Uğurlarımızın təməli
Siyasət

Uğurlarımızın təməli

“...Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər. ...Ən ümdəsi isə ondan ibarətdir ki, bu müqavilə Azərbaycan xalqının bugününə, gələcəyinə böyük mənfəətlər verəcək, onun rifah halının yüksəlməsi üçün etibarlı və möhkəm zəmin yaradacaqdır”.

Heydər ƏLİYEV,

Ümummilli lider.

1993-cü ilin təlatümlü iyun günlərində - Azərbaycanın dövlət müstəqilliyi üçün ciddi təhlükə yarandığı bir dövrdə xalqın çağırışına səs verərək xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışı ilə respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görülməyə başlandı və xalqımızın əvəzsiz sərvəti olan neft amilindən məharətlə istifadə edildi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin,  bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan ümummilli lider məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq, qısa müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.  

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edən yeni neft strategiyasının reallaşdırılmasından əldə olunan gəlirlər ölkəmizin maliyyə dayaqlarının getdikcə möhkəmlənməsinə səbəb olub.  Bu da öz növbəsində iqtisadiyyatın  şaxələndirilməsinə,  qeyri-neft sahələrinin inkişaf etdirilməsinə imkan yaradır. Neft-qaz sektoru hələ uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalacaqdır. 

İqtisadi qüdrətimiz artdıqca, Azərbaycan günü-gündən çiçəklənir, abadlaşır,  şəhərlərimiz,  qəsəbə və kəndlərimiz öz görkəmini tamamilə dəyişib yeniləşir,  infrastruktur layihələri,  regional proqramlar müvəffəqiyyətlə həyata keçirilir. Dövlət başçımız cənab İlham Əliyev əməli fəaliyyəti ilə ümummilli liderin Azərbaycan dövlətinin və müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın rifah halının daha da yüksəlməsinə xidmət edən siyasi xəttini uğurla aparır və ölkəmiz də daha işıqlı,  firavan gələcəyə doğru inamla addımlayır. Bu parlaq nailiyyətlər isə heç də əziyyətsiz qazanılmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxarmışdır. Hazırda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır. Bu da,  öz növbəsində,  ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə güclü təsir göstərir.

Beynəlxalq aləmdə “Əsrin müqaviləsi” kimi tanınan bu dünya əhəmiyyətli, irimiqyaslı saziş müasir tariximizə qızıl hərflərlə həkk olunub. Azərbaycanın neft sənayesi ötən dövr ərzində görünməmiş tərəqqi dövrü keçmişdir. Xarici şirkətlərlə imzalanmış neft-qaz müqavilələri ölkə iqtisadiyyatının bütün sahələrinin, habelə sosial infrastruktur obyektlərinin inkişafına əsaslı təkan vermişdir.

Azərbaycan bu gün dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik,  həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır.  Ölkəmizin iqtisadi,  sosial və hərbi cəhətdən inkişafının əsasında güclü və sarsılmaz siyasi iradə və təbii sərvətlərimizdən düzgün istifadə dayanır. Ümummilli lider Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə,  məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı, çoxşaxəli iqtisadi siyasəti və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam, eləcə də inkişaf etdirilməsi nəticəsində neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin,  iqtisadi tərəqqisinin,  insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. 

Neft strategiyasının ideya mənbələrindən,  başlıca konseptual prinsiplərindən danışarkən ulu öndərin Azərbaycan neft sənayesinin zəngin tarixinə,  önəmli nailiyyətlərinə,  şanlı ənənələrinə istinad etməsi ilk növbədə qeyd olunmalıdır. Ulu öndərin özünəməxsus siyasi müdrikliklə seçdiyi bu yol həm də gənc Azərbaycan dövlətinin geosiyasi mövqelərinin möhkəmlənməsinə yönəlmişdi.  Xalqımızın müasir tarixində yeni neft strategiyası kimi özünə əbədi yer qazanmış həmin konsepsiyanın məqsəd və məramı xarici sərmayədarların köməyi ilə neft-qaz sektorunun gücləndirilməsi,  yataqların birgə istismar olunması,  hasil ediləcək xam neftin dünya bazarlarına çıxarılması və əldə olunacaq böyük həcmli maliyyə vəsaitlərini iqtisadiyyatın digər sahələrinə yönəltmək yolu ilə sosial-siyasi dirçəlişə nail olunması idi.

Ulu Öndərin dərin zəkası,  müdrik siyasətinin məntiqi nəticəsi olan yeni neft strategiyası ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyması üçün təməl daşı rolunu oynadı.  Xalqımızın xoşbəxt gələcəyi,  işıqlı sabahı naminə inkişaf və tərəqqi konsepsiyasına çevrilmiş bu strateji kurs ölkə iqtisadiyyatının gücləndirilməsinə,  nüfuzlu xarici şirkətlərlə milli maraqlara söykənən səmərəli əməkdaşlığın qurulmasına,  müasir texnologiyaların,  yeni nəsil avadanlıqların neft sənayesinə tətbiqinə imkan yaratdı.  O zaman xarici investorların,  xüsusilə transmilli neft şirkətlərinin Azərbaycana gəlişi,  bura sərmayə qoyması olduqca riskli bir iş idi.  Çünki Azərbaycan “Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə - 1994-cü il mayın 12-də atəşkəsə imza atsa da,  müharibə vəziyyətində idi,  ölkədə tam siyasi sabitlik yaranmamışdı.  Azərbaycanın müstəqilliyini istəməyən bir sıra yerli və xarici qüvvələr respublikamızda xaos,  qarışıqlıq və anarxiya yaratmaq üçün bütün vasitələrdən,  hətta dünyanın bir nömrəli bəlasına çevrilmiş terrordan belə çəkinmirdilər.  Bütün bunlara baxmayaraq,  Azərbaycanda siyasi sabitliyə və əlverişli biznes mühitinə tam zəmanət alan dünyanın transmilli şirkətləri “Əsrin müqaviləsi”nə imza atmaq məqsədilə ölkəmizə gəldilər.  Bu inamın,  bu əminliyin qarantı Heydər Əliyev şəxsiyyəti,  Heydər Əliyev zəkası oldu.    

Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilən bu müqavilənin mahiyyətində,  heç şübhəsiz,  Heydər Əliyev dühasının təntənəsi dururdu.  Azərbaycanın müstəqilliyinin,  demokratik bir ölkə kimi sivil dünyaya inteqrasiya olunmasının xeyli dərəcədə neft müqavilələrinin reallaşmasından asılı olduğunu sübut edən ümummilli liderimiz bununla da respublikamızın azad və müstəqil gələcəyinin təsdiqinə təminat aldı.  Çünki iri neft şirkətlərinin ölkəmizə gəlməsi yalnız sərmayə axını deyildi.  Bu, həm də dünyanın ölkəmizə inamı idi. 

Neft strategiyası,  onun ölkəmizin inkişafında tarixi rolu haqqında danışarkən,  ulu öndərin təşəbbüsü və qətiyyəti sayəsində yaradılmış Neft Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır.  Azərbaycanın ən böyük sərvəti olan neftin xalqa təkcə indiki nəslə deyil,  həm də gələcək nəsillərə mənsubluğunu bildirən ümummilli lider tarixi qərar qəbul edərək 29 dekabr 1999-cu ildə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır.  Fondun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edirdi. Belə ki,  Neft Fondu bu gün neft sazişlərinin həyata keçirilməsi ilə əlaqədar əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsinin ən effektiv mexanizminə çevrilib. 

Ölkə Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir ki,  Neft Fondunun yaradılması neft strategiyamızın vacib elementlərindən biri olmuşdur: “Neftin satışından gəlirlər əldə etməyə başladıqdan dərhal sonra Neft Fondu təsis edilmişdir.  Fond çox müasir və şəffaf quruluşa malikdir və onun fəaliyyəti və gəlirləri haqqında məlumatlar müntəzəm olaraq dərc edilir. Bu,  çox vacib bir məsələdir,  belə ki,  uğur qazanmaq,  ölkəni inkişaf etdirmək və gəlirlərdən lazımi qaydada istifadə etmək üçün maksimum dərəcədə şəffaflığın təmin edilməsi zəruridir”.

2017-ci il sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan  sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması ölkə ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.  Prezident İlham Əliyev  çıxışında qeyd etmişdir ki,  belə bir sazişin imzalanması ölkəmizin həyatında çox əlamətdar və tarixi bir hadisədir və bununla “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanmışdır. 

Ölkəmizdə gündən-günə vüsət alan,  məramı xalqımızın rifah halının daha yüksəlməsi,  Azərbaycanın inkişaf etmiş ölkələr sırasında layiqli yerinin təmin edilməsi olan genişmiqyaslı quruculuq işləri Heydər Əliyev neft strategiyasının dünənki,  bugünkü və gələcək təntənələrinin bariz nümunəsidir.  Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti,  eləcə də qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır.  Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası,  bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.

M.MİRZƏ,

“Respublika”.