UĞURLU MALİYYƏ SİYASƏTİ DAYANIQLI VƏ ÇOXŞAXƏLİ İNKİŞAFI TƏMİN EDİR
Siyasət

UĞURLU MALİYYƏ SİYASƏTİ DAYANIQLI VƏ ÇOXŞAXƏLİ İNKİŞAFI TƏMİN EDİR

Azərbaycanda manatın məzənnəsinin sabit saxlanılmasına ən müasir və mütərəqqi aspektlərdən yanaşılır

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə yenidən ali hakimiyyətə qayıdışından sonra respublikamızın üzləşdiyi ağır siyasi-iqtisadi və sosial böhranın qarşısını almaq mümkün olmuşdur. Ulu öndərin qısa müddət ərzində başlatdığı geniş və hərtərəfli islahatlar nəticəsində maliyyə sektorunda da sabitlik əldə edilmişdir. Belə ki, 1992-1993-cü illərdə manatla yanaşı köhnə rubl pul vahidinin də tədavüldə yer alması arzuolunmaz idi, ölkəmizin maliyyə sabitliyinə mənfi təsir göstərirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı mühüm rol oynayıb. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib və Azərbaycanın rubl zonasından çıxması təmin olunub.

Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 29 il ötür. Xatırladaq ki, milli valyutamız manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Əlbəttə, müstəqil dövlətin mühüm atributlarından biri olan milli valyutanın tədavülə buraxılması əlamətdar hadisədir. Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan rəhbərliyin səriştəsizliyi ucbatından manat qısa bir müddətdə kəskin devalvasiyaya uğrayaraq, öz dəyərini dəfələrlə itirmiş oldu. Bu proses həm əhalinin onsuz da ağır olan sosial-iqtisadi vəziyyətini daha da mürəkkəbləşdirmiş, həm də yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurmuşdur. Bütün sahələrdə olduğu kimi, maliyyə sferasında da ölkəmiz dərin tənəzzüllə üzləşmişdir.

Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb.

1994-cü ildə Almaniyada “Giesecke & Devrient” şirkəti tərəfindən istehsal edilən 10 min manatlıq əsginasın üzərində “Şirvanşahlar” kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilib.

İngiltərənin “De La Rue” şirkəti tərəfindən çap edilən 50 min manat dəyərində əsginaslar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi - “Möminə Xatun türbəsi”, arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.

2001-ci ildə “De La Rue” şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginas buraxılıb. Bu əsginas Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əsginasın dizaynında ənənəvi çərçivələr və ornamentlərdən istifadə olunub.

Ümumilikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 2005-ci ilə qədər 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginas istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2005-ci il fevralın 7-də “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə olub və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib.

Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginazlar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın “OeBS” şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.

Beləliklə, 2007-ci il yanvarın 1-dən etibarən ölkə ərazisində yalnız yeni manatdan istifadə olunur.

Hazırda dövriyyədə olan yeni nəsil pul nişanları təsvir və dizayn baxımından müxtəlif mövzuları əhatə edir: 1 manat - mədəniyyət mövzusuna, 5 manat - yazı və ədəbiyyat mövzusuna, 10 manat - tarix mövzusuna, 20 manat - Qarabağ mövzusuna, 50 manat - təhsil və gələcək mövzusuna, 100 manat - iqtisadiyyat və inkişaf mövzusuna həsr edilib. Yeni nəsil qəpiklərin dizayn mövzuları da buna müvafiq olaraq hazırlanıb.

2018-ci il mayın 23-də yeni 200 manatlıq pul nişanı təqdim olunub. Pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency” tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke & Devrient” şirkətində istehsal olunub.

200 manatlıq kağız pul nişanının üzərində nəinki ölkəmizin, ümumiyyətlə dünyanın ən müasir və möhtəşəm tikililərdən biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks edilib.

Milli pul nişanlarımız estetik görünüşünə, konseptual mövzusuna, müasirliyinə görə öz aktuallığını qoruyur. Azərbaycan dövləti maliyyə və nağd pul sferasında müasir çağırışları nəzərə alaraq pul nişanlarımızın mühafizə sistemlərinin müasirləşməsini daim diqqət mərkəzində saxlayır. Müasir dövrdə beynəlxalq dövriyyədə qızıla dəyişdirilməyən kredit pulların tətbiq olunması nəticəsində milli valyuta məzənnələri milli iqtisadiyyatların inkişafının zahiri təzahürünə çevrilir, onların yeni əmək məhsuldarlığı şəraitində iqtisadi potensialını müəyyən dərəcədə əks etdirir. Milli valyuta məzənnələri özlərinin belə bir rolu ilə istehsal sferasına güclü əks təsir göstərir. Qızıl-valyuta fondu Azərbaycan Respublikası Milli Bankının rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatlarıdır. Bu fonda dövlətin qızıl ehtiyatı və xarici dönərli valyuta ehtiyatları daxildir. Ulu öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılmış Dövlət Neft Fondu dövlətin maliyyə fondu hesab olunur.

Bu fond respublika ərazisində və Xəzər dənizi sektorunda neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə yaradılmışdır. Dövlət Neft Fondu mahiyyət etibarilə büdcədənkənar fonddur, onun vəsaitləri respublikanın ümummilli problemlərinin həlli üçün istifadə olunur. Qeyd etdiyimiz bu fondlar dövlət maliyyəsi həlqəsinin tərkib hissəsini təşkil edir və Azərbaycanda həyata keçirilən maliyyə siyasətində, makroiqtisadi sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Artıq qeyd etdiyimiz kimi, ölkəmizdə valyuta sisteminin əsasını manat təşkil edir. Ancaq milli pul vahidi olan manatdan və xarici valyutalardan düzgün istifadəsinin də maliyyə sabitliyinin möhkəmləndirilməsindəki önəmini unutmaq olmaz. Valyuta münasibətləri sahəsində əsas qanunverici akt “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu hesab olunur. Bu qanun ölkədə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərinin, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini, funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq və bunlardan istifadə etmək, onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını, vəzifələrini və valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.

COVİD-19 pandemiyası səbəbindən dünyanı bürümüş dərin iqtisadi tənəzzül, bundan irəli gələn bütün neqativ hadisələr fonunda Azərbaycan iqtisadiyyatı özünün inkişaf tendensiyasını qoruyub saxlaya bildi. Ölkədə sosial vəziyyətin pisləşməməsi üçün Azərbaycan dövləti təxirəsalınmaz tədbirlər gördü. Eyni zamanda, düşünülmüş maliyyə siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycan banklarının xarici səhmdarlardan asılılığı əhəmiyyətli dərəcədə azaldıldı. Bu gün liberal bazar şəraitində olan Azərbaycan iqtisadiyyatında dünya maliyyə bazarının üzləşdiyi böhranın təsiri hiss olunmur.

Ümumiyyətlə, son illər ərzində ölkəmizin nail olduğu sürətli və dayanıqlı iqtisadi inkişaf respublikamızın beynəlxalq maliyyə sistemində ən qabaqcıl yerlərdən birini və aparıcı rolunu müəyyənləşdirir. Dünyanın maliyyə sistemində müşahidə etdiyimiz bütün problemlərə baxmayaraq, valyuta ehtiyatlarımız azalmır, artır. Adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, Azərbaycan dünyada öncül yerlərdədir. Bu da son illər ərzində əldə olunmuş uğurların mühüm bir hissəsidir.

Emin QASIMOV,

“Respublika”.