Unudulmayan mərd oğullar
Sosial həyat

Unudulmayan mərd oğullar

 44 günlük  İkinci Qarabağ müharibəsində  Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandı. 30 il düşmən əsarətində qalan torpağa qan töküb onu Vətən edən minlərlə qəhrəman içərisində masallılı gənclərin adları da iftixarla çəkilir.  Masallılılar şəhid övladlarını  hər zaman ehtiramla   yad edir,  xatirələrini əziz tuturlar.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə muzeydə keçirilən “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir Birinci Qarabağ və Vətən Müharibəsi qəhrəmanlarının tanıdılması məqsədindən irəli gəlirdi. Tədbirə qatılanlar adıçəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilinin böyük məsləhətçisi Nurlan Muradov, şəhid ailələri, mədəniyyət işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin üzvləri idilər.

Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan  tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva layihənin əhəmiyyətindən danışıb, eyni zamanda bizlərin hər zaman şəhid ailələrinin yanında olaraq onlara maddi, eləcə də mənəvi dəstək durmağın  vacibliyini söylədi. Muzeyin əməkdaşı Dilgüşə Məmmədova isə noyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını bildirdi.

“Ümidim sənsən” ictimai sosial birliyin nümayəndəsi Fidan Abbaslı, Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilinin Böyük məsləhətçisi Nurlan Muradov qeyd etdilər ki, şanlı qələbəni bizə nəsib edən qəhrəman oğulların xatirələrini yaşatmaq, onları unutmamaq və hər zaman təbliğ etmək bizim mənəvi borcumuzdur.

Zəfər ORUCOĞLU.