ÜMUMŞƏHƏR İMƏCİLİYİ
Region

ÜMUMŞƏHƏR İMƏCİLİYİ

Şeyx Nizami yurdu ulu Gəncədə onun qədimiliyini əks etdirən və sübut edən memarlıq abidələri yetərincədir. Belə ki, 500-dən yuxarı tarixi abidə siyahıya alınmışdır ki, bunlardan 300-ə yaxını dövlət tərəfindən qorunur. VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan "İmamzadə" kompleksi isə Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir.

"İmamzadə" kompleksi Gəncənin memarlıq məktəbinin gözəl nümunəsi, ən qiymətli abidəsi, incisi, sözün əsl mənasında tarixin yadigarıdır. Hər bir divarında, daşında bənzərsiz naxışlar, yazılar olan bu sənət əsəri insanları valeh edir. "İmamzadə" əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn dindarların ziyarətgahına çevrilmişdir. Bu dini kompleks Gəncənin qədimliyini sübut etməklə yanaşı, onun İslam aləmindəki yerini və nüfuzunu da bir daha göstərir. "İmamzadə" türbəsinin XIV əsrin sonu - XV əsrin əvvəllərində, ətrafındakı məscid, sərdabə və digər türbələrin isə XVII əsrdə 5-ci imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üstündə tikilmişdir. Bu faktı məqbərənin günbəzinin daxilindəki yazılar da təsdiqləyir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi indiyədək qorunub saxlanmışdır. Sonuncu dəfə 1878-1879-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə bərpa edilmiş "İmamzadə" türbəsi sovet hakimiyyəti illərində baxımsızlıqdan dağılmışdı. Ümummilli lider Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda tarixi abidələrin, müqəddəs dini məbədlərin qorunub saxlanmasına, təmirinə və bərpasına xüsusi fikir vermişdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, dini münasibətlərin də yeni prinsiplər əsasında inkişafı üçün tarixi şərait yarandı. Dini şüurun hüquqi dövlət və vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq formalaşdırılması, dini müxtəlifliyin təmin olunması üçün sistemli və məqsədyönlü dövlət siyasətinin aparılması zərurəti ortaya çıxdı. Bu vəzifələrin yerinə yetirilməsinə 1993-cü ildə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra başlanıldı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında dövlət-din münasibətlərinin hüquqi əsasları öz əksini tapdı. Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində həyata keçirdiyi siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizi dünyada dinlərarası dialoqun və tolerant dəyərlərin mövcud olduğu məkan kimi tanıdır. Məhz onun bariz nümunəsidir ki, dövlət başçısı cənab İlham Əliyev dini abidələrin bərpası və yenidən tikilməsi üçün olduqca mühüm addımlar atmışdır. Belə ki, son illərdə Təzəpir məscidi, Əjdərbəy məscidi dövlət vəsaiti hesabına əsaslı təmir olunub, Bibiheybət məscidi yenidən tikilibdir. Azərbaycanın ən qədim məscidi olan, min ildən yuxarı tarixə malik Şamaxı məscidində yenidənqurma, bərpa işləri aparılmışdır. Bütün bu işlər din-dövlət münasibətlərinin ən bariz təcəssümüdür. Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi ilə "İmamzadə" dini kompleksində əsaslı yenidənqurma və bərpa işləri aparılmış, dini-tarixi abidəmiz gözəlliyi və öz möcüzəsi ilə hər bir insanın ziyarətgahına çevrilmişdir.

Ötən gün, Gəncə Şəhər İcra Hakimiyyətinin və Kəpəz Bələdiyyəsinin təşkilatçılığı, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə Kompleksin ətrafında yerləşən qəbiristanlıqda ümumşəhər iməciliyi keçirilib. İməcilikdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP-ın Gəncə şəhər təşkilatının könüllüləri, şəhər ictimaiyyəti və sakinlər iştirak ediblər. İməcilik zamanı kompleksin ətrafında yerləşən qəbiristanlıqda təmizlik və abadlıq işləri həyata keçirilib. Buradakı məzarların ətrafı qurumuş alaq otlarından təmizlənib, daş, qum və torpaq qalıqları yığılaraq ərazidən kənarlaşdırılıb. Gün ərzində davam edən iməcilik zamanı məzarlıq ərazisində olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, işlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası da cəlb olunub. Bununla yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansında olan Qədim Gəncə Qalasına və Comərd Qəssab türbəsinə baş çəkib. Şəhər rəhbəri vaxtilə tökülmüş inşaat tullantılarının ərazidən daşınması, yolun hamarlanması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və kompleks işlərin icra olunması ilə əlaqədar müvafiq tapşırıqlar verib. 

Z.XƏLİLOV,

"Respublika".