Uşaqlar bizim gələcəyimizdir
Sosial həyat

Uşaqlar bizim gələcəyimizdir

20 noyabr Ümumdünya Uşaq Hüquqları günüdür. 1954-cü ildə BMT Baş Məclisi tərəfindən dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən bu günün bütün dünya ölkələrində qeyd olunması qərara alınmışdır. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini,  1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul etmişdir.

Uşaq hüquqları Konvensiyası- dünyanın hər bir yerində yaşayan uşaqlarına konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir. Belə ki, konvensiyada uşaqların  inkişaf, müdafiə, iştirak, yaşamaq və s. hüquqları göstərilir.

İnkişaf hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və s. hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə onları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə, Konvensiyada uşaqların  azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, hüquqları da təmin edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə uşaqlara diqqət və qayğının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır.  Sərəncama əsasən 2009-cu il Azərbaycanda “Uşaq ili" elan olunmuşdur.

1924-cü ildə ilk dəfə olaraq Uuşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilmişdir. Bu bəyannamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyannamənin qəbul edilməsində ilk işlər Eqlantine Gebb tərəfindən həyata keçirilmişdir. Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olan Eqlantine Gebb müharibənin törətdiyi dəhşətlərdən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyacı olduqlarını anladı. O, bacısı Doroti Balstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım, göstərmiş, onların müdafiəsini təmin etmək üçün Londonda “Uşaqlara Yardım Fondu" nun əsasını qoymuşdur.

Hər bir uşağın müdafiə olunmaq hüququ var. Uşaqların ağır həyat şəraitində yaşamaları və çətinliklərlə üzləşmələri onların problemlərin düzgün təhlil edilməməsi ilə əlaqədardır. Belə vəziyyət yarandıqda isə problemlər daha da dərinləşir. Bu baxımdan, uşaq hüquqlarının qorunmasında ilk olaraq  məsuliyyət ailənin üzərinə düşür. Bu, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51-ci maddəsində də öz əksini tapmışdır. Azərbayan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcudur. Bu vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən  nəzarət edilir. Ələbəttə ki,  möhkəm təməllər üzərində qurulmuş hər bir ailədə böyüyən uşaq güvənli, tamhüquqlu bir vətəndaş kimi yetişir.

XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qalmışdırlar. Dünyada baş verən münaqişə və müharibələr uşaqların həyatına öz mənfi təsirini göstərir. Bundan da ən çox uşaqlar əziyyət çəkmişdir. Biz də öz tariximizdə müharibənin  acı nəticələrini gördük. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində hələ Birinci Qarabağ müharibəsi zamanı 300 mindən çox uşaq öz doğma yurdlarından didərgin düşdülər. Müharibə uşaqların psixologiyasına ciddi zərbə vurmaqla bərabər, həm də onların təhsil almaq hüquq və imkanlarını da əllərindən aldı. Bunlar azmış kimi erməni vandalları uşaqları qətlə yetirməkdən də çəkinmədilər. Hətta, ermənilərin uşaqlara qarşı terror əməlləri atəşkəs dövründə də davam etdi. 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olmuş, 20-si isə yaralanmışdır. Bu uşaqların ən balacası isə bir yaş səkkiz aylıq Zəhradır.  

İkinci Qarabağ müharibəsi zamanı isə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın bir çox  yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olmuş,  50-si isə yaralanmışdır. 4 uşaq hər iki valideynini, bir çoxu isə valideynlərindən birini itirmişdir. Xocalıda faciəsi zamanı  ermənilər 63 uşağı amansızlıqla qətlə yetirmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.  Bu terror nəticəsində 76 uşaq əlil olmuşdur. Dünyanın gözü qarşısında baş verən Xocalı faciəsi, uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi və buna beynəlxalq təşkilatların susması uşaq hüquqlarının pozulmasıdır. Bu isə dünyada heç bir qanuna, ədalətə sığmayan cinayətdir. Tarixdə ermənilər həm də uşaq qatili kimi qalacaq.

Ümumiyyətlə,  hər bir uşağa şəxsiyyət kimi yanaşmaq lazımdır, çünki onlar sabahın güclü, sağlam gəncliyidir. Hər bir ölkədə böyüyən uşaq güvənli gənclik kimi formalaşıb, öz dövlətinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirak edir.  Azərbaycan dövləti hər zaman uşaqlara qarşı həssas və qayğı ilə yanaşır.  Ölkəmizdə hər bir uşağın təhsil almaq və təhsildən yararlanmaq hüququ var. Hətta, ən çətin dönəmlərdə də uşaq hüquqlarının müdafiəsi dövlətimiz üçün prioritet olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da güclənmişdir. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı isə bu sahədə işlərin daha da təkmilləşməsinə kömək edir. Dövlətimizin uşaq hüquqlarının müdafiəsi uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişməsi naminə mühüm işlər görülür. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər uşaqların həyatında əhəmiyyətli rol oynayır. Tikilib, istifadəyə verilən çox saylı tibb ocaqları, təhsil ocaqları, idman-sağlamlıq müəssisələrinin əksəriyyəti gələcəyimizə olan uşaqlara xidmət edir. Eyni zamanda valideyn himayəsindən məhrum olan, xəstəliklərdən əziyyət çəkən uşaqların cəmiyyətdə layiqli vətəndaş kimi yetişmələrinə,  sosial problemlərinin həllinə göstərilən dəstək Heydər Əliyev Fondunun fəaliyyətinin  aparıcı xəttini təşkil edir.

Dövlətin ən qiymətli sərvətlərindən biri olan uşaqları sağlam, cəmiyyət üçün, ölkənin gələcəyi üçün yararlı yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Ailələrdə tərbiyə alan hər bir uşaq öz milli köklərinə bağlı, böyüklərə hörmət hissi ilə böyüməlidir. Gələcək mirasımız olan uşaqların xoşbəxt böyüyüb, yaşaması üçün hər birimiz çalışmalıyıq. Ulu öndər Heydər Əliyev uşaqlar haqqında deyirdi: “Uşaqlar bizim gələcəyimizdir,  gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaq".  

                                 Ramidə YAQUBQIZI,

                                      “Respublika”.