Uğurlu neft strategiyası Bakı-Tbilisi-Ceyhan
İQTİSADİYYAT

Uğurlu neft strategiyası Bakı-Tbilisi-Ceyhan

18 sentyabr 2002-ci ildə Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyulub. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər və Gürcüstan Prezidenti Eduard Şevardnadze iştirak ediblər.

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri hazırda "Azəri-Çıraq-Günəşli"dən hasil edilən nefti və "Şahdəniz"dən hasil olunan kondensatı Azərbaycandan nəql edir. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. Bundan əlavə, Türkmənistandan gələn xam neft də bu boru kəməri vasitəsilə nəql olunur. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru "BTC Ko"nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə "BOTAŞ Interneşnl Limited" şirkətləridir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmişdir. Kəmərin uzunluğu 1767 kilometrdir. Onun 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın, 1076 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmərin istismar müddətinin 40 il, orta ötürücülük qabiliyyətinin gündə 1 milyon barrel olması nəzərdə tutulub. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası yalnız Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində mümkün olub. Boru kəməri Azərbaycan neftinin Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan terminalı vasitəsilə dünya bazarlarına çatdırılmasını təmin edir.

Ötən illərin xrolonogiyasını qısaca da olsa yada salaq. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin uğurları buğünkü reallıqlarda özünün aydın ifadəsini tapıb. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası məhz bu unikal layihənin reallaşması sayəsində genişlənərək Azərbaycanın dünyanın enerji xəritəsini dəyişməsi ilə nəticələnməkdədir. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində bu gün regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Bu layihələr yalnız iştirakcı deyil, digər dünya ölkələrinin də davamlı iqtisadi inkişafının təmin olunmasına öz müsbət təsirini göstərir. Uğurlu sonluqla başa çatan hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı. Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasimində iştirak etmişdir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin çəkilməsi ilə reallaşan və ulu öndər Heydər Əliyevin bir neçə onilliklər üçün hesablanan neft strategiyasının həlli və uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyində siyasi, iqtisadi inkişafı, qlobal hadisələrə təsir imkanları artan qüdrətli dövlət kimi tanınır, qəbul olunur. Əminliklə demək olar ki, "Üç dənizin əfsanəsi" adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə ötən müddətdə artıq real təsdiqini tapıb. Qeyd edək ki, "Əsrin müqaviləsi"nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli təməli qoyuldu. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi sahəsində misilsiz xidmətlər göstərən Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanır, vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də isə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında "British Hawthorn" tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracına başlandı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə regionda enerji marşrutlarının şaxələndirilməsi ideyasını da məhz Azərbaycan reallaşdırdı. Daha sonra "Şahdəniz" qaz yatağı ilə bağlı imzalanmış saziş, həmçinin Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin çəkilməsi, ardınca Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi də bu istiqamətin davamı oldu. Enerji marşrutlarının şaxələndirilməsi, enerji təhlükəsizliyi kimi hədəflərin Azərbaycanda necə uzaqgörənliklə proqnozlaşdırıldığı müasir dünyamızın reallıqlarında öz təsdiqini tapdı.

Mustafa KAMAL,

"Respublika".