ULU ÖNDƏRİMİZİN SƏHİYYƏ SİSTEMİNİN İNKİŞAFINDAKI MÜHÜM XİDMƏTLƏRİ
Səhiyyə

ULU ÖNDƏRİMİZİN SƏHİYYƏ SİSTEMİNİN İNKİŞAFINDAKI MÜHÜM XİDMƏTLƏRİ

1960-cı illərin sonlarından başlayaraq Azərbaycan əsl inkişaf və tərəqqi dövrünə qədəm qoydu. Həmin dövrlərdə SSRİ tərkibində olan Azərbaycana o qədər də yaxşı münasibət olmadığı açıq-aşkar görünürdü. Demək olar ki, digər respublikalardan fərqli olaraq, Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsi nadir hallarda baş verirdi. Ancaq Heydər Əliyevin respublikamıza rəhbər seçilməsindən sonra baş verən əhəmiyyətli dəyişikliklər nəticəsində bu haqsızlıqlara son qoyuldu.

Bütün sahələrdə irimiqyaslı layihələrə start verildi. Saysız-hesabsız zavod, fabrik, təhsil, mədəniyyət, səhiyyə və s. müəssisələrinin tikintisinə başlandı. Əhalinin maddi rifah halı yaxşılaşdı. Məhz həmin dövrlərdən başlayaraq əhalinin mənzil təminatının yaxşılaşması üçün yüzlərlə hündürmərtəbəli bina inşa olundu. Müasir fərdi evlərin tikintisi geniş vüsət aldı. Bütün bunlarla yanaşı, ölkəmizdə savadlı kadrların yetişməsi üçün ulu öndərin gərgin əməyini xüsusilə vurğulamaq lazımdır. Gənclərin dövlət hesabına bir sıra xarici ölkələrdə nüfuzlu ali təhsil müəssisələrində təhsil alması üçün tam münbit şərait yaradıldı. Xarici ölkələrdə oxuyaraq yüksək savada yiyələnən gənc mütəxəssislər Vətənə qayıdaraq əmək fəaliyyətinə başladı. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi zamanlarda xarici ölkələrin tibb mütəxəssislərinin diqqətini ölkəmizə cəlb etmiş, yerli həkimlərlə onlar arasında əlaqə yaratmışdır. Həmin dövrlərdə bir sıra beynəlxalq simpoziumlar, konfranslar Bakıda keçirilmişdir. Azərbaycan Tibb Universitetində hərbi tibb fakültəsinin yaranması da ulu öndərin təşəbbüsü ilə baş tutmuşdur.

Respublikada qurulan tibb ocaqları Almaniya, İsveçrə və başqa inkişaf etmiş ölkələrdən gətirilmiş tibb avadanlıqları ilə təchiz olunmuşdur.

Ümummilli liderin bütün sahələrdə göstərdiyi sonsuz diqqət və qayğıdan səhiyyə sistemi də kifayət qədər bəhrələndi. Milli səhiyyənin inkişafı əhalinin sağlam həyat tərzi keçirməsi üçün Bakı şəhəri, eləcə də respublikanın digər bölgələrində müasir standartlara cavab verən tibb müəssisələrinin tikintisi sürətlə davam etdirildi. Qabiliyyətli həkimlərin yetişdirilməsi üçün respublikada fəaliyyət göstərən Tibb Universiteti və tibb texnikumlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə lazımi tədbirlər görüldü. Bir sıra elmi-tədqiqat institutlarının yaradılması bu sahənin daha da təkmilləşdirilməsinə töhfələr verdi.

Azərbaycan səhiyyəsinin keyfiyyət baxımından inkişaf etdirilməsi üçün sözsüz ki, ulu öndər ömür-gün yoldaşı, akademik tibb sahəsində kifayət qədər yüksək savada malik olan Zərifə xanım Əliyeva ilə məsləhətləşirdi. Zərifə xanım Əliyeva o dövrlərdə tibb sahəsində mövcud olan bəzi problemləri tədqiq edir, düzgün qərarlar çıxarırdı.

Cəmiyyətin bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də durğunluqdan xilas olunması üçün düşünülmüş addımlar atılırdı. 1970-1980-ci illərdə uşaq poliklinikalarının sayı artırıldı.

Elmi-Tədqiqat Oftalmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni, bütün müasir zəruri tibbi avadanlıqlarla təchiz olunmuş binalar tikilib istifadəyə verildi. Ali təhsilli həkimlər və orta tibb işçiləri çatışmazlıqlarının aradan qaldırılması üçün Heydər Əliyevin tapşırığı ilə Tibb İnstitutunda və digər tibb məktəblərində tələbə qəbulunun sayı artırıldı. Bunlarla yanaşı, gənc həkimlərin elmi-tədqiqat işlərini davam etdirmələri üçün tam münbit şərait yaradıldı. Sonralar həmin alimlərin potensialından səmərəli istifadə olundu.

Ulu öndər deyirdi: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir". Heydər Əliyevin səhiyyə sahəsində başladığı işlər 80-ci illərin əvvəllərində onun Moskvada yüksək vəzifəyə təyin olunmasından sonra bir qədər ləngidi. Lakin Azərbaycan öz müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra xalqın israrlı xahişi ilə ümummilli liderin yenidən hakimiyyətə gəlişindən sonra ölkədə bütün sahələrdə, o cümlədən səhiyyədə sürətli inkişaf dövrünə qədəm qoyuldu. Aparılan genişmiqyaslı layihələr tibb sektorunda köklü dəyişikliklərə rəvac verdi.

Bu gün ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dinamik sosial-iqtisadi inkişaf səhiyyədə görülən işlərin sürətini əhəmiyyətli dərəcədə artırır.

Bir neçə rayonda, o cümlədən Tovuzda yeni xəstəxanalar tikilib istifadəyə verilmişdir. Eyni zamanda Tovuz Hemodializ və Diaqnostika Mərkəzi inşa olunaraq xalqın istifadəsinə verilmişdir. Bu tibb müəssisəsindən tovuzlularla yanaşı, bölgə əhalisi də bəhrələnir. Mərkəzin ümumi sahəsi 6 min kvadratmetrdir. Burada 20 hemodializ aparatı qurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr dövlət vəsaiti hesabına müalicə alır, dərman preparatları ilə təmin olunurlar.

Adıçəkilən tibb ocağı bölgə əhalisinin böyrək çatışmazlığı ilə bağlı Bakı şəhərinə və başqa yerlərə getməsinin qarşısını almışdır ki, bu da xəstəlikdən əziyyət çəkən insanların sonsuz sevincinə səbəb olmuşdur.

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan səhiyyəsi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində köklü dəyişikliklərə rəvac vermiş, əhalinin məmnunluğuna səbəb olmuşdur. Səhiyyə işçilərinin maddi rifah halının yaxşılaşması, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsi təmin olunmuşdur. Prezident İlham Əliyev ulu öndərin bu sahədə fəaliyyətini uğurla davam və inkişaf etdirir. Vacib sahələrdən olan səhiyyə sistemi daim dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunmuşdur və milli səhiyyəmizin dünya standartlarına uyğunlaşması üçün misilsiz işlər görülür. Tibbi kadrların işə qəbulunda tam şəffaf şərait yaradılmışdır.

Paşa MURADOV,

Tovuz MRX Publik Hüquqi Şəxsin direktoru.