Bu gün biz Azərbaycan tarixini vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edirik. Dahi liderin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Ötən əsrin 70-ci illərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsil və idmanın inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi.
Ulu öndər 1970-1980-ci illərdə böyük qətiyyət və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətinin tərəqqisinə, dövlətimizin bütün dünyada tanınmasına çalışırdı. Memarı olduğu Azərbaycanımızın tərəqqisi yolunda atılmış hər bir uğurlu addım, əldə edilmiş hər bir qələbə xalqımızı azad, müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə dərin nikbinlik və böyük inamla baxmağa ruhlandırır, yeni güc, qüvvət verirdi. Dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycan Respublikasının hər bir uğuru bütün həmvətənlərimizin qəlblərində böyük qürur hissi doğururdu. Bütün dünya azərbaycanlıların əcdadlarının yurdu, tarixi vətəni olan Azərbaycan soydaşlarımızın daim diqqət mərkəzindədir. Azərbaycanda başlayan milli-azadlıq mübarizəsinin ən gərgin vaxtında Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etdi. Həmin dövrdə ulu öndər tərəfindən irəli sürülmüş azərbaycançılıq ideyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" tarixi qərarı qəbul etdi. Bu qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Bu tarixi günün təsis edilməsi dahi lider Heydər Əliyevin adı ilə bağlıdır.
Beləliklə, dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsası qoyuldu.
Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər şəxsiyyət, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Ümummilli liderimizin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub-yaradanların daim xatırlanacağını göstərdi. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz nümunədir.
Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı bütün bu reallıqları, ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir, müdrik dövlət xadiminin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir. Çünki müasir Azərbaycan reallığı məhz Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. O, sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının ümummilli lideridir. Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.
Haqq, ədalət uğrunda apardığımız Vətən müharibəsi sayəsində arzularımızın, ümidlərimizin gerçəkləşdiyi müqəddəs məqama yetdik. Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkrli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.
Nuranə DAVRİNBƏYOVA,
Qaradağ Rayon Heydər Əliyev
Mərkəzinin kiçik elmi işçisi.