Ulu öndərin dövlətçilik fəlsəfəsi bugünkü Zəfərimizdə yaşayır
SİYASƏT

Ulu öndərin dövlətçilik fəlsəfəsi bugünkü Zəfərimizdə yaşayır

1 oktyabr 2003-cü ildə Heydər Əliyev xalqa müraciət etmişdir

zərbaycan dövlətinin tarixində əvəzedilməz şəxsiyyət olan Heydər Əliyev  xalqının yaddaşında, təfəkküründə güclü dövlət xadimi olmaqla bərabər, həm də dəyişməz əqidəli, öz xalqına, onun adət-ənənələrinə, milli dəyərlərinə qırılmaz tellərlə bağlı olan müdrik rəhbər kimi əbədi yaşayır. Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişinin, milli özünüdərkin, xalqın tarixi yaddaşının özünə qaytarılmasının, milli, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini Heydər Əliyev hələ 70-ci illərdəki fəaliyyəti dövründə qoymuşdu. Bu illərdə Azərbaycanda sürətli inkişaf dövrü başlamış, bütün sahələrdə dahi rəhbərin səriştə və prinsipiallıqla həyata keçirdiyi sosial-iqtisadi və mədəni siyasət öz bəhrəsini verməyə başlamış, ölkə yeni bir intibah dövrünə qədəm qoymuşdu. Respublikaya rəhbərliyinin bütün dövrlərində Azərbaycanın inkişafında yeni bir tarixi mərhələnin əsasını qoyan Heydər Əliyev hər bir dövr üçün xarakterik olan ictimai-siyasi yönlü maneələri məharətlə aradan qaldıraraq tənəzzülün qarşısını almağa və ölkənin bütün sahələrində dinamik inkişaf üçün möhkəm özül yaratmağa müvəffəq olmuşdu.

1970-ci illərdən başlayaraq  Azərbaycan nəinki sürətli  inkişaf  mərhələsinə  yüksəlmiş, eyni zamanda  özünün  intibah dövrünə qədəm qoymuşdur. Respublikamıza rəhbərliyinin ilk illərində yorulmaz fəaliyyəti sayəsində Azərbaycanı ittifaq miqyasında aqrar respublikadan  qabaqcıl ölkələr səviyyəsinə yüksəldən dahi rəhbərin sayəsində ölkədə iqtisadi, ictimai-mədəni, demək olar ki, bütün sahələrdə  böyük uğurlar əldə olunmuşdur. Bu intibahın növbəti  mərhələsi isə müstəqillik,  azadlıq  mücadiləsi ilə davam edirdi. Azərbaycan xalqının 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində müstəqilliyinin bərpası  uğrunda çıxdığı    çətin,  ziddiyyətlərlə dolu  yol öz başlanğıcını  şübhəsiz ki, 1970-ci illərin  milli yüksəlişindən və bunun fonunda isə xalqın mübarizlik ruhunun formalaşmasından götürmüşdür. Və bu yol  çox böyük  uzaqgörənliklə  xalqın ulu öndəri, müdrik siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmişdir.

Ümummilli liderin xalqın təkidli tələbi ilə yenidən  hakimiyyətə qayıtdığı 15 iyun 1993-cü il müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Bu  mərhələ  Azərbaycan tarixinin Heydər Əliyev dövrünün yeni, daha şərəfli, daha əzəmətli mərhələsidir. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. Belə ki, "Əsrin müqaviləsi"nin imzalanması, dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi, ölkəyə investisiya axınının başlanması, nəhəng enerji layihələrinin icrası gələcək inkişaf üçün lazımi resursların əldə edilməsinə imkan yaratdı. Bununla da,  iqtisadiyyatında böhranın aradan qaldırılması ölkənin yeni  inkişaf dövrünü şərtləndirdi. Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutdu. Demokratiya, siyasi sabitlik və ən başlıcası tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.

Bütövlükdə respublikaya  34 il rəhbərlik edən ümummilli lider Heydər Əliyev  bütün mənalı ömrünü xalqının nicatına, onun xoş gələcəyinə həsr etdi. Bu illər ərzində varlığı qədər sevdiyi doğma Azərbaycanının iqtisadi yüksəlişinə nail olmaqla respublikanın hərtərəfli inkişafını təmin etdi. Bu mənada, tərəddüd etmədən demək olar ki, Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəlişi, ictimai-siyasi  və sosial həyatda  tərəqqisi məhz  müdrik siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır.

Gücünü  xalqından alan ulu öndər onu tarixin ən çətin sınaqlarından məharətlə çıxardı. Zamanın ən mürəkkəb dönəmində xalqının ümidi, dayağı oldu. Azərbaycan xalqının yaddaşında müstəqil dövlətimizin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, dövlətçiliyimizin inkişafını təmin edən, milli inkişafın strategiyasının müəllifi kimi tarixiləşən ümummilli lider Heydər Əliyevin xalqı qarşısında bitib-tükənməyən misilsiz xidmətləri, fədakarlıqları var. Azərbaycan xalqına əvəzsiz xidməti isə xalqımızın Zəfər tarixini yazan, özünün layiqli varisini, müdrik  lider yetişdirməsidir. Ulu öndərin dövlətçilik siyasətini tarixi Zəfərimizdə yaşadan İlham Əliyev xalqın etimadını doğruldan  liderdir. Əbəs deyil ki, 2003-cü il oktyabr ayının 15-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülən ulu öndər Heydər Əliyev səhhəti ilə bağlı namizədliyini özünün layiqli varisi İlham Əliyevin xeyrinə geri götürdü. Bununla əlaqədar ümummilli lider Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli xalqa müraciətində demişdir:  "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu gün müstəqil, regionda söz sahibi olan Azərbaycan demokratik cəmiyyət, hüquqi dövlət, insan və vətəndaş haqlarının aliliyi, siyasi plüralizm prinsiplərini rəhbər tutaraq  dünyanın inkişaf etmiş ölkələri ilə  birgə addımlayır. Beynəlxalq aləmdə layiqli yerini tutaraq gündən-günə daha da qüdrətlənir.

Bütün dünyada güclü, demokratik dövlətimizin nüfuzunu artıran, Ordumuzun müdafiə qabiliyyətini gücləndirən, müstəqilliyinin sarsılmazlığını təmin edən Prezident İlham Əliyev xalqın arzu və istəklərini reallaşdırmaqla yanaşı, eyni zamanda ata vəsiyyətini yerinə yetirən müdrik siyasətçi, uzaqgörən liderdir. 44 günlük Vətən müharibəsində müdrik, düşünülmüş siyasət yürüdən Ali Baş Komandan İlham Əliyev 30 illik işğala 44 gün ərzində son qoyaraq Azərbaycanı Qalib ölkə etdi. 2020-ci il noyabr ayının 8-də Azərbaycan Prezidenti xalqa müraciəti zamanı Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən demişdir: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!".

Bəli, bu gün gənc, müstəqil Azərbaycanın bütün sahələrdə  nail olduğu   tərəqqinin, 44 günlük Zəfərimizin təməlində  ulu öndər Heydər Əliyev ideyaları dayanır. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kurs bu gün Azərbaycanın möhtəşəm Xalq-Ordu-Prezident birliyini yaratdı.  "Dəmir yumruq" əməliyyatı nəticəsində tarixi Qələbə qazanaraq 30 ildən bəri düşmən tapdağı altında qalmış ərazilərimizə sahib çıxdıq. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması isə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".