Ürəklərdə əbədi yerin var, cənab leytenant
Region

 Ürəklərdə əbədi yerin var, cənab leytenant

30 ilə yaxın torpaq həsrətinə son qoyan, Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda canından keçərək şəhadətə yüksələn  qəhrəman oğullarımızdan biri- Süleyman Loğman oğlu Bağırovun  doğum günü  qeyd olundu.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan Şəhər Şəhidlər Xiyabanında Süleyman Bağırovun məzarını ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Ordusunun leytenantı  Süleyman Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Süleyman Bağırov oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

İlqar Abbasov şəhidin ailəsinə başsağlığı verdi və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. İcra başçısı 44 günlük Vətən müharibəsində dövlət, xalq və ordunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşərək Şanlı Qələbəmizin qazanılmasından danışdı. Vurğulandı ki,  Süleyman kimi igid, mərd oğullarımız sayəsində üçrəngli bayrağımız ölkəmizin hər yerində qürurla dalğalanır. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı şirin canlarını fəda edərək Vətən torpağını qoruyan igidlərimizin xatirəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq. Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər zaman qürur duyur və duyacağıq. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir, onların problemlərinin vaxtında həllinə nail olunur, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Süleyman kimi mərd oğullarımızın canları bahasına düşmən tapdağından azad edilən torpaqlarımızın bundan sonra da göz bəbəyi kimi qorunacağını diqqətə çatdırdı. Bildirdi ki, 44 günlük müharibədə bütün  dünya xalqımızın vətən sevgisini, ordumuzun böyük gücünü gördü. Belə igid oğulların qanı  qarışmış torpağın bizim üçün müqəddəs olduğunu və torpaq uğruna həlak olanların xalqın yaddaşında daim yaşayacağını söylədi.

Şəhid Süleyman Bağırova həsr olunmuş tədbir Şirvan Gənclər Evində davam etdirildi.


                                  Tofiq HÜSEYN,

                                 “Respublika”.