Ukrayna telekanalı 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı xüsusi reportaj yayımlayıb
SİYASƏT

Ukrayna telekanalı 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı xüsusi reportaj yayımlayıb

Ukraynanın nüfuzlu "5 kanal" telekanalı 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda jurnalist Vətən müharibəsinin ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətinə toxunub. Bildirib ki, bu müraciət Azərbaycan xalqı tərəfindən diqqətlə izlənilib.

"Kafedə, küçədə, hər yerdə Prezident İlham Əliyevin xalqa müraciətinə diqqətlə qulaq asırdılar", - deyə jurnalist reportajında vurğulayıb.

Reportajda Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər yer alıb.

Jurnalist qeyd edir ki, Azərbaycan məscidlərində 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar edilib, eyvanlardan Dövlət bayrağı asılıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə anım yürüşü keçirilib.

Reportajda Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı uğurlar faktlarla bir daha xatırlanıb.

AZƏRTAC