“ÜMUMDÜNYA QİDA GÜNÜ”NƏ HƏSR OLUNAN TƏDBİR
Sosial həyat

 “ÜMUMDÜNYA QİDA GÜNÜ”NƏ HƏSR OLUNAN TƏDBİR

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə 16 oktyabr “Ümumdünya Qida Günü”nə həsr olunmuş “Qlobal ərzaq təhlükəsizliyində aqrar təhsilin və təlimin rolunun gücləndirilməsi” mövzusunda tədbir təşkil olunub. Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, bu günün əsas məqsədi dünyada aclıqdan və qida çatışmazlığından əziyyət çəkən insanlara dəstək göstərilməsi, ərzaq itkisi və tullantısının azaldılmasına dair maarifləndirmə işinin təmin edilməsindən ibarətdir.

Aqrar Kredit və İnkişaf Agentliyinin Beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə əməkdaşlıq sektorunun müdiri Teymur Nağıbəyli AKİA tərəfindən icra olunan “Aqrar Məşğulluğun Artırılması - AMAL” və “Qadınların iqtisadi gücünün artırılması-WEP” layihələri, FAO-nun Azərbaycan Ofisinin Əməliyyatlar üzrə mütəxəssisi Elməddin Namazov FAO - Azərbaycan tərəfdaşlıq proqramı çərçivəsində icra olunan layihələr barədə, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar Departamentinin rəhbəri Pərviz Əliyev “Dayanıqlı ərzaq sistemləri”, Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru İsmail Türkan “Post-genom dövründə bitki biologiyasının inkişafı”, ADAU-nun bağçılıq kafedrasının dosenti Abbas İsmayılov “Biomüxtəlifliyin qorunmasının qida təhlükəsizliyində rolu” mövzusunda çıxışlar ediblər.

Tədbirdə həmçinin  FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, o cümlədən Ege Universitetindən dəvət olunmuş bir qrup müəllim, iş adamları və tələbələr iştirak ediblər.

Sonra tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Zabit XƏLİLOV,     

 “Respublika”.