“Ümumrespublika Xəmsə Festivalı”nın regional turu
Region

 “Ümumrespublika Xəmsə Festivalı”nın regional turu

Sabirabad şəhəri, Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada “Nizami Gəncəvi ili”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”nın II regional turu keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Həsənova və Neftçala, Salyan, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Füzuli bölgələrini əhatə edən gənclər iştirak edirdilər. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoydular.

Daha sonra festival iştirakçılarını salamlayan YAP Sabirabad rayon təşkilatının sədri  Məleykə Həsənova dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi ili" elan edildiyini diqqətə çatdıraraq bildirdi ki, paytaxt və bölgələrdə bununla bağlı silsilə tədbirlər keçirilir, gənclərin Nizami yaradıcılığı barədə daha dolğun məlumat əldə etmələri üçün geniş imkanlar yaradılır.

Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu xüsusi qeyd edən M.Həsənova vurğuladı ki, ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlər görülüb. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə qeyd edilir. Prezident İlham Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyini nəzərə alaraq 2021-ci ili “Nizami Gəncəvi ili” elan etməsi də bunun bariz nümunəsidir.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirdi ki, açıq havada keçirilən intellektual festivalın məqsədi Azərbaycan gəncliyinin dünyagörüşünə, fərdi inkişafına töhfə vermək, onlar arasında mövcud əlaqələri inkişaf etdirmək və milli-mənəvi dəyərlərimizə, tariximizə bağlı vətəndaş kimi formalaşmalarına dəstək verməkdir. Qeyd etdi ki, Azərbaycanın bütün regionlarını əhatə edəcək festivalda ümumilikdə 420 gənc iştirak edəcək. Yeni Azərbaycan Partiyasına üzv və bitərəf gənclərdən formalaşdırılmış 84 komanda festival çərçivəsində 9 regional turda mübarizə aparacaq.

B.İslamov, eyni zamanda Azərbaycan gəncliyinin tariximiz, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz barədə zəngin bilik əldə etməsində  bu səpkili tədbirlərin əhəmiyyətindən danışdı.

Sonra dahi Azərbaycan şairinin bəşəriyyətə bəxş etdiyi “Xəmsə” əsasında intellektual yarışmalara start verildi.

Tofiq HÜSEYN,

“Respublika”.