Ürəyi Vətən sevgisi ilə dolu cəsurlar
Region

Ürəyi Vətən sevgisi ilə dolu cəsurlar

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və rayon icra hakimiyyətinin məsul əməkdaşları, Milli Məclisin deputatı İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər icra hakimiyyəti aparatının əməkdaşları  şəhid ailələri ilə birlikdə 18 yaşında şəhadətə yüksələn Xaqani Füzuli oğlu Məmmədovun xatirəsini  andılar. Şəhidin  ruhuna dualar oxundu, ailəsinə səbir diləndi.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov belə vətənpərvər, qəhrəman  övladlarımız olduğu üçün qürur duyduğunu qeyd edib, bu igidləri böyüdən şəhid valideynlərinə   minnətdarlığını bildirdi. İcra Başçısı torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda şəhid olan və xalqımızın başına gətirilən müsibətlərin qisasını alan, yaşı kiçik, ürəyi Böyük Vətən sevgisi ilə dolu olan igidlərimizin qəhrəmanlığının bütün gənclərimizə nümunə olduğunu söylədi. Xaqaninin Suqovuşan və Ağdam uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyi onda vətən sevgisinin necə böyük olduğunu sübuta yetirdi.   

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov  Şirvan şəhərində doğulub boya-başa çatan Xaqaninin ata-baba yurdunun Zəngilan rayonu olduğunu bildirdi. Onun   bütün Azərbaycanın  şəhidi olduğunu  qeyd etdi. Görmədiyi dədə-baba yurdlarını düşmən tapdağından azad edən igidlərimizə Allahdan rəhmət dilədi. Bildirdi ki, yaşlarının az, yetəri qədər həyat təcrübəsi olmayanlar 44 gündə bu xalqa  Böyük Qələbəni yaşadaraq əsl vətən sevgisinin nümunəsini göstərdilər. Bu xalqın belə mərd, igid, vətənpərvər oğulları  ilə hər zaman fəxr etmiş və edəcəyik.  Şəhid Xaqani Məmmədovun  valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.        

                          .
                                                   Tofiq HÜSEYN,

                                               “Respublika”.