Unutmamaq eyni aqibəti yaşamamağın şərtidir
Digər xəbərlər

Unutmamaq eyni aqibəti yaşamamağın şərtidir

Ölkəmizin müstəqilliyini bərpa etməsi bizə xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı vermişdir. Uzun illər gizli saxlanılmış, qadağan edilmiş sirlər açılmış, haqq səsimiz dünyaya çatdırılmışdır. Nankor ermənilərin soydaşlarımıza qarşı törətdiyi vəhşiliklər ifşa olunmuş, düşmənin üzü ortaya çıxmışdır. 31 Mart soyqırımı da xain xislətli düşmənin törətdiyi vəhşiliklər arasında ən dəhşətlisidir.

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova o dövrün dəhşətini təsvir edərək bildirir ki, Azərbaycanlıların Soyqırımı Günü artıq 25 ildir ki, ardıcıl qeyd olunur. 1998-ci ildə verilən fərman "Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək" məqsədi daşıyır. Fərmanda qeyd olunduğu kimi, məhz Cümhuriyyətin varisi olaraq Azərbaycan Respublikası soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etmişdir. Azərbaycanlılara qarşı yürüdülən soyqırımı bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi Cümhuriyyət dövründə Fövqəladə Təhqiqat Komissiyasının (FTK-nın) yaradılması, 1919-cu 1920-ci ilin mart ayının 31-nin ümummilli matəm günü kimi qeyd edilməsi ilə baş vermişdir. Həmin dövrdə FTK-nın materiallarını, fotoşəkilləri Paris konfransına yola düşmüş Azərbaycan nümayəndə heyətinə göndərməklə həqiqətləri beynəlxalq ictimaiyyətə, Avropa siyasi dairələrinə çatdırmağa səy göstərilmişdi. Həmin materiallar Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bir neçə xarici dildə çap olundu. Hazırkı istintaq materialları Azərbaycan diplomatiyası üçün qədər önəmlidirsə, 1918-ci ildə təsis edilmiş FTK-nın materialları da o dərəcədə əhəmiyyətini saxlayır. Ermənistan dövlətinin davam edən təcavüzkar siyasətinin, erməni millətçilərinin qanlı əməllərinin yenicə ortaya çıxmadığını, 100 ildən çox bir tarixə malik olduğunu təsdiqləyir.

Azərbaycana qarşı törədilmiş qırğınlar XX yüzilliyin əvvəllərində ermənilərin məqsədə çatması üçün ən əlverişli üsul idi. Çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək cəhdləri tarixi, hüquqi əsasa malik olmadığından yanlız fiziki müdaxilələrlə həyata keçirilirdi. Bu müstəvidə belə mübarizəni məqbul qaydalar çərçivəsində deyil, yırtıcı potensialı səfərbər etməklə qəfil, çevik miqyaslı amansız hərəkət tərzi nümayiş etdirirdilər. XX yüzilliyin əvvəllərində dünya savaşının gedişatına ermənilər xəyali "böyük Ermənistan" yolunda minlərlə müsəlmanı qılıncdan keçirir, atəşə tuturdular. Bu faciənin bir parçası da Cənubi Azərbaycanda yaşandı. 1918-ci ilin martında Novruz çərşənbəsində "Urmi bəlası" kimi yad olunan qətliamda 10 mindən çox azərbaycanlı qırıldı. Urmiya, Səlmas, Xoy, Maku şəhərlərində, ətraf kəndlərdə dinc əhaliyə divan tutuldu. Andranikin 8 minlik yaraqlıları bu bölgənin əhalisini qırdıqdan sonra özləri ilə gətirdikləri minlərlə ermənini yerləşdirməklə ərazini Azərbaycan torpaqlarında yaratdıqları Ermənistana birləşdirmək niyyətində idilər. Cənubi Azərbaycanın qərb bölgələrində 1917-1918-ci illərdə 190 minə qədər Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilmiş, şəhər kəndlər viran qoyulmuşdur.

İrəvan xanlığı ərazisində dövlət əldə etməyə nail olan ermənilər, ilk növbədə, qonşu ərazilərdə etnik təmizləməyə - soyqırımına başladılar. Dağlıq ərazidə yerləşən Zəngəzur qəzasında əhali çıxılmaz vəziyyətdə idi. Xarici aləmdən təcrid olunmuş Zəngəzurun müsəlman əhalisinə qarşı erməni quldur dəstələri ilə yanaşı, Ararat respublikasının rəsmi nizami ordusu da divan tuturdu. Andranikin ətrafında cəmləşdirilmiş yaraqlıların vəhşiliklərinin iştirakçısı olan A.Lalayanın etirafı mənzərəni bəlli edir: "Türk qadınlarının uşaqlarının, qocaların yeniyetmələrin məhv edilməsində daşnak dəstələrimaksimum şiddət göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan "azad olunur", "eybəcərləşdirilmiş meyitlərlə dolu xarabalıqlara çevrilirdi". Azərbaycan parlamentinə, hökumətinə yönləndirilmiş 1920-ci ilin yanvar tarixli başsağlığı teleqramında Zəngəzurun aqibəti müəyyənləşdirilmişdi: "Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular qədər ağladılarsa, nalələri Zəngəzur dağları, dəryaları obaları arasından bir tərəfə çıxmadı". "Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə həm Qarabağ, həm Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Zəngəzur sarıdan başınız sağ olsunErməni xəyanəti hiyləgərliyi qurbanlarının sayı hesabagəlməzdir".

Qafqaz ərazisində müstəqil dövlətlərin yaranmasından xeyli əvvəl Cənubi Qafqaz dövlət idarələrinin dövründə ermənilərin qanlı əməlləri daha ardıcıl tərzdə İrəvan quberniyasında törədilmişdir. Zaqafqaziya seyminin müsəlman fraksiyalarının birgə iclasını (1918, 10 aprel) seym üzvü M.Seyidov bildirir ki, İrəvan quberniyasında iki ay əvvəl (1918-ci ilin fevralından) qırğınlar sistematik məzmunda başlayaraq, fasiləsiz davam etmiş, daha da kəskinləşmişdir.

30 mart - 1 aprel qətl-qarətlərində təkcə Bakıda minlərlə azərbaycanlı əhali məhv edildikdən sonra daşnak-bolşevik qüvvələri Azərbaycanın qəzaları üzrə yerli əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirdi.

Sonuncu fazası 30 ildən çox sürən erməni təcavüzünün siyasi kökləri XIX yüzillikdən başlayır. Rusiya imperiyasının Qafqaz-Şərq siyasətində istifadə etdiyi xristian-erməni əhalinin kütləvi köçürülməsi nəticəsində Cənubi Qafqazda əhali amilinə çevrilən ermənilər bir əsrdən çoxdur uydurduqları "böyük Ermənistan" davasını aparır, yerləşdirildikləri ərazilərdə əhalini amansız şəkildə məhv edib, planlarını gerçəkləşdirməyə çalışırlar. Dünyaya etdikləri təqdimat isə məzlum, əzilən xalq obrazıdır. Maddi-mənəvi saxtakarlığı peşəyə çevirmiş, hər hansı fürsətdən faydalanmağa səy edən, məqsədləri uğrunda hər amansızlığa əl atan, riyakarlığı təhlükəli həddə çatan erməni millətçiləri (bütün sosial təbəqələrini əhatə edir) açıq mübarizədə hərb yolu ilə, məkrli siyasətlərində isə beynəlxalq ictimai qınaq, hüquqi bazaya söykənən dəlillər vasitəsilə dəf edilə bilər. Necə ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımızdan təcavüzkarlar dəf edildi xalqımız parlaq qələbə qazandı!

Şübhəsiz, bir gün bütün dünya Ermənistanın yeritdiyi düşmənçilik siyasətini, ölkəmizə qarşı törətdiyi qətliamları qəbul edəcək, düşmən bütün əməllərinə görə cavab verəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".