Ukraynalı politoloq: Azərbaycan türk dünyası dövlətlərinin qarşılıqlı fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir
MÜSAHİBƏLƏR

Ukraynalı politoloq: Azərbaycan türk dünyası dövlətlərinin qarşılıqlı fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir

Türkdilli dövlətlərin Əməkdaşlığı Şurasının (Türk Şurası) liderlərinin VIII Zirvə Görüşü mühüm nəticələr verib. Bu nəticələr arasında ən çox müzakirə edilən - qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması təşəbbüsü qurum iştirakçılarının əməkdaşlığı daha da dərinləşdirmək niyyətinə dəlalət edir. Bu istiqamətdə işlərin intensivləşməsi türk dünyasında inteqrasiya proseslərinin vəziyyətini müzakirə etməyə əsas verir.

Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun eksperti, politoloq Nikolay Zamikula bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib. Onun sözlərinə görə, Azərbaycan bütün türk dünyası dövlətlərinin qarşılıqlı fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir.

Nikolay Zamikula deyib: "Türkiyə Respublikası türk dünyasında gedən inteqrasiya proseslərinin şəksiz lideridir. Bu, bir sıra amillərlə bağlıdır. Türkiyə beynəlxalq arenada ən güclü türk dövlətidir. Lakin türk inteqrasiyası proseslərinin perspektivləri barədə danışmalı olsaq, bu mənada Azərbaycanın rolu heç də az deyil. Bu proseslərin dərinləşməsi Bakının iştirakı olmadan faktiki mümkün deyil. Azərbaycan türk dünyası dövlətlərinin qarşılıqlı fəaliyyəti üçün strateji əhəmiyyət kəsb edir".

Politoloq vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onu Türkiyə ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında əlaqələndirici elementə çevirir. Türkiyə Respublikasının potensial imkanları çox olsa da, coğrafi mənada o, türk dünyasının periferiyasında yerləşir. Əgər Bakı müvafiq səyləri dəstəkləməsə, Ankara öz təsirinin proyeksiyasını təmin edə, inteqrasiya proseslərinin flaqmanı rolu oynaya bilməz.

Geosiyasi mənada Ankara bütün türk dünyasının lideri rolunda çıxış edir. Lakin bu halda Bakı türk birliyinin bünövrəsinin əsas elementi kimi qalır. Onsuz türk xalqlarının gələcək inteqrasiyasının perspektivləri barədə danışmaq mümkün deyil.

AZƏRTAC