Digər xəbərlər

"Utusan Malaysia" qəzeti: Şuşanın yeni siması göz oxşayır

Malayziyanın aparıcı nəşrlərindən olan "Utusan Malaysia" qəzeti tanınmış jurnalist Taqib Şakerin işğaldan azad edilmiş Şuşa şəhəri, burada aparılan böyük bərpa və quruculuq işləri barədə növbəti məqaləsini yayıb.

AZƏRTAC xəbər verir ki. "Şuşanın yeni siması" sərlövhəli məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi, il boyunca burada keçiriləcək beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilir.

Müəllif bildirir ki, bu il 270-ci ildönümü qeyd olunan Şuşa şəhəri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan olunması bu tarixi şəhərin bərpasına və inkişaf etdirilməsinə xüsusi stimul verib.

Malayziyalı jurnalist bu ilin fevralında Azərbaycana səfər etdiyini xatırladaraq, həmin səfər çərçivəsində Şuşa şəhəri ilə tanış olmaq fürsəti əldə etdiyini, Ermənistan ordusunun bu yaşayış məskənində törətdiyi cinayətləri, o cümlədən dağıdılmış mədəni-tarixi abidələri öz gözləri ilə gördüyünü qeyd edib.

Müəllif yazır: "Digər tərəfdən isə mən hazırda şəhərin yenidən qurulması işlərinin necə sürətlə aparıldığını gördüm. Nəhəng əmək qüvvəsi və ağır texnika burada demək olar ki, fasiləsiz işləyir. Bu da öz növbəsində Azərbaycan hökumətinin 30 il ayrı qaldığı Şuşanın bərpa olunmasına nə qədər ciddi əhəmiyyət verdiyini təsdiq edir".

T.Şaker Azərbaycan Mədəniyyət Nazirliyinin mənbələrinə istinadla Şuşanın tarixi mədəniyyət abidələrinin, muzeylərinin və kitabxanalarının yenidən qurulması ilə bağlı həyata keçirilən layihələrdən də bəhs edir, "Xarıbülbül", "Vaqif Poeziya Günləri", "Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı" kimi ənənəvi tədbirlərin bərpa edilməsi barədə məlumat verir. Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190-cı ildönümü ilə əlaqədar keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər haqqında yazır.

Bununla yanaşı, müəllif məqalədə Şuşanın Azərbaycanın siyasi, ictimai və mədəni tarixindəki əhəmiyyətinə geniş yer verir. Bu qədim şəhərin Azərbaycanın milli-mədəni inkişafına verdiyi əvəzsiz töhfələri sadalayır. Eyni zamanda, T.Şaker Şuşada aparılan bərpa və inkişaf layihələrinə xarici investorların cəlb edilməsi üçün Azərbaycan hökumətinin ardıcıl iş apardığını da vurğulayır.

AZƏRTAC