Uğurlar daha səmərəli işləməyə ruhlandırır
Region

Uğurlar daha səmərəli işləməyə ruhlandırır

Yeni dərs ili qarşısında Qax rayonunda milli təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, məktəblərdə təlim-tərbiyənin səmərə və keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verir. Qax Rayon Təhsil Şöbəsinin müdiri Babək Heydərov rəhbərlik etdiyi kollektivin 2020-2021-ci dərs ilinin yekunlarını konkret faktlarla təhlil etdi.

Rayonumuzun təhsil işçiləri 2020-2021-ci dərs ilində bir sıra uğurlara imza atmışdır. Dərs ilində rayonda 30 tam orta, 16 ümumi orta, 7 ibtidai məktəb, 36 məktəbəqədər, 2 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərmişdir. Təhsil alan 7435 nəfər şagirdin təlim-tərbiyəsi ilə 116 nəfər pedaqoji işçi məşğul olmuşdur. Məktəbdənkənar tərbiyə müəssisələrində isə 1164 nəfər şagird idman və yaradıcılıq dərnəklərinə cəlb edilmişdir.

Məktəblərimizin 45-də tədris Azərbaycan, 6-da gürcü, 1-də rus, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dillərində aparılır. Bütün məktəblərdə dərslər bir növbədə keçirilir. Məktəblərimizin maddi- texniki bazası gücləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 may 2021-ci il tarixli Sərəncamına əsasən hazırda rayonun Çüdüllü kəndində 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması davam etdirilir. Bununla  da son illərdə rayonda quraşdırılan modul tipli məktəblərin sayı 9-a çatmışdır. 2020-2021-ci dərs ilinin məzunlarından 449 nəfərə təhsil haqqında attestat verilmişdir. On bir nəfər isə ümumi orta təhsil haqqında fərqlənmə attestatı almışdır.

Təhsil nazirinin 15 iyul 2021-ci il tarixli əmri ilə ümumi təhsildə xüsusi nailiyyətlərinə görə rayonun XI sinif məzunu - Fuad Kərimli və Emil Xasıyev gümüş medalla təltif edilmiş, xüsusi nümunəli attestat almışlar. Qeyd olunan dərs ilində Təhsil Nazirliyinin dəstəyi ilə rayonun 7 məktəbində 3-4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəhazırlıq qrupları fəaliyyət göstərmişdir. 2020-2021-ci dərs ilində rayonun şəhər 2 saylı məktəb-liseyi ilə, 4 və 5 saylı tam orta məktəblərində birlikdə 5 təmayül sinfi təşkil olunmuş və həmin siniflərə 77 nəfər qəbul edilmişdir. Bununla da, rayonda təmayül siniflərinin sayı 10-a çatmışdır. Növbəti dərs ilində də rayonun şəhər 2 saylı məktəb-liseyində və şəhər 4-5 saylı tam orta məktəblərində təmayül siniflərinin yaradılması nəzərdə tutulmuşdur. Şöbə müdiri müəllimlərin fəaliyyətindən söhbət açarkən qeyd etdi ki, 2020-2021-ci dərs ilində rayonun müəllimləri respublika səviyyəli müsabiqələrdə iştirak edərək uğurlar əldə etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"ndə Əmircan kənd ümumi orta məktəbin müəllimi, Qaratala kənd tam orta məktəbin müəllimi Elvira Rəsulova “Gələcəyimizi bu gün quraq - STEAM əsaslı təlim, Tasmalı kənd tam orta məktəbin müəllimi Ramilə Həbilova "Media savadlılığı dayanıqlı inkişafın əsas amili kimi" layihəsi ilə fərdi kateqoriya üzrə qalib olmuşdur.

Hesabat ili ərzində rayonun ümumtəhsil məktəblərində xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə ardıcıl iş aparılmışdır. Belə ki, tədris müəssisələrində olan istedadlı uşaqlar barədə məlumat bankı zənginləşdirilmiş, şəhər 2 nömrəli məktəb-liseydə təbiət fənləri üzrə lisey siniflərinin fəaliyyəti davam etdirilmişdir.

Rayonun istedadlı müəllim və şagirdlərinin respublika və beynəlxalq səviyyəli yarışlarda, müsabiqələrdə iştirakı ənənə şəklini almışdır. Ötən dərs ilində respublika müsabiqələrində iştirak edən şagirdlərimiz bir sıra uğurlar qazanmışlar.

Məktəbdənkənar müəssisələrin dərnək üzvlərinin də müsabiqə və yarışlardakı çıxışları ürəkaçandır.

Şöbə müdiri söhbət zamanı COVID-19-la əlaqədar karantin rejiminə əməl olunması, bu dövrdə təhsilin səmərə və keyfiyyətinin aşağı düşməməsi üçün həyata keçirilən tədbirlərə də xüsusi diqqət yetirdi. Rayon təhsil şöbəsi ilboyu xüsusi karantin rejiminin tələblərinə əməl edilməsini, xüsusi karantin rejimi dövründə təlim-tərbiyə prosesinin təşkilini, eləcə də təlimin keyfiyyətinin yüksəldilməsini nəzarətdə saxlamışdır. Bu məqsədlə rayonun ümumtəhsil məktəblərində monitorinqlər aparılmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün pedaqoji kollektivlərə əməli köməklik göstərilmiş, müəllimlərin vəzifə funksiyalarının yerinə yetirilməsinə diqqət artırmalarını təmin etmək, onların metodiki hazırlıqlarını yüksəltmək məqsədilə vebinarlar təşkil edilmişdir.

İl ərzində təhsil müəssisələrinin işini elmi cəhətdən əlaqələndirib onların fəaliyyətinə nəzarət edən qurum kimi rayon təhsil şöbəsi tərəfindən onlayn şura iclasları, xüsusi karantin rejimi dövründə təlim-tərbiyə prosesinin təşkili və aparılması ilə bağlı "Virtual məktəb" platforması üzərində onlayn görüşlər təşkil edilmiş, təhlil və müzakirələr aparılmış, işin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tövsiyələr verilmişdir.

Artıq 2021-ci il üçün respublikanın ali məktəblərinə tələbə qəbulu prosesi başa çatmışdır. Bu il rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 382 nəfər məzundan 308 nəfəri ali məktəblərə qəbul imtahanlarına sənəd vermiş, 208 nəfər ali məktəblərə qəbul olunmuşdur. Rayon üzrə 32 nəfər 500-700 arası, onlardan 7 nəfər 600-dən çox bal toplamışdır. Bu il məzunların topladığı orta bal 292.1-ə bərabərdir. Qəbul prosesində rayonumuzun 25 məktəbi iştirak etmişdir. Rayon üzrə qəbul olunma faizi  67,5 faizə bərabərdir. Son 5 ildə ali məktəblərə qəbul olunanların sayının ilbəil artması deməyə əsas verir ki, Qaxda təhsilin səmərə və keyfiyyətinin artırılması təmin edilmişdir. Bu, hər şeydən öncə dövlətin təhsilə diqqət və qayğısının artmasının bəhrəsi kimi dəyərləndirilməlidir.

Bu gün rayonumuzun məktəblərində öz peşəsinin vurğunu olan, peşəkarlığı ilə fərqlənən müəllimlərimiz çoxdur və onların sırası ilbəil genişlənir. Qaxda təhsilə, elmə, biliyə verilən dəyərlər bu gün də uğurla davam etdirilir və nailiyyətlərlə sabaha ərməğan edilir. Bizim ən möhtəşəm vəzifəmiz isə sabahın daha bilikli, bacarıqlı, geniş dünyagörüşlü gəncini, ziyalısını yetişdirməkdən ibarətdir. Bütün ölkəmiz, o cümlədən Qaxın yolu bu pilləyə doğrudur.

Rasim AMANOV,

“Respublika”.