Uşaq hüquqları aylığı başladı
Siyasət

Uşaq hüquqları aylığı başladı

Azərbaycan Respuiblikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva uşaq hüquqları aylığının elan olunması ilə bağlı müraciət qəbul edib. Müraciətdə deyilir ki, uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan  uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir.

Ölkəmiz 20 noyabr 1989-cu ildə qəbul olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmaqla öz üzərinə bir sıra öhdəliklər götürmüş, milli qanunvericilik təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır. 

Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi, hüquqlarının müdafiəsi, təşviqi, pozulmasının qarşısının alınması və bərpası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Bu il, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı” elan edilir.

Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır.

Hər il aylıq çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirləri keçirir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər görülür.

Son iki il ərzində ölkəmizdə uşaqlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş COVID-19 pandemiyası ilə bağlı yaranmış çətinliklərlə yanaşı, İkinci Qarabağ müharibəsinin fəsadları ilə də üzləşmişlər.

Məlumdur ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğalda olan əzəli Azərbaycan torpaqlarını azad etmiş, 44 günlük Vətən müharibəsində zəfər çalmışdır.

Bu müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşaq həlak olmuş, 50-si yaralanmış, bir çox uşaq isə valideynlərini itirmişdir. Habelə, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı atılan intensiv atəşlər uşaqların psixoloji sarsıntı keçirməsinə də səbəb olmuşdur.

Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər!

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə hərbi hücumları nəticəsində uşaq tələfatları ilə bağlı xüsusi hesabat hazırlanaraq beynəlxalq qurumlara göndərilmişdir. Bununla yanaşı, həmin müharibə cinayətləri nəticəsində qurbana çevrilmiş uşaqların pozulmuş hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müvafiq bəyanat və müraciətlər göndərilmiş, dünya ictimaiyyətini bu ədalətsizliyə hüquqi müstəvidə düzgün qiymət verməklə bağlı çağırışlar edilmişdir.

Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilmiş və dövlət başçısının 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda uşaqların hüquqlarının səmərəli təmin olunması məqsədilə müvafiq dövlət qurumlarına tədbirlərin görülməsi tapşırılmışdır.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də uşaq hüquqlarının müdafiəsi sahəsində göstərilən mühüm hədəflər uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.

Uşaqların hüquq və maraqlarının daha etibarlı təmin olunması üçün bu sahədə fəaliyyət göstərən bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərərək uşaqların müdafiəsi və sosial rifahı üçün çalışmalıdır.

Beləliklə, uşaq hüquqlarının təmini, təbliği və müdafiəsi ilə məşğul olan hər bir qurumu “Uşaq hüquqları aylığı”na qoşulmağa dəvət edir və xüsusi karantin qaydalarına əməl etməklə, uşaqlarla bağlı təşkil olunacaq bütün tədbirlərdə onların birbaşa iştirakını təmin etməyə çağırırıq.

Gəlin, bütün uşaqların parlaq gələcəyi naminə səylərimizi birləşdirək!

Zümrüd ABDULLAYEVA,

“Respublika”.