Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu uğurla davam etdirilir
Digər xəbərlər

Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu uğurla davam etdirilir

Bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümünü böyük coşqu ilə qeyd edir. Bu münasibətlə noyabrın 21-də Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə çıxışı zamanı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin dediyi kimi, partiyamızın yaranması tarixi hadisə idi.

Məlumdur ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa etmiş gənc Azərbaycan Respublikası çətin və mürəkkəb günlərini yaşayırdı. Ölkəmizin üzləşdiyi hərbi məğlubiyyət eyni zamanda, daxili böhranla tamamlanırdı. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə Azərbaycanın müstəqilliyini sual altına qoymuşdu. Məhz o zaman dövlət müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zərurəti yaranmışdı. Bu mənada, YAP-ın yaranması tarixi zərurət kimi qeyd olunmalıdır. Beləliklə, 1992-ci ildə xaos, anarxiya vəziyyətində olan ölkəmizə rəhbərliyə  xalqı bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin gətirilməsi əsas şərt idi. Azərbaycan xalqı bu məsələdə ulu öndər Heydər Əliyev fenomeninin üzərində dayandı. Çünki xalq nicat yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Elə həmin vaxtlar öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı ulu öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi.

Həmin vaxt ulu öndər ziyalıların müraciətini qəbul etsə də, ümummilli liderimizin Bakıya gəlişinə müəyyən qüvvələr tərəfindən maneələr törədilməsi səbəbilə partiyanın yaradılmasını istəyən insanların bir hissəsi Naxçıvana gedərək, YAP-ın təsis konfransını orada keçirməyə nail oldular. Öz çıxışında cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər biz həmin illərdə təkcə senzuranın ölkədə tətbiq edilməsini yada salsaq, aydın görərik ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də bununla izah olunurdu. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Lakin xalqın öz xilaskar oğlu Heydər Əliyevə olan sonsuz inamını heç bir qüvvə sarsıda bilmədi. Naxçıvanda keçirilən YAP-ın təsis konfransında ümummilli lider Heydər Əliyev yekdilliklə yeni yaradılan partiyanın sədri seçildi. Qısa zaman kəsiyində YAP siyasi hakimiyyətə gəldi. Bunun əsas qayəsi inam və etibar idi. Yeni Azərbaycan Partiyasının üzvləri, ulu öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bu gün də bütün lazımi səyləri göstərirlər. Bu, siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və ulu öndərə olan ümumxalq sevgisindən xəbər verir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlməsinə və cəmiyyətin aparıcı qüvvəsinə - iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Ulu öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bugünün və sabahın partiyası" səviyyəsinə yüksəltdi. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldildi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühasına idi. Xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər  şərəfli və uğurlu yol keçmişdir.

Ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün ölkəmizdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq neçə müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövlətidir və bu gün Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan özünü dünyaya qalib ölkə olaraq tanıdıb. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün ümummilli liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir və bu, uzun illər bundan sonra da davam edəcək.

Aqiyə NAXÇIVANLI,

Milli Məclisin deputatı, professor.