Ürəklərdə heykəlləşən Xəyal
Region

Ürəklərdə heykəlləşən Xəyal

Yaşadığı evin bir otağında yaradılmış çoxlu sənədlər, məktublar, şəkillər, xatirə əşyalarının toplandığı guşənin qabağındayıq. Cəmi 22 illik bir ömrün müxtəlif anları əksini tapıb bu guşədə. Sənədlər bu igidin keçdiyi şərəfli döyüş yolundan danışır. Çox qısa, lakin mənalı bir ömrün səhifələrini biz də bir-bir vərəqləyirik.

Vətən müharibəsi şəhidi Xəyal Əliyulla oğlu Həsənov 30 noyabr 1998-ci ildə Şabran rayonunun Surra kəndində doğulub. Orta təhsilini əvvəlcə Surra kənd orta məktəbində, daha sonra Məmmədağa Nəzərov adına Şabran şəhər 4 nömrəli orta məktəbində alıb. O, təhsilini Azərbaycan Mühəndislik və İnşaat Universitetinin İnşaat Kollecində davam etdirib. Kolleci bitirdikdən sonra Ağcabədi rayonunun “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Yeni xidmətin çətinliyini  yaxşı başa düşən gənc əsgər könüllü olaraq  Xüsusi Təyinatlı qoşunların sırasına qoşulur. Aylarla qarlı-şaxtalı günlərdə dərələrdə, meşələrdə təlim keçir. Xüsusi bacarıqlara yiyələnir. Bu qoşun növünün əsgəri olmaqla fəxr edir. Boylu-buxunlu, zirək Xəyal burada öz fərdi qabiliyyəti ilə seçilir. Əsgər yoldaşları ilə birlikdə özünü  hər an döyüşlərə hazırlayır.

Nəhayət, Vətən müharibəsi başlayır. Elə birinci gündən o,  Murovdağ istiqamətində gedən döyüşlərə qatılır. Sentyabrın 27-28-də Xəyalın da tərkibində olduğu bölmə qarşısına qoyulan tapşırığın öhdəsindən bacarıqla gələrək Murovdağ aşırımı və Kəlbəcərin adsız yüksəkliklərini işğaldan azad edir. Komandanlığın əmri ilə  həmin əraziləri arxadan gələn bölmələrimizə təhvil verirlər. Geri çəkilərək hücum istiqamətini dəyişirlər. Daha sonra xüsusi təyinatlılar  Beyləqan rayonunda cəmləşirlər. Oktyabr ayının birində Xəyal öz  bölməsi ilə ordumuzun 2016-cı il Aprel döyüşləri zamanı yağı düşməndən təmizlədiyi Lələtəpə istiqamətində döyüşə atılır. Cəsur döyüşçülər mənfur ermənilərin illər boyu qurduğu və heç bir ordunun yara bilməyəcəyini iddia etdiyi Ohanyan səddini bir neçə saat ərzində darmadağın edirlər. Daha sonra Füzuli-Cəbrayıl istiqamətində irəliləyərək hücum əməliyyatlarını genişləndirirlər. Burada uğurlu əməliyyatlar apararaq arxadan gələn piyada qüvvələrimiz üçün yol açırlar. Artıq döyüşlər Cəbrayıl rayonu istiqamətində gedir. Xəyal və onun döyüş yoldaşları bilirlər ki, düşmən Cəbrayılı öz xoşuna tərk etməyəcək. Xüsusi təyinatlılar düşməni oradan çıxarmaq, Cəbrayılı azad etmək üçün şiddətli hücuma keçirlər. Qorxmaz, igid, mübariz xüsusi təyinatlı döyüşçülərin qabağında tab gətirməyən düşmən qaçmağa məcbur olur və Cəbrayıl azad olunur. Təəssüf ki,  bu  döyüş Xəyalın son döyüşü olur. O, canından çox sevdiyi Vətəni uğrunda qəhrəmanlıqla həlak olur. Ölümündən sonra igid döyüşçü Xəyal Həsənov ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunur.

Sənədlərin arasında Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının Xəyalın atasına ünvanladığı təşəkkür məktubu da diqqətimizi çəkdi. Məktubda deyilir: “Xüsusi təyinatlı qüvvələr ailəsinin ən dəyərli və bizim üçün qorxmazlıq, mərdlik simvolu olan mənsublarından biri də övladınız, bizim silah dostumuz, şəhid qardaşımız Xəyaldır. Xəyal vətəni, milləti və bayrağı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmışdır. Xəyalın və onun kimi bu yolda şəhid olmuş qəhrəman silahdaşlarımızın əziz xatirələrinin daim hörmətlə anılması, sıralarımıza yeni gələn döyüşçülərə onların təbliğ edilməsi bizim qardaşlıq borcumuzdur. Qəhrəman silah dostumuz Xəyalın əziz xatirəsinə dərin sayğımızı bildirir, vətənimiz Azərbaycanın etibarlı müdafiəçisi olmuş Xəyal kimi oğul tərbiyə edib böyütdüyünüzə görə biz xüsusi təyinatlılar Sizə təşəkkür edir, qarşınızda baş əyirik” .

Xəyal böyüyüb başa çatdığı doğma elində də tərbiyəli, ağıllı, ürəyiaçıq bir gənc kimi xatırlanır. Qonum-qonşuları, dostları, müəllimləri, yaxınları onun haqqında olduqca xoş sözlər söyləyirlər. Deyirlər ki, Xəyal gələcək nəsillərimizə həmişəlik nümunədir. O, saf əqidəli, dərin düşüncəli, vətənpərvər bir gənc idi. Zəhmətkeş bir ailədə böyümüşdü. Məktəbdə onun xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Anım günlərində “Xəyal dərsləri” təşkil olunur. Bütün şagirdlərə onun döyüş yolundan danışılır. Sinif otaqlarından biri onun adınadır. Məktəbdə ona həsr olunmuş ayrıca guşə var. Onunla bütün kənd fəxr edir.

Qısa bir həyat yolu keçdi şəhid balamız. Amma ürəklərdə özünə həmişəlik heykəl qoydu. Özü yaşamasa da, vətəni yaşadı, xalqı yaşadı. Həmyerliləri şəhid övladını bir an belə unutmur. Onun xatirəsi əbədiləşdirilib. Şabran şəhərinin küçələrindən biri onun adını daşıyır. Onun şərəfinə valideynlərin təşəbbüsü ilə bulaq-abidə kompleksi  yaradılıb. Kənd sakinləri, rayon ictimaiyyəti tərəfindən onun kənddəki məzarı tez-tez ziyarət olunur.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.