Ulu Öndər və Gəncənin uğurlu inkişaf illəri
Siyasət

Ulu Öndər və Gəncənin uğurlu inkişaf illəri

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk.

Heydər ƏLİYEV,

Ümummilli lider.

Ümummilli lider Heydər Əliyevin respublikanın ikinci böyük şəhəri Qədim Gəncənin taleyində, inkişafında müstəsna xidmətləri gəncəlilərin əbədi yaddaşındadır. Ulu öndər Heydər Əliyevin mənalı həyatının böyük bir hissəsi qədim Gəncə torpağı, Nizami yurdu ilə bağlı olmuşdur. Onun, respublikaya rəhbərliyə gəldiyi ilk günlərdən Gəncəyə xüsusi qayğı və diqqəti aydın duyulurdu.

1970-ci ilin aprel ayında Heydər Əliyev Gəncəyə gəldi. Şəhərin həyatı ilə ətraflı tanış oldu, müəssisələri gəzdi, ziyalılarla görüşdü. Durğunluğun səbəblərini araşdırdı. Yüksəlişin yollarını müəyyən etdi. Onun şəhər fəallarının yığıncağındakı dərinməzmunlu çıxışı indi də yaxşı yadımdadır. 

Bu unudulmaz səfərdən sonra qədim diyarın yeni həyatı, əsl yüksəlişi, tərəqqi dövrü başlandı. Hamımız çox yaxşı xatırlayırıq ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ümumən respublikada, eləcə də Gəncə şəhərində neçə-neçə xoş işlərin təməli qoyuldu. Məhz fenomen şəxsiyyətin təşəbbüsü və nəzarəti altında şəhərdə sənayenin bir çox perspektivli sahələri yaranmışdır.

Xalça kombinatının ikinci növbəsi, Qənnadı fabriki, Çini qablar zavodu, "Büllur" zavodu, Taxıl məhsulları kombinatı, Ət kombinatı, Süd zavodu, Əlvan metal emalı zavodu, 2 nömrəli şərab zavodu, Çörək zavodu, Gəncə hava limanı, "Kəpəz" mehmanxanası istifadəyə verilmiş, "Qızıl qaya" su kəməri çəkilmişdi. Eyni zamanda şəhərin elminə, təhsilinə də xüsusi diqqət yetirilmişdir. Əvvəlcə filial kimi açılmış indiki Azərbaycan Texnologiya Universiteti onun təşəbbüsü ilə müstəqil institut kimi fəaliyyətə başladı. Gəncədə elm mərkəzinin açılması isə şəhər üçün xüsusi əhəmiyyət kəsb edən bir hadisə oldu. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının inkişafına da xüsusi diqqət yetirildi, yeni tədris komplekslərinin yaradılması təmin olundu. Məhz həmin diqqətin nəticəsidir ki, 70-dən artıq təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri istifadəyə verilmişdi. 1980-ci illərin əvvəllərində milli ruhun saxlanılması naminə Gəncənin qədimliyini hifz etmək üçün keçmişdən qalmış binaların qorunmasını, abidələrin bərpası üçün məqsədyönlü işlər aparıldı.

Bu baxımdan Gəncənin mənəvi yüksəlişində Nizami Gəncəvinin yaradıcılıq irsinin daha geniş təbliği ilə bağlı tədbirlər görüldü, Nizami Gəncəvinin məqbərə-kompleksi yenidən quruldu. Yeni Gəncə yaşayış massivi salınmaqla, Gəncə və Kəpəz rayonları yaradılmaqla bir növ, qədim şəhərin tarixi adı qaytarıldı. Nizami poeziya günləri elə o vaxtdan xoş bir ənənəyə çevrildi. Üç yüz hektar sahəni əhatə edən, xatirə parkı əsl seyrangaha çevrildi. Yaxşı yadımdadır, 1980-ci il dekabr ayının 16-da ulu öndər Xatirə parkına gəldi. Yaşıllıqlara, istirahət guşələrinə baxdı və sonra ağac əkmək istədiyini bildirdi. Bir neçə ting gətirdilər. - Mənə çinar verin - dedi. - Çinar həm Azərbaycanın, həm də Gəncəmizin məğrurluq rəmzidir. Gətirdilər, o böyük həvəslə əkdi. Hazırkı ulu öndərin adını daşıyan möhtəşəm, analoqu olmayan Heydər Əliyev Park Kompleksində bu yadigar çinarlar əzəmətlə ucalaraq gəncəlilərin ziyarətgahına çevrilib. Ümumiyyətlə, ümummilli liderin tükənməz qayğısı və diqqəti sayəsində Gəncə şəhəri, gəncəlilər həmişə bu yüksəlişin ön sıralarında olublar. Ümummilli lider Moskvaya ali işə gedəndə respublika həyatının hər sahəsində olduğu kimi, Gəncədə də geriləmə, tənəzzül başlandı. Bəli, əfsuslar olsun ki, mənəvi tənəzzül və xəyanət mərhələsi kimi səciyyələndirilən 1988-1993-cü illərdə Azərbaycanın 1970-1980-ci illərdə qurulmuş iqtisadiyyatı dağılmağa, mənəvi sərvətləri məhv olmağa, torpaqları satılmağa, düşmənə verilməyə başlandı. Gəncədə və ətraf rayonlarda siyasi şərait daha gərgin idi. İnsanlarda qorxu, inamsızlıq hissləri yaranmışdı. Gəncə təlaş içində idi... Məhz bu bütövlüyün qorunması naminə, ulu öndər Heydər Əliyev 1993-cü ildə Gəncəyə gəlişi ilə vaxtilə qədim şəhərin adını özünə qaytardığı kimi, Gəncənin keçmişini, indisini və gələcəyini də bir daha xilas etdi. Gəncənin özünü özünə qaytardı, hamının inamını bərpa etdi... Bəli, gəncəlilər heç vaxt bunu unutmayacaq, yaddaşlarında əbədi saxlayacaq və gələcək nəsillərə çatdıracaq...

Onu xüsusilə qeyd edək ki, ulu öndərin hər bir tarixi səfəri ilə, çox qısa zamanda Gəncə şəhərinin həyatında böyük canlanmaya, dəyişikliyə səbəb oldu. Şəhərin ictimai-siyasi və mədəni həyatında ab-hava dəyişdi. Müdrik şəxsiyyətin verdiyi tövsiyələr və tapşırıqlar öz mənasına görə ardıcıl proqram xarakteri daşıyaraq, sosial-iqtisadi inkişafın optimal yollarının sistemli qaydada müəyyənləşdirilməsinə imkan verdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri dövründə də Gəncə məhz Heydər Əliyevin qətiyyəti sayəsində qardaş qırğınından xilas edildi. Bunu hamı bilir, elini, obasını qəlbən sevən hər kəs də qədərincə qiymətləndirir. Bütün bunlar ölkə başçısının doğma Azərbaycana, qədim Nizami yurduna olan əvəzsiz xidmətlərinin cüzi bir hissəsidir.

Heydər Əliyevin hər dəfə Gəncəyə gəlişi şəhərin həyatında unudulmaz bir hadisəyə çevrilirdi. Onun tövsiyəsi və tapşırığı ilə demək olar ki, təbii qazın, su və elektrik enerjisinin təchizatı tamamilə həllini tapmışdı. Böyük fəxarət hissilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin yolunu onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı möhtəşəm işləri bacarıqla həyata keçirir, onun arzularını hər sahədə reallığa çevirir. Heydər Əliyevin əsasını qoyduğu Gəncə Avtomobil zavodu ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu gərəkli müəssisə tam qüvvəsi ilə işləyir. Bu gün müxtəlif markalı avtomobilləri hətta başqa ölkələrə ixrac edir. Gəncədə nəhəng "Daşkəsən filiz - saflaşdırma" ASC, Gəncə Polad Kompleksi, "DETAL" alüminium zavodu və digər müəssisələr yüksək gücləri ilə fəaliyyətdədir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin arzularına uyğun olaraq şəhərdə sistemli surətdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu yerləri tanınmaz etmişdir. Neçə-neçə yerdə bağlar, xiyabanlar, bir-birindən yaraşıqlı istirahət guşələri, parklar salınıb. Yüksək zövqlü, müasir üslublu, çoxmərtəbəli binalar şəhərə xüsusi gözəllik verir.

Bəli, Gəncədə bir növ, torpaq üzərində tarix yazılır. Şəhərin mərkəzində füsunkar musiqili fəvvarələr kompleksi düzəldilib, Xatirə muzeyi açılıb, ulu öndərin əzəmətli abidəsi ucaldılıb. Ən əsası isə budur ki, qədirbilən gəncəlilər ulu öndər Heydər Əliyevi həmişə məhəbbətlə, ehtiramla yad edirlər.

Nürəddin MƏMMƏDOV,

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri,

Əməkdar müəllim, professor, "Tərəqqi" medallı.