Ürəyi vətən həsrəti ilə döyünən həmyerlimiz
MÜSAHİBƏLƏR

Ürəyi vətən həsrəti ilə döyünən həmyerlimiz

Sarvan, Bolnisi, Amasiya, Baş Keçidin kəndləri, Lori dərəsi, Ayrım-Pənbək elləri... Çox ziyalılar, vətənpərvər övladlar yetirib Ulu Borçalı elləri. Hüseynəli İsmayılov da bu torpağın oğludur. O, 1961-ci ildə Borçalı mahalının, Dmanisi rayonunun Qızıl Kilsə kəndində zəhmətkeş ailəsində dünyaya göz açıb.

ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya, Cənubi Koreya, Türkiyə, İran, İraq kimi dünyanın 86-dan çox ölkəsində hər zaman Azərbaycanın adını uca tutan, əməyi, əməli ilə azərbaycançılığa xidmət edən travmatoloq-ortoped Hüseynəli İsmayılov 1980-1986-cı illərdə ali tibb təhsilini Bakıda almış, ümumi cərrahlıq üzrə internaturanı bitirmişdir. Rusiyanın Kurqan vilayətində məşhur travmatoloq və ortoped İlizarovun rəhbərlik etdiyi bərpa klinikasında fəaliyyətə başlayan həmyerlimiz indi dünyada möcüzələr yaradan, məşhur travmatoloq - ortoped, tibb elmləri doktoru, professordur.

Azərbaycanın şərəfini uca tutan, xalqına xeyirxah bir övlad kimi hər zaman xidmət edən, yanına gələn xəstələrə əlindən gələn köməyi əsirgəməyən vətənpərvər alimlə ilk dəfə 20 il bundan əvvəl İranın Tehran şəhərindəki “Milad” klinik xəstəxanasında görüşmüşdük.

2001-ci ildə oğlum İlkin Vəliyevin əməliyyatı ilə bağlı ilk görüşümüzdə professor Hüseynəli İsmayılovun ziyalı, vətənpərvər, öz peşəsini sevən, xəstələrə qayğı göstərən, xoş, ürəkaçan zarafatları ilə onları ovunduran bir insan olduğunu gördüm. O, yorulmadan çalışır, xəstələrinə inamlı, mehriban danışığı ilə ümid verir, onların sağalması üçün əzmlə çalışır, hər birinə doğma münasibət bəsləyirdi. Sağalmaq ümidlərini itirmiş, dəfələrlə uğursuz əməliyyat olunmuş, heç bir həkim tərəfindən qəbul olunmayan xəstələrin ona üz tutmasını görəndə ayağında anadangəlmə problemi olan oğlumu məhz Hüseynəli İsmayılovun yanına gətirməyimdə həqiqətən düzgün seçim etdiyimə bir daha əmin oldum. 8-9 saatlıq ağır əməliyyatdan sonra oğlumun ayağında olan problemin tamamilə aradan qaldırılması Hüseynəli İsmayılova bir həkim, həm də vətənpərvər el oğlu kimi hörmətimi, izzətimi daha da artırdı.

İnkişaf etmiş ölkələrdə uğurlu əməliyyatlar aparan , ayaqları amputasiya olunmalı, protezlərdən asılı qalacaq xəstələri normal həyata qaytaran, ayaq üstə qaldıran professor, tanınmış cərrah H.İsmayılovun sayəsində bu gün oğlum İlkin Vəliyev Almaniyada DAİMLER-Mersedes Benz şirkətlərində çalışır, sağlam, gümrah şəkildə həyatına davam edərək gələcək planlarını qurur.

Bu günə qədər İlkin kimi 10 mindən çox xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparan, dünyanın bir çox ölkəsində Azərbaycanı təmsil edən, onun adını uca tutan, ürəyi hər zaman vətən həsrəti ilə döyünən həmyerlimiz Hüseynəli İsmayılova sağlamlığına qovuşdurduğu, şəfa verdiyi bütün xəstələri adından minnətdarlığımı bildirir, xalqının, millətinin, ölkəsinin adına hər zaman ucalıq gətirən şərəfli peşəsində uğurlar arzulayıram.

Hümbət VƏLİYEV,

Geologiya - mineralogiya elmləri doktoru.