Unudulmazlar
Region

Unudulmazlar

4 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən olan Fərid Təşkilat oğlu Hacıyevin doğum günü münasibətilə Şəhidlər Xiyabanında anım tədbiri keçirildi. Tədbirdə Cəbrayıl Rayon İcra  Hakimiyyətinin məsul əməkdaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, məzunu olduğu İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edirdilər. Tədbir iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsinə ehtiramlarını bildirdilər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq  xatirələri bir  dəqiqəlik sükutla yad edildi.

Tədbirdə rayon icra  hakimiyyəti  başçısının müavini Fəridə İbayeva və başqaları çıxış edərək şəhidin doğum gününün xalqımızın, xüsusilə cəbrayıllıların həyatının unudulmaz gününə çevrilən, 27 illik yurd həsrətinə son qoyan,  4 oktyabr Cəbrayıl rayonunun işğaldan azad olunması gününə təsadüf etdiyini bildirdilər. Tarix yazan şəhidimizin keçdiyi döyüş yolundan söhbət açan natiqlər bir daha qeyd etdilər ki,  ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş oğullarımızın xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut etdi. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir.

Şəhidin anası övladının qəhrəmanlığı ilə fəxr etdiyini, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını ifadə etdi.
Sonda İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şeirlər səsləndi.

                                                        Tofiq HÜSEYN,

                                                       “Respublika”.