Səhiyyə

"Uşaq serebral iflici, yeni və unudulmuş aspektlər" mövzusunda konfrans

Uşaqlarda serebral iflicin vaxtında aşkarlanması və müalicəsi ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzində “Uşaq serebral iflici, yeni və unudulmuş aspektlər” mövzusunda konfrans keçirilib.

6 iyun Bakı Baş Səhiyyə Mərkəzindən bildirilir ki, Konfransda Mərkəzin tabeli uşaq poliklinikalarının pediatr, nevropatoloq, fizioterapevt, loqoped və digər mütəxəssislər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova konfransın keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, serebral iflicin erkən aşkarlanması, uşağın zamanında reabilitasiyası və cəmiyyətə inteqrasiyası vacib məsələdir.

Mərkəzin Pediatrik xidmətlərin təşkili şöbəsinin mütəxəssisi Rahilə Əsgərova ölkədə uşaq serebral iflicinə müdaxilə və reabilitasiyası barədə geniş məlumat verib.

UNICEF-in uşağın erkən inkişafı üzrə eksperti, Kliniki Tibbi Mərkəzin Uşaq Bərpa Mərkəzinin nevroloqu Təranə Seyid-Məmmədova uşaq serebral iflici üzrə dünya statistikası, yeni təsnifatlar, erkən aşkarlanma alqoritmi, həmçinin serebral iflic zamanı yanaşı gedən vəziyyətlərə yanaşmanın yeni aspektləri barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, serebral iflicin erkən aşkarlanması üçün üçpilləli alqoritmdən istifadə etməyin zəruriliyi vurğulanıb.

Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyinin rəhbəri, “Tandem və Addım Mərkəz” lərinin təsisçisi, pediatr  Nuranə  Abdullayeva uşaq serebral iflici olan uşaqların reabilitasiyasının əsasları barədə konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, bir sıra hallar var ki, onlar serebral iflic diaqnozu altında gizlənə bilir. Reabilitasiyanın əsas istiqamətlərindən biri isə müvafiq həkim-mütəxəssislər tərəfindən aparılan tibbi nəzarət tədbirləridir.

“Respublika”.