USAİD-in nümayəndəsi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb
Sosial həyat

USAİD-in nümayəndəsi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan missiyasının heyət üzvü, amerikalı mütəxəssis Qreqori Mayerslə videoformatda görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğal və deportasiya siyasəti, eyni zamanda, keçmiş münaqişənin ilk illərində məcburi köçkünlərin məskunlaşdırılması, maddi təminatı ilə bağlı yaranan problemlər, dövlətin bu sahədə gördüyü işlər barədə Qreqori Mayersə ətraflı məlumat verib. Qeyd edilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq kimi problemlərinin həllinə Birinci vitse-prezident Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Diqqətə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış yerlərini, maddi-mədəni abidələri, qəbiristanlıqları dağıdıb, ekologiyaya ciddi ziyan vurub. Amerikalı mütəxəssisə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən ətraflı şəkildə bəhs edib. Məcburi köçkünlərin həmin ərazilərdə dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib. Eyni zamanda, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu, buna görə də beynəlxalq ictimaiyyətin onlara təzyiq göstərilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Qreqori Mayers bildirib ki, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yenidən məskunlaşdırılması və bu ərazilərin iqtisadiyyatının bərpa edilməsi sülh, əmin-amanlıq və Azərbaycanın ərazi bütövlüyünün gücləndirilməsi üçün vacibdir.

Dövlət Komitəsi sədrinin müavini məcburi köçkünlərin məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qayıdış və digər məsələlərlə bağlı qonağın suallarını cavablandırıb.

Onlayn formatda keçirilən görüşdə, USAİD-in Avropa və Avrasiya Bürosunun siyasi məsələlər üzrə məsləhətçisi Mayk Henninq, layihə menecmenti üzrə mütəxəssis Samir Həmidov, "Özəl sektorun inkişafı" layihəsinin rəhbəri Devid Blad, Keyfiyyət, standartlar və sertifikatlaşma üzrə mütəxəssis Fuad Ağayev, biznes mühitinin inkişafı üzrə menecer Elsevər Quliyev, USAİD-ın "Özəl sektorun inkişafı" layihəsinin əməkdaşı, tərcüməçi Aqşin Əhmədov iştirak ediblər.

AZƏRTAC