Ümummilli liderin xatirəsi xalqımızın qəlbində əbədidir
Sosial həyat

Ümummilli liderin xatirəsi xalqımızın qəlbində əbədidir

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli şüurunun və dövlətçilik təfəkkürünün formalaşmasında müstəsna xidmətləri olan, dövlət müstəqilliyimizi saysız-hesabsız təhlükələrdən qoruyaraq, onu əbədi, dönməz və sarsılmaz edən, xalq və dövlət olaraq gələcəyimizi, strateji hədəflərimizi müəyyənləşdirən, daim qürur duyduğumuz, böyük sevgi və ehtiramla andığımız tarixi şəxsiyyətdir. Məhz bu baxımdan, anadan olmasının 100-cü ildönümünün - 2023-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan olunması ümummilli liderin xatirəsinə xalqımızın və dövlətimizin sonsuz ehtiramı kimi dəyərləndirilməlidir.

Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, iti zəkası, uzaqgörənliyi, qətiyyəti nəticəsində Azərbaycan xalqı tarixinin ən çətin sınaqlarından üzüağ çıxaraq dövlətinə sahiblənməyi, müstəqilliyini reallığa çevirməyi bacardı. Ötən əsrin 90-cı illərində cərəyan edən prosesləri, işğal, çoxqütblü xarici təzyiqləri, bitib-tükənməyən daxili çəkişmələri, dövlətimizin parçalanmalardan qorunması və dövlətçiliyimizin əsaslarının qoyulması istiqamətində göstərilən misilsiz səyləri göz önündən keçirdikcə Heydər Əliyevin nə qədər böyük dühaya, Vətən sevgisinə, tükənməz enerjiyə, polad iradəyə malik olduğunu görmək mümkündür. Zaman keçdikcə Azərbaycan dünya xəritəsində öz mövqelərini möhkəmləndirdikcə, strateji hədəflərinə yaxınlaşdıqca, bütün uğurlarımızın, qələbələrimizin əsasında Heydər Əliyevin nəhəng şəxsiyyəti daha aydın, daha qabarıq görünür.

Ümummilli lider xalqa, vətənə, torpağa bağlılığı, bütün məsələlərin həllində vətəndaşların məmnunluğunu üstün tutması və respublikamızın dinamik inkişafında müdrik rəhbərliyi ilə həmişə seçilib. Ulu öndər müstəqilliyimizin itirilməsi, respublikamızın parçalanaraq məhv olması ərəfəsində xalqımızın yekdil çağırışı ilə hakimiyyətə qayıdaraq ölkəmizi bütün fəlakətlərdən xilas etməklə yeni bir inkişaf dövrünə qovuşdurdu. Ümummilli liderin uzaqgörən siyasəti və qətiyyətli rəhbərliyi nəticəsində xalqımız tarixində ilk dəfə olaraq bütün sərvətlərinin tam sahibinə çevrildi. "Qara qızıl"ın taleyi xalqımızın tarixi arzusuna əsasən sərbəst və müstəqil şəkildə ümumi maraqlarımıza uyğun həll edildi. "Əsrin müqaviləsi" ilə başlayan neft strategiyamız respublikamızı inkişaf etdirməklə dünya birliyində rolunu və yerini möhkəmləndirdi.

Ümummilli liderin müdrik siyasətinin ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində uğurla həyata keçirilməsi ölkəmizin daha böyük sürətlə dinamik inkişaf edəcəyini təsdiqləyir.

Zaman keçdikcə ümummilli lider bizə daha da yaxınlaşır. Heydər Əliyev zamanın fövqündə dayanır. Onun əbədi yeri ürəyi Azərbaycan sevgisi ilə döyünən, azərbaycanlı olmaqla fəxr edən hər bir həmvətənimizin qəlbində, yaddaşındadır.

Azər KƏRİMLİ,

millət vəkili.