Urmiya gölü: ekoloji terrorun qurbanı olmuş qədim su hövzəsi
Ekologiya

Urmiya gölü: ekoloji terrorun qurbanı olmuş qədim su hövzəsi

Urmiya gölü Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhədə yaxın ərazidə  yerləşən qapalı, duzlu göldür. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yerdədir. Hədsiz duzlu olması səbəbindən qışın ən sərt vaxtlarında belə gölün suyu donmur. Hətta, mütəxəssislərin məlumatına görə, gölün suyunun duzluluğu okean sularının duzluluğundan iki dəfə artıqdır. Vaxtilə gölün suyu və palçığı müalicəvi xarakter daşıyıb. Əsasən palçığı əsəb, traxoma,  müxtəlif dəri və qadın xəstəliklərinin müalicəsində mühüm əhəmiyyət kəsb edib. Bənzərsiz, əsrarəngiz gözəlliyi ilə seçilən göl həm də köçəri quşların əsas düşərgə mərkəzi olub. Quşların köç mövsümündə buraların başqa bir gözəlliyi varmış. Müxtəlif quş növlərinin, flaminqo, qutan,  leyləklərin məskəni olarmış. Çox təəssüf ki, bütün bunlar haqqında keçmiş zamanda danışırıq,  çünki baş verən ekoloji fəlakətlə bağlı artıq köçəri quşların yolu buradan düşmür. Laqeydliyin, bilərəkdən və yaxud da məqsədli şəkildə unudulan Urmiya artıq  tarixə çevrilmək ərəfəsindədir.

Göl haqqında ilk məlumatlar b.e.ə. IX əsrdə Assuriya mənbələrində qeyd edilir. Urmiya gölü ətrafında antik dövrdə yaranan ilk dövlət Manna olmuşdur. Gölün cənubunda yerləşən Həsənli qəsəbəsi burada mövcud olmuş zəngin Manna mədəniyyəti haqqında fikir söyləməyə imkan verir.  Urmiya gölü axarsız olduğuna görə, suyu kəskin şordur. Yaz aylarında suyun duzluluğu 80-150, payızda isə 260-280 faiz olur. Tərkibi xlor, natrium və sulfatlarla zəngin olan suyun səviyyəsinin kəskin azalması səbəbindən maksimal dərinlik hazırda 3 metr civarındadır. Urmiya gölündə irili-xırdalı yüzdən artıq ada olub. Şahı, Qoyundağı,  Əşkdağı, Arzu nisbətən böyük adalarıdır. Bu adaların fərqliliyi, unikallığı isə ərazilərində  yaşayışın olmasıdır. Gölün ən böyük adası Şahıdır. Adada Saray, Gəmiçi,  Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. 1979-cu ilin məlumatına əsasən adada 1170 ailə yaşayıb. Adanın əhalisi əsasən, əkinçilik, maldarlıq,  gülçülük,  bağçılıq,  xalçaçılıq və s. işlərlə məşğul olublar. Ərazidən yeganə Keçiçay çayı axır. Əvvəllər burada 54 bulaq olub. Şahı adasında Çingiz xanın nəvəsi Hülakü xanın və onun oğlu Abaqa xanın qəbirləri yerləşir. Son illər Urmiya gölünün quruması səbəbindən ada yarımadaya çevrilib. Osman Yumruğu adlanan ada isə gölün ən kiçik ikinci adasıdır. Qəhrəmanlıq salnaməsi ilə tarixə düşmüş Kazım Daşı adası xalq qəhrəmanı Kazım xan Quşçunun şərəfinə adlandırılmışdır. Göyərçinqala qəsrinin qalıqları isə hələ də adada qalmaqdadır. Ümumilikdə, Urmiya gölündə 102 ada olub.

Urmiya gölünün sahil hissəsi Təbriz, Urmiya, Xoy,  Marağa,  Qoşaçay,  Soyuqbulaq və digər bölgələrin ərazilərinə düşür. Adıçəkilən bölgə Cənubi Azərbaycan torpaqlarının beşdə birini, yəni 20 faizini təşkil edir.  Üstəlik bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılır. Urmiya gölü mineral ehtiyatlarla zəngindir. Göl gözəl təbiəti və palçığının müalicəvi əhəmiyyəti ilə bir çox turistlərin bölgəyə diqqətini artırır. Göl və onun ətrafında 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan,  26 növ balıq yaşayır. Bu canlıların varlığı və çeşidi Urmiya gölünün UNESCO tərəfindən "Biosfer qoruğu" elan edilməsinə və Ramsar konvensiyasına salınmasına səbəb olmuşdur. Həmçinin, Urmiya gölü İran Ekologiya Departamenti tərəfindən qoruq elan edilmişdir.  Hazırda göl taleyinin ən çətin, təhlükəli dönəmini yaşayır. Deyilənə görə, iqlim dəyişikliyinin yaratdığı quraqlıq göldə suyun səviyyəsinin azalmasına və tamamilə quruması təhlükəsinin yaranmasına səbəb olmuşdur.  Əslində isə, Urmiya gölünün qurumasında və yaxud da qurudulmasında maraqlı məqamlar var. Anlaşılan odur ki, tarixi Urmiya gölünün qurudulması məqsədli şəkildə həyata keçirilən insan əməlinin nəticəsidir. Sual oluna bilər nədən? Niyə təbii ehtiyatlarla zəngin olan gölü qurutmaq istəsinlər? Yəni Urmiya gölü qurusa, bundan İran dövləti nə qazanacaq?

Göl ətrafında yerləşən Soda zavodu bölgə sakinləri üçün mühüm təhlükə mənbəyidir. Müəssisə tullantı məhsulları ilə ətraf mühiti zəhərləyərək gölü çirkləndirir. Əgər göl tamamilə quruyarsa onun yerində 10 milyard ton duz qalacaq ki, bu da bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaqdır. Hətta, baş verə biləcək duz və qum fırtınaları təqribən 500 kilometr məsafədə yaşayan 70-75 milyon əhalinin fəlakətlə üzləşməsinə səbəb ola bilər. Məsələ ondadır ki, qurumaqda olan Urmiya gölündə suyun səviyyəsi azaldıqca tonlarla duzlaqlar üzə çıxır. Əgər bu davam edərsə, heyvanlarla yanaşı, bitki örtüyü də ziyan çəkəcək. Sözsüz ki, ən böyük təhlükə isə ətraf ərazidə yaşayan insanlar üçün yaranacaq.  Belə ki, ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyətində qalacaq.

2008-ci ildən başlayaraq Urmiya gölünün suyunun azalması daha ciddi şəkil almışdır. Ziyalılar, milli fəallar və mütəxəssislər məsələ ilə bağlı həyəcan təbili çalsalar da, hələ ki, problemin qarşısının alınması üçün heç bir tədbir görülmür. Əksinə, gölə axan çaylar üzərində saysız-hesabsız bəndlərin tikilməsi gölün məhv olmasını daha da sürətləndirir. Deməli, Urmiya gölünün məhv olub tarixə qovuşmasında İran dövləti çox maraqlıdır. Dövlətin bu məsələyə biganə davranması və Urmiya gölünün məqsədli şəkildə qurudulmasına qarşı xalqın etirazı hələ 2010-cu ildə geniş şəkildə özünü büruzə vermişdir. Güney Azərbaycanın bir çox şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilsə də, aksiyalar İran hökumətinin güc strukturları tərəfindən dağıdılmış, xeyli fəal həbs edilmişdir. Lakin İran hökuməti anlamır ki, Urmiya gölünün quruması gölətrafı ərazilərlə bərabər, həm İran dövləti, həm də Azərbaycan üçün faciə olacaq.

Göl öz adını yaxınlığında yerləşən qədim Urmiya şəhərinin adından götürmüşdür. Əsrləri,  minillikləri özündə yaşadan Urmiya gölü azərbaycanlıların ən qədim yaşayış məskənlərindən biridir. Türk dilində gölün adı "Suda yaşayış yeri" anlamını verir. Son zamanlar İranda ətraf mühit ilə bağlı məsələlər etnik azlıqların yaşadığı bölgələrin daimi probleminə çevrilmişdir. Bu isə dövlətin çevrə irqçiliyinə dəlalət edir. Çünki çevrə irqçiliyi İranda çox müşahidə olunan hallardandır. Belə ki, əsasən zərərli tullantıları olan müəssisələrin etnik azlıqların yaşadığı yerlərdə olması çevrə irqçiliyi siyasətinin göstəricisidir. İran dövlətinin 40 milyona yaxın azərbaycanlını etnik azlıq adlandırmaq və onlara qarşı ədalətsiz mövqe tutmaq isə bu dövlətin məkrli siyasətinin isbatıdır. Əvvəla,  azərbaycanlılar istər Təbriz, Ərdəbil və digər ərazilərdə, istərsə də Urmiya gölü ətrafında olsun, onlar öz ata-baba yurdlarında, doğma torpaqlarında,  qədim türklərə məxsus ərazilərdə yaşayırlar.

Dünyanın üçüncü ən böyük şor gölü hesab edilən Urmiya gölünün artıq 90 faizi quruyub. Bu hadisə yerli əhalinin kütləvi etiraz aksiyalarına səbəb olsa da, dövlət tərəfindən hələ də heç bir tədbir görülməyib. Əslində, məsələ heç də yeni deyil. Gölün quruması və qurudulması artıq 30 ildir davam edir. Dövlət fəlakətin qarşısını almaq əvəzinə, fəlakətlə bağlı bu ilin yayında etiraz aksiyasına qoşulan  kütlənin bir qismini - 85 nəfəri həbs edib. Ümumiyyətlə,  İran hakimiyyəti Güney Azərbaycana qarşı münasibətdə ayrı-seçkiliyə yol verir. Eyni zamanda, azərbaycanlıların yaşadığı ərazilərin ekologiyasına və təbiətinin qorunmasına da biganə münasibət bəsləyir.

Əlbəttə ki,  bu, laqeydliyin nəticəsidir ki, bu gün Urmiya gölü böyük təhlükə qarşısındadır. Hətta, yerli əhali, ictimai fəallar və mütəxəssislər illər öncə məsələ ilə bağlı BMT-yə belə müraciət etsələr də, nə BMT, nə də İran Ekologiya Departamenti tərəfindən hər hansı bir ölçü götürülməyib. Artıq quruyan gölün yerində böyük şoran sahələr yaranıb. Zəngin təbiət, əkinçilik və maldarlıq üçün olduqca əlverişli olan ərazidə minlərlə hektar torpaq sahəsi şoranlaşaraq yararsız hala düşüb. Əhali isə mövcud vəziyyətin ağırlığına görə ərazidən köçür. Əgər bu proses davam edərsə, Güney Azərbaycan tarixinin zəngin bir hissəsi olan Urmiya gölü və Urmiya ərazisi xəritədən silinərək tarixə qovuşacaq. Bu isə İran hakimiyyətinin azərbaycanlılara, onların mənsub olduqları ata-baba torpaqlarına qarşı ekoloji terrorudur.  Bu terror təkcə gölün zəngin təbiətinə, bitki, heyvanat aləminə deyil, həm də ərazidə yaşayan milyonlarla azərbaycanlının sağlamlığına, həyatına və yaşayış yerinin itirilməsinə hesablanmışdır. Eyni zamanda, bu insanlar öz tarixi torpaqlarını itirərək İran dövlətinin yaratdığı süni mühacirət qurbanına çevriləcəklər. Doğma yurdda yurd itkisi yaşayacaqlar. Öz dilimizdə təhsil almağa qadağa qoyulduğu kimi, yurd yerlərimizdə yaşamağa da qadağalar, sıxışdırılmalar yaradılır.

Ramidə YAQUBQIZI,

"Respublika".