Ukraynalı ekspert: Ağalı “ağıllı kəndi
MÜSAHİBƏLƏR

Ukraynalı ekspert: Ağalı “ağıllı kəndi" azad edilmiş ərazilərin bərpasının ilk vizit vərəqi oldu

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonunun Ağalı kəndinə səfəri, bir tərəfdən, işğaldan azad edilmiş ərazilərin bərpasının bir mərhələsinə yekun vurub, digər tərəfdən, Azərbaycanın hakimiyyət orqanlarının dövlətin inkişaf istiqamətləri barədə prioritetlərini vurğulayıb.

"Ağıllı kənd" layihəsi çərçivəsində Ağalı kəndinin bərpası 44 günlük müharibənin gedişində azad edilmiş regionların dirçəldilməsi üçün Azərbaycanın göstərdiyi səylərin vizit vərəqlərindən biri oldu.

Politoloq, Ukrayna Milli Strateji Tədqiqatlar İnstitutunun eksperti Nikolay Zamikula bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Politoloq vurğulayıb ki, bu səfər həmin ərazilərin gələcəkdə Azərbaycanın müasir, inkişaf etmiş, iqtisadi cəhətdən rəqabətqabiliyyətli və həyat üçün əlverişli regionu olacağı barədə Bakının təsəvvürlərini özünəməxsus bir vitrin kimi nümayiş etdirir.

Nikolay Zamikula deyib: "Layihənin icra sürəti bir daha göstərdi ki, azad edilmiş ərazilərin bərpası Azərbaycan üçün prioritet milli ideyadır. Füzuli aeroportu kimi, burada da praktiki olaraq boş yerdə qısa müddətdə qabaqcıl dünya standartlarına müvafiq olan müasir obyekt inşa edilib. Əlbəttə, hələlik yalnız işin birinci mərhələsindən söhbət gedir, lakin bu mərhələnin reallaşdırılmasında qazanılmış uğurlar sonrakı mərhələlərin də yerinə yetirilçəcəyinə şübhə yeri qoymur.

Ağalı kəndinin təcrübəsi gələcəkdə digər azad olunmuş ərazilərdə də tətbiq ediləcək. Azərbaycan öz torpaqlarına qayıdıb və artıq heç nə bu faktı dəyişməyəcək. Sərhəd ərazilərinə Bakı tərəfindən yüksək diqqət göstərilməsi ona dəlalət edir ki, eskalasiya qorxusu yoxdur - dövlətin tanınmış sərhədlərini heç kəs dəyişdirə bilməz. Əksinə, Zəngilan rayonunun fəal inkişafı həm də qonşulara nümunə göstərməli, perspektivli Zəngəzur dəhlizi layihəsi üçün inkişaf etmiş çıxış nöqtəsi yaratmalıdır".

Ekspertin sözlərinə görə, Ağalı sakinlərinin ehtiyaclarına diqqət xüsusi qeyd edilməyə layiqdir. Bu yaşayış məntəqəsində əhalinin keyfiyyətli inzibati, tibbi və təhsil xidmətləri ilə təmin edilməsi üçün hər cür zəruri şərait yaradılıb. Beləliklə, dövlətin siyasəti azad edilmiş ərazilərdə yaşamağı planlaşdıran insanlar üçün maksimum rahat şərait təmin edilməsinə yönəlib.

Politoloq vurğulayıb: "Sirr deyil ki, əhalinin bu regionlara qaytarılması məsələsi Bakı üçün aktual olaraq qalır. Bu məsələnin reallaşmasında, necə deyərlər, sualtı daşlar var. Uzun müddət - təqribən 30 il işğal altında qalmaq vəziyyəti mürəkkəbləşdirir. Bəzi qaçqınlar və onların uşaqları doğma yerlərə haçansa getmək ümidini itirməsələr də, onlar təzə yerlərində həyat şəraitinə artıq uyğunlaşıblar, orada kök salıblar və daimi yaşayış yerlərini dəyişməyə heç də həmişə hazır deyillər. İşğaldan azad edilmiş ərazilərdə rahat şərait insanları, o cümlədən əvvəllər bu ərazilərlə bağlı olmayan, lakin indi karyera irəliləyişi, orada uğurlu iş və rahat həyat perspektivləri əldə edənləri oraya cəlb etməli olan əlavə stimuldur.

Modernləşdirilmiş müasir kəndlər yaradılması həm də Azərbaycanın hakimiyyət orqanlarının uzaqgörən daxili siyasətinə, onların vətəndaşlar barədə qayğısına dəlalət edir. Azərbaycan iqtisadiyyatı dövlətə izafi gəlir gətirəcək enerji resursları ixracından asılıdır. Lakin həmin mənfəətin haraya sərf edilməsi vacib məsələdir. Bu mənfəət paytaxtda qalmır, digər regionlarda lazımi həyat şəraitinin təmin olunması üçün istifadə edilir. Kənd təsərrüfatı sektoruna diqqət də onu göstərir ki, Azərbaycanın hakimiyyət orqanları iqtisadi fəaliyyətin gəlir gətirəcək müxtəlif istiqamətlərini inkişaf etdirməyin zəruri olmasını başa düşürlər".

AZƏRTAC