Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
Sosial həyat

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

Şəhidlərin xatirəsinə

ehtiram

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova aprelin 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Sadır Japarov və xanımı Ayqul Japarova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.

Qırğızıstan Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

AZƏRTAC