Ürəklərdə yaşayan qəhrəman ömrü
Sosial həyat

Ürəklərdə yaşayan qəhrəman ömrü

Cəlil Ağaddin oğlu Cavadov da bu işıqlı dünyaya  min-min diləklə, istəklə gəlmişdi. Beşiyinin başında yuva salmış  bəxtəvərlik, qayğısızlıq  13 yaşında onu həyatda ən ağır sınaq qarşısında qoyur. Hər  iki valideynini  itirir Cəlil. İnamlı sabahlara  boylanan ümidi yaxınları, bir də  anadan olduğu Lerik rayonunun Xəlifəküçə  kəndinin xeyirxah insanları olur. Saf, gözəl əməllərdən öyrənib  özünü dərk edən Cəlil  Vətəninə, xalqına  daha da ürəkdən bağlanır. 2003-cü ildə kənd  məktəbində səkkizinci sinfi bitirib  Cəmşid Naxçıvanski adına liseyə gedir. Elə Vətən sevgisi  burada da  Cəlili  dərindən öyrənməyə sövq  edir. Nizam-intizamı da  hamıya nümunə göstərilir.

Liseyi müvəffəqiyyətlə  başa vuran Cəlilin doğma Azərbaycanın  sadiq, etibarlı keşikçisi olmaq eşqi  onu  Heydər Əliyev adına  Ali Hərbi Məktəbə aparır.  O, dərslərini həvəslə oxuyur,  yüksək döyüş  və siyası hazırlığa malik  bir kursant kimi tanınır. Seçdiyi motoatıcı  ixtisasına mükəmməl yiyələnir. Ali hərbi məktəbi bitirib 2010-2011-ci illərdə  Azərbaycan Silahlı Qüvvələrin Təlim -Tədris  Mərkəzində İxtisasartırma  kursunu da uğurla keçir. Və ən əsası Cəlilin  Vətən məhəbbəti,  düşmənə amansız nifrəti  onu cəbhə xəttində xidmətə səsləyir.  Baş leytenant rütbəsində canından əziz tutduğu  Vətənin  xidmətində durur. Daim öyrənmək, əsgərlərinə qayğı göstərmək  isə  əsas iş prinsipinə  dönür.

Bacarığını, vətənpərvərliyini, qabiliyyətini  görüb Cəlilə həmişə məsuliyyətli işlər tapşırırlar. Bu,   qəhrəman üçün Vətən, torpaq naminə  özünü oda, alova vurmaq sanki xoşbəxtliyin özü olur.  Vaxtından əvvəl layiq olduğu kapitan rütbəsini qazananda ürəkdən sevinir. Aldığı  İkinci və Üçüncü  dərəcəli “Qüsursuz  xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin  95 illiyi”,  eləcə də “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları  onu daha nümunəvi xidmətə sövq edir.

Bəli, hər an Vətən, millət üçün  canından keçməyə hazır olan Cəlil Cavadovun İkinci Qarabağ müharibəsində döyüş yolu  tabor komandirinin müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl  və Hadrut  istiqamətindən başlayır. Cəsur komandir öndə olmaqla düşmənə amansız,  sarsıdıcı zərbələr endirir. Az itki ilə  yağını Füzulidə   darmadağın etməklə  şanlı zəfərimizin əsasını qoyanlardan olur.  O, daha sonra Qubadlının, Cəbrayılın  bir çox yaşayış məntəqələrində ölüm-dirim  müharibəsində qalib çıxır. İgid kapitan erməniləri döyüş  mövqelərindən pərən-pərən   salmaqla bərabər,  dəfələrlə təhlükəli vəziyyətə düşən yaralı hərbçiləri müharibə meydanından çıxardır.

 Oktyabrın 27-də   kapitan Cavadov 14 nəfərlik qrupla  Xocavənd rayonu, Cütçü kənd ərazisindəki  strateji   yüksəkliyi işğaldan azad  etmək uğrunda hücuma keçirlər. Savaşın ən qızğın vaxtı qrupun hərbçisi ağır yaralanır.  Cəlil döyüşə- döyüşə ona ilk tibbi yardım göstərir, yaralını döyüş meydanından çıxarır. Yenidən  döyüşə başlayanda  isə  mühasirəyə düşür.  Onun Vətən sevgisi, cəsurluğu,  çevikliyi   son nəfəsdə də özünü göstərir. Əlindəki silah-sursatla  xeyli erməni faşistini gəbərdir.  Ürəyinə dəyən güllə igid kapitanı susdursa da, Vətən torpağı azad olunur və yazdığı tarixlə o, xalqının qəlbində  əbədi parlaq  günəşə dönür. Dövlət də öz qəhrəman oğlunun  sədaqətini  “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin  azad olunmasına görə” medalları ilə  uca tutur.

 Zəfər  ORUCOĞLU,

 Azərbaycan  Jurnalistlər  Birliyinin  üzvü.