Şuşa avtomobil yolu vasitəsilə Şuşa şəhərinə gedə biləcəklər.

Bərpa prosesində qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsidir. Əsas məqsəd azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sisteminin yaradılması və ölkənin ümumi enerji sisteminə inteqrasiya edilməsidir. Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyasının yenidən qurulması uğurla həyata keçirilmişdir.

Azad edilmiş ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqram çərçivəsində SOCAR tərəfindən ümumi uzunluğu 416 kilometr olan magistral qaz xəttinin çəkilməsi də nəzərdə tutulur. Bu ərazilərdə həyata keçiriləcək enerji siyasətinin əsas məqsədi isə həmin yerləri “Yaşıl Enerji” zonasına çevirməkdir. Buna görə də azad edilmiş ərazilərdə energetika sahəsində görüləcək işlərdə bərpaolunan enerji mənbələrindən istifadəyə və ekoloji təmiz texnologiyaların tətbiqinə üstünlük verilir. Bu isə enerji resurslarından daha səmərəli şəkildə istifadə edilməsinə imkan yaradacaq.

Şəhər və kəndlərimizin işğalçılar tərəfindən tamamilə dağıdılması bu istiqamətdə əsaslı işlərin görülməsini tələb edir. Hesablamalar göstərir ki, işğal nəticəsində 9 mindən çox evə ziyan dəymişdir. Bu evlərin bərpası ilə bağlı müəyyən edilmiş əsas istiqamətlər çoxmənzilli evlərin yenidən tikilməsi, kəndlərin bərpası ilə bağlı vahid yanaşmanın tətbiq edilməsi və kəndlərdə optimal say tərkibinin müəyyən edilməsidir. İşğaldan əvvəl bəzi kəndlərdə yaşayan əhalinin sayı çox az idi və təxminən 20-50 nəfər təşkil edirdi. Bərpa prosesində kiçik kəndlərin salınması səmərəli olmadığından indi daha böyük kəndlərin salınması nəzərdə tutulur. Bu, resurslardan daha səmərəli istifadəyə və xərclərin optimallaşdırılmasına imkan verəcəkdir.

 Şəhər və kəndlərin yenidən qurulması ilə bağlı diqqətçəkən əsas məqam isə bu prosesdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarından istifadənin tətbiqidir. Bu konseptlərin tətbiqi şəhərsalma aparılarkən dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunmasına və dünyanın qabaqcıl texnoloji şirkətlərinin ölkəmizə cəlb edilməsinə imkan yaradır. Daha sonra bu təcrübə digər şəhər və kəndlərdə də tətbiq edilə bilər. Bu konseptlərin tətbiqi bir çox üstünlüklər yaradacaqdır. Bu üstünlüklərə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, mövcud resurslardan səmərəli istifadə edilməsi, ətraf mühitin qorunması, səmərəli nəqliyyat sisteminin qurulması, daha təhlükəsiz icmaların formalaşdırılması, səmərəli dövlət xidmətlərinin səviyyəsinin yüksəldilməsi aiddir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin həyata keçirilməsinə xarici ölkələr və şirkətlər böyük maraq göstərir və bu istiqamətdə öz təkliflərini irəli sürürlər. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, həmin ərazilərdə bərpa işlərində ancaq müharibə dövründə ədalətli mövqe tutmuş və Azərbaycana qarşı dostluq münasibəti nümayiş etdirmiş ölkələr və onların şirkətləri iştirak edə biləcəkdir. Artıq bərpa prosesinə bir sıra xarici dövlətlər və onların şirkətləri cəlb edilmişdir. Məsələn, Türkiyənin "Kolin İnşaat" şirkəti Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisində iştirak edir. Britaniya şirkətlərinin daha çox maraq göstərdiyi sahələrə texnologiya sahəsi, "Ağıllı“ və "Yaşıl“ şəhərlərin yaradılması, bərpaolunan enerji sənayesi, minalardan təmizləmə və mədən sənayesi aiddir. Azərbaycanda artıq müxtəlif layihələrdə iştirak edən Britaniyanın “Anglo Asian Mining” şirkəti fəaliyyətini azad edilmiş ərazilərdə genişləndirmək niyyətindədir. Bundan başqa artıq Britaniya şirkətləri Füzulidə minaların təmizlənməsi, şəhərsalma və infrastrukturun inkişaf etdirilməsi layihələrini uğurla icra edib, bu proses davam etdirilir.

Göründüyü kimi, Qarabağ regionunun canlandırılması və orada mövcud olan iqtisadi imkanların bərpa edilməsi həmin ərazilərin milli iqtisadiyyatımızda payının işğaldan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaqdır. Bu isə Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaratmaqla yanaşı, qeyri-neft sektorunun inkişafını da əsaslı şəkildə dəstəkləyəcək. Ümumilikdə Qarabağın sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə, indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaq. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan verəcək.

Xüsusilə vurğulamaq lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə nəhəng yenidənqurma və bərpa işlərinin həyata keçirilməsi pandemiyanın yaratdığı yeni və daha mürəkkəb iqtisadi şəraitdə baş verir. Bundan əlavə, Azərbaycan dövləti heç bir yerdən maddi yardım almır və bunu heç məqsədəuyğun da hesab etmir. Yəni, ölkəmiz öz iqtisadi potensialına və xalqımızın böyük dəstəyinə arxalanaraq qarşıda duran ən mürəkkəb vəzifələrin də öhdəsindən uğurla gəlir.

Emin QASIMOV,

“Respublika”.